BolgeXeber.Com » Gündəm » 3-cü qrup əlil Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorundan ölkə rəhbərliyinə müraciət etdi

3-cü qrup əlil Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorundan ölkə rəhbərliyinə müraciət etdi

29-08-2017, 12:14
Oxunub: 4 391 3-cü qrup əlil Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorundan ölkə rəhbərliyinə müraciət etdi“Müxtəlif bəhanələr gətirərək məni sosial müavinətdən məhrum edirlər!”

Bolgexeber.com”un elektron poçtuna Şəki şəhər Baş Göynük kənd sakini, 3-cü qrup əlil Fazil Vəliyev tərəfindən şikayət məktubu ünvanlanıb.
Şikayətçi bildirir ki, 2016-cı ilin oktyabr-noyabr aylarında 198 AZN sosial müavinət aldıqdan sonra Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən heç bir əsaslı səbəb göstərilmədən onun müavinəti dayandırılıb.
Bundan sonra Fazil Vəliyev ərizə ilə Mərkəzə müraciət edərək, ünvanlı sosial yardımının nəyə görə dayandırıldığının səbəbini soruşub.
Mərkəzdən verilən cavabda bildirilib ki, “Azərişıq” ASC-də onun abonent kodu aşkarlanmayıb. Ona görə də ünvanlı sosial yardım ala bilməz.

“Bu, absurddur. Evim elektriklə təchiz olunduğu halda abonent kodum niyə aşkarlanmasın?”

Abonent kodunun aşkarlanmaması bir yana, digər bu kimi hallarda müvafiq komissiya təşkil olunur və həmin komissiyanın keçidiyi tədbirlər nəticəsində evə baxış keçirilir, komissiya son vəziyyətlə tanış olur və məsələ həllini tapır.
Şikayətçinin sözlərinə görə, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüqar müəllim şəxsi mənafeyini düşündüyünə görə, bu cür yollara əl ataraq, onun müavinət almasına əngəl törədir.

“3 azyaşlı uşağım var. Həyat yoldaşım işləmir. Mən özüm də nökərçilik edərək uşaqlarıma çörək aparıram.”

Ünvanlanan şikayət ərizəsinin ardından Fazil Vəliyev iki dəfə Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə çağırılıb və ondan sənədləri yenidən yığmaq tələb olunub. Halbuki şikayətçi 2016-cı il ərzində təqdim etdiyi sənədlərlə bir müddət sosial müavinət alıb. VEMAST sistemində onun bütün sənədləri təsdiq olunub.
Fazil Vəliyev iddia edir ki, Vüqar müəllim hər kəs kimi ondan da sosial müavinəti davamlı ala bilməsi üçün 400 manat pul tələb edir. Ancaq təbii ki onun maddi durumu bu məbləği ödəməyə imkan vermir.

“İndi bizim günahımız nədir ki, dövlətin ayırdığı bir parça çörəyi bizə vermək üçün harın məmurlar pul tələb edir?”

Qeyd edək ki, Fazil Vəliyev şikayət ərizəsini həmçinin prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova göndərib.

Məsələyə münasibət öyrənmək üçün Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq, ancaq cəhdlərimiz boşa çıxdı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İbrahim
Bolgexeber.com