BolgeXeber.Com » Sosial » Ət almaq hər oğulun işi olmayacaq... - Yeni bahalaşma DALĞASI

Ət almaq hər oğulun işi olmayacaq... - Yeni bahalaşma DALĞASI

4-09-2017, 16:26
Oxunub: 3 587 Ət almaq hər oğulun işi olmayacaq... - Yeni bahalaşma DALĞASIİstehsalçı tərəfindən yetişdirilən mal-qaranın kəsilərək ət şəklində satışından əldə edilən gəlirə görə vergi ödəniləcək

Bunu Vergi Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.

Amma istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Maraqlıdır, yeni vergi ödəməsinin mexanizmi necə işlənib hazırlanacaq? Bundan əlavə ölkə üzrə kəsilən mal-qaranın sayı necə müəyyənləşəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu, normal bir yanaşma deyil:

“Fiziki şəxslərə gəlir vergisi necə tətbiq edilirdisə, kənd təsərrüfatı ilə məşğul olan insanlara da ona bənzər sistem tətbiq eləmək lazımdır ki, korrupsiya əməllərinə və sövdələşməyə yol açmasın. Həm də qiymətləri bahalaşdırmasın. Əgər bu vergi növü tətbiq ediləcəksə, onsuz da son vaxtlar bahalaşan qiymətlərdə daha da artımlar olacaq. Əhalini buna öyrətmədən birdən-birə belə bir vergi tətbiq olunması ictimaiyyət arasında çaşqınlıq yaradacaq. Ödəmə mexanizmini, ümumiyyətlə bunun hansı formada işləyəcəyini bilməyən vətəndaşlar ya bilərəkdən, ya da bilməyərəkdən bu vergi növünü ödəyə bilməyəcək. Bu Vergilər Nazirliyinə əlavə imkan yaradacaq ki, vətəndaşlara yoxlamalar keçirib müəyyən vasitələrlə onları cərimələsinlər. Prinsipcə yaxşı və doğru yanaşma deyil. Cərimələrlə, hər hansı bir formada nəzarəti gücləndirməklə, yaxud da cəzaları sərtləşdirməklə bu tipdə məsələləri həll etmək mümkün olmayacaq. Stimulaşdırıcı yol həm vətəndaş, həm də dövlət üçün bir ortaq məxrəc tapılmasıdır. İmkan qədər qazancından az vergi versin və vergidən yayınmanın qarşısı alınsın.

Bu vətəndaş üçün də sərfəli olsun ki, vergi mexanizmlərini işə salmağa çətinlik çəkməsin. Yəni hər hansı bir arayış almasın, hardasa qeydiyyatda dayanmasın və ya harasa vergi ödəməsin. Gediş-gəliş və zaman itkisi insanları çaşdırır və belə məsələlərdən çəkindirir. Ona görə də Azərbaycanda fiziki şəxslərin gəlir vergisi necə tətbiq olunursa, onun mexanizmlərinə uyğun bir vergi sisteminə start verilə bilər. Çox cüzi vergilərin ödənilməsi tətbiq olunsun və insanlar ən azı bir neçə il bu vergi sisteminə öyrəşsinlər. Birdən-birə ancaq cəza metodları, yeni vergi növlərini tətbiq etmək dünya praktikasında da qəbul olunmur. Bir çox ölkələr yeni verginin tətbiqinə bəzən aylarla, illərlə hazırlaşırlar. Azərbaycanda isə bir gecədə vergi növündə 200-dən çox dəyişiklik olursa, o zaman bunun vətəndaş, iş adamı üçün də bir xaotik durum yaradır”.

Ölkədə kəsilən mal-qaranın miqdarının necə müəyyənləşməsi mexanizminə gəlincə, ekspert deyib ki, bunu müəyyənləşdirmək çətindir:

“Vergilər Nazirliyinin fiziki olaraq heç o qədər işçisi də yoxdur ki, ölkə ərazisini əhatə etsin və hər yerdə kəsimlərin həyata keçirilməsinə nəzarət etsin. Yəni bu fiziki olaraq da mümkün deyil. Elə bir mexanizm olmalıdır ki, vətəndaş özü bu vergini ödəməyə maraqlı olsun. Bunun sonuna da əlavə bir stimul gətirsin. Çox yaxşı vergi ödəyicisi olan kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslərə sonradan ucuz mal-qara vermək olar və aşağı faiz vergi tətbiq oluna bilər. Vətəndaş maraqlı olmalıdır, yoxsa ki, cəzadan qorxub hansısa addım atmasın. Amma Azərbaycanın hökümət və dövlət orqanları çox zaman obrazlı desək, tək qamçıdan istifadə edirlər. Amma dünyada həm qamçı, həm də kökə siyasətindən istifadə edirlər. Arada bir vətəndaşa, iş adamlarına kökə də göstərmək lazımdır. Hər zaman qamçı tətbiq eləmək doğru yol deyil”.