BolgeXeber.Com » Müsahibə-Reportaj » “İmkanlı yaşlı xanımlar var ki, cavan kişi müğənniləri himayə edirlər”

“İmkanlı yaşlı xanımlar var ki, cavan kişi müğənniləri himayə edirlər”

5-09-2017, 11:48
Oxunub: 6 459 “İmkanlı yaşlı xanımlar var ki, cavan kişi müğənniləri himayə edirlər”"Vallah, o vaxt bir-iki dəfə dəxlisiz adamlardan evlilik təklifi aldım"

Müğənni, meyxanaçı Samirə Yusifqızı Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.


- Samirə xanım, necəsiniz?


- Son zamanlar bir az yaxşı deyiləm. Övladım xəstələnib. İki həftədir ki, xəstəxanadayam. Demək olar ki, özümə bir dəqiqə vaxt ayıra bilmirəm.


- Xəstəliyi nədir?


- Oğlum hovuza tullananda qəflətən yıxılıb və başı daşın qırağına dəyib. Çox ciddi kəllə-beyin travması ilə əməliyyat edilib.


- Allah şəfa versin.


- Təşəkkür edirəm.


- Meyxana sənətinə başlayanda həyat yoldaşınız bunu necə qarşıladı?


- Mən meyxana deyəndə həyat yoldaşım sağ idi. O, orqan işçisi idi. Meyxana elə əvvəlcədən həyatımda var idi. Sadəcə, mən deməyə çəkinirdim. Çünki özünüz bilirsiniz ki, o vaxtkı ab-hava necə idi. Ona görə bir az bu sənətdən qaçırdım.


- Sizə meyxanaçı deyiləndə xoşunuz gəlmir. Səbəbi nədir?


- Çünki mən ali savadlı müğənniyəm. Əlbəttə ki, xoşuma gəlməz. Əziyyət çəkib Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəliyi bitirmişəm, vokal dərsləri almışam. 40 ildir ki, müğənniyəm. Bu müddət ərzində sənətlə məşğul olan, efirlərdə klipləri gedən, Faiq Şücəddinovun mahnılarını ifa edən birinə birdən-birə meyxanaçı deyilməsi yaxşı deyil. Düzdür, mən meyxanaçıyam, qəbul edirəm. Bu janrda ilk qaranquşam. Bunu da hamı bacarmır. Bir tərəfdən xoşuma gəlsə də, beş tərəfdən xoşuma gəlmir.


- Samirə xanım dediniz Asəf Zeynallı adına Kolleci bitirmisiniz. Bəs niyə özünüzü meyxana sənətinin içinə saldınız? Buna nə vadar etdi sizi? Daha sanballı bir şeylərlə də tanına bilərdiniz.


- Mən onsuz da tanınmışdım. 2009-cu ildə ilk “Toylar kraliçası” mən olmuşam və efirdə kifayət qədər sənət göstərmişəm. Mən oxuduğum unudulmuş mahnıları sonradan hamı oxumağa başlayıb. Zeynəb Xanlarova, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, İslam Rzayevdən elə mahnılar ifa etmişdim ki, hətta münsiflər heyəti təəccüblənirdi. Mənə Azərbaycanda gəzən ensiklopediya, canlı arxiv deyirlər. Kim nə mahnı axtarırsa, mənə zəng edir.


- Onda sizi efirdə meyxana deyişmələrinə qatılmağa nə vadar etdi? Bilirsiniz ki, deyişmələrdə bir az jarqon ifadələr, vulqar sözlər işlənir. Biz istəsək də, istəməsək də bu, meyxana janrının qanunudur.


- Gəlin belə baxaq. Bu gün Azərbaycanda irəlidə olan musiqilərin 90 faizi meyxana üzərində qurulub. Aygün Səmədzadə, Elçin İmanov kimi üç-dörd bəstəkarın mahnısı əsl mahnı sayıla bilər. Amma o birilər üçü birində “nescafe” kimidir - həm yazır, həm bəstələyir, həm də oxuyurlar. Hamısı eyni formada olan mahnılardır. Özbək, Hindistan, türk, ərəb ritmləri mövcuddur. Yəni hamısı meyxana deyir. Kim mahnı oxuyur ki?!


- Bir qadının efirdə meyxana deyişmələrində iştirak etməsi təəccüb doğurdu. Sonradan peşman oldunuzmu?


- Bir qadının karatedə hamını məğlub etməyi və sonradan Azərbaycana şan-şöhrət gətirməyinə necə baxmaq olar?! Əlbəttə ki, yaxşı. Bax, meyxana da elədir.
Bilirsinizmi nəyə peşman oldum? Mənə müğənni kimi yox, meyxanaçı kimi baxırlar. Yəni mənim müğənnilik sənətim arxa planda qaldı. Meyxanaya keçəndən sonra çox şey tapdım, amma çox şey də itirdim. Açıq danışaq, bizim qazancımız toylardandır. Nə dövlət qeydiyyatındayıq, nə maaş verilir bizə, nə də təqaüd. Qazancımız eldəndir, camaatdandır. Bu camaat da artıq məni meyxanaçı kimi qəbul etdi. Heç kəs də müğənni kimi toya dəvət etmir. Meyxanaçı kimi də toylar çox az olur. Yəni mənim maddi durumum meyxanadan sonra aşağı düşdü. Əvvəllər bu gəlir üç dəfə çox idi. Bir tərəfdən də məndən sonra bir çox xanımların ürək edib meyxana demək istəmələri sevindirdi. Düzdür, demək istədilər, amma meyxanaçı ola bilməzlər.


- Dediniz toylar çox az olur. Toylara sizi meyxana deməyə çağırırlarmı?


- Bəli


- Adətən orada qadınlar olmur. Kişilər daha çox olur.


- Heyf deyil, kişilərimiz. Arvad olan məclisdə o qədər hay-küy olur ki. Heç adamın sözünü başa düşmürlər. Arvad nədir, meyxana nədir?! Amma biz meyxananı qadınlara da sevdirdik. Mənim meyxanaya gəlişim bu sənətdə çevriliş etdi. Meyxana sevməyən xanımlar məndən meyxana deməyimi istəyirdi. Uşaqlı böyüklü, 7-dən 70-ə hamı bizi sevdi. Xalqın sevimlisi olduğuma görə xoşbəxtəm.


- Toylara neçəyə gedirsiniz?


-Çox az, ucuz məbləğə gedirəm. İnanın ki, Azərbaycanda bəlkə də mənim qədər ucuz məbləğə toylara gedən yoxdur.


- Bilmək olarmı nə qədər?


- Yarım saatı 300-400 manata. Bilirsiniz ki, biz vergi veririk. Bu məbləğ də çox azdır.


- Amma toylarda şirinlik də verirlər.


- Yox. İndi əvvəlki vaxtlar deyil.


- Deyişmələrdə qarşı tərəf sizə vulqar, kobud söz deyəndə o qədər kişi içərisində necə cavab verirsiniz ?


-Onlar ədəbsiz ifadə işlədirsə, mən də işlədirəm. Çalışırıq ki, çox mentalitetdən kənara çıxmamaq şərti ilə yüngülvarı - pişik, dovşan, siçan, ilan- belə şeylər deyək. Amma söyüş işlətməyi əlbəttə ki, özümə sığışdıra bilmərəm. Heç imkan da vermərəm. Həm də mən uşaq-muşaqla toyda meyxana demərəm axı. Mən bilirəm, kimlərlə meyxana demək lazımdır.


- Uşaq-muşaq dedikləriniz kimlərdir?


- İndiki cavanlar şadlıq evinin qapısında boyunlarını büküb dayanırlar ki, sən Allah toyunda meyxana deyim, nə yığaram yığaram. Yəni meyxananı o qədər ucuzlaşdırıblar ki! Bu sənəti dilənçiliyə çeviriblər sanki.


- Ucuzlaşdırmaq demişkən, həqiqətən, meyxana sənəti 10-15 il əvvəlki kimi deyil. Həmin vaxt bu sənətə başqa sevgi var idi. Bugünkü sevgi keyfiyyət deyil, kəmiyyət xarakteri daşıyır. Meyxanaçılar bu sənəti öldürüb artıq. Kobud səslənə bilər, amma siz də bunda əməyinizi görürsünüzmü? Bunu etiraf edə bilərsinizmi?


- Bilirsiniz, meyxana sənətində də, müğənnilərdə də kateqoriya söhbəti var. Elə meyxanaçı var ki, öz dəyərini bilir və müəyyən qiymətə toylara gedir. Bunu dilənçilik səviyyəsinə çatdırmır. Məsələn, biz gözləmirik ki, toyda kimsə əlini cibinə salanda yaylıq yerinə pul çıxaracaq. Bu cür şeyləri güdmürük. Amma elələri var ki, mədəni formada dilənir. Güclə də olsa o pulu insanlardan alır. Bizim belə müğənnilərimiz də var axı. Tutaq ki, biri sazı götürüb müştərinin başının üstündə o qədər çalır ki, adam məcbur olub əlini cibinə atır. Belə adamlar digər sahələrdə olduğu kimi bu sahədə də var. Öz qiymətini, dəyərini bilən meyxanaçılar qıraqda durublar. Hara gedirsən iki-üç dənə cavan uşaq ağzına nə gəldi deyir - həm də əzbərdən. Bunlar artıq qrup halında mövcuddurlar.


- Oqtayla deyişməniz cəmiyyətdə daha yaxşı qarşılandı.


- Ay Oqtay ölməsin, yazıqdır.


- Başqa kimlərlə deyişməniz xoşunuza gəlir?


- Vüqar Abdulovla Azərbaycan diasporunun dəvəti ilə Hollandiyanın Utrix şəhərində konsertdə olmuşuq. Sonda Vüqarla gözəl meyxana səsləndirdik. Hətta orada yaşayan azərbaycanlılar, iranlılar buradan fərqli olaraq daha çox bizi istəyir və dəstəkləyirlər. 1994-cü ildə Ağasəlim Çıldağla, 1996-1997-ci illərdə Vüqar, Kərim, Ağamirzə ilə toyxanalarda meyxana demişəm. Amma nədənsə cəmiyyət məni Oqtayla daha çox qəbul etdi. O da çənədir, özünü qoyub naza.


- Oqtayla qalmaqallarınızdan xəbərimiz var. Barışıq olubmu?


- Təbii ki, barışmışıq. Oqtayla küsən gərək elə Oqtayın ağlında olsun. Oqtayın başı çox gözəl işləyir. Doğrudan onun qabiliyyəti, gözəl demək tərzi, məntiqli sözləri var. Onun sözlərini mən heç bir meyxanaçıdan eşitmirəm. Oqtayın yazdığı sözlərə Röyadan tutmuş bir neçə sənətçiyə qədər çox insan mahnı ifa edib. Sadəcə olaraq bu insan tənbəl və məsuliyyətsizdir. Məni o qədər toylardan, məclislərdən, efirlərdən qoyub ki. Bu səbəbdən bizim münasibətlər soyudu və uzaqlaşdıq. Yeniliklər də olmadı. Onsuz da televiziyalar dəvət etmir. Nə üçün, kimin üçün edim bu yenilikləri?.


- Samirə xanım, bayaq özləri yazıb özləri oxuyan müğənniləri qeyd etdiniz. Elza Seyidcahanı nəzərdə tutdunuz?


- Elza Seyidcahanın tamam başqa üslubu var. O, çox savadlı xanım, gözəl bəstəkardır. Elza yazdığı mahnıları özü oxuya bilər. Kənar biri də səsləndirə bilər, amma onun kimi yox. Çünki onun mahnılarına doğrudan da qeyri-adi yanaşmaq lazımdır. Elza xanım fantastik adamdır. Bu adamdan Azərbaycanda yoxdur.


- Sənətdə öndə olanlarla bağlı düşüncələr fərqlidir. Mənə görə bu adam X ola bilər, amma sizə görə Y. Siz kimi nəzərdə tutursunuz?


- Bu dəqiqə ən bərk gedənlərin çoxu meyxana deyir. Mahnıların sözlərini kim yazır?. Hamısı meyxanaçılardır. Düzdür, meyxanaçılar şairdirlər. Hər şairin yaza bilmədiyi sözləri meyxanaçılar yazır. Çünki söz baxımından meyxanaçıların qabiliyyətləri daha çoxdur. Şair beş-on günə bir şeir yazırsa, biz bir toyda 10-15 dənə şeir səsləndiririk. Çünki bu bədahətən, sinədən gələn şeydir, Allah vergisidir. Bunu Allah hər adama vermir.


- Təkcə meyxanaçılarda yox, bütün sənət adamları, hətta biz jurnalistlərdə belə özündə zərərli vərdişi daşıyanlar var. Məsələn, meyxanaçılar narkotikdən istifadə edir, içki içirlər.


- Çox səhv fikirdir.


- Xahiş edirəm, səmimi cavab verin. Siz deyişən zaman özünüz narkotik tərkibli maddələrdən istifadə etmisinizmi? Məsələn, Aydın Xırdalanlı nümunəsi var.


- Aydın Xırdalanlı etalon deyil. Hacı Mehman, Hacı Elşən, Kərim, Ağamirzə, Aqşin, Fateh-hamısı hacıdırlar. Vasif nə içki içir, nə siqaret çəkir. Rəşad, Ələkbər özü kərbalayidir. Bu o demək deyil ki, meyxanaçılar mütləq narkotikdən istifadə etməlidir. Bu saat Azərbaycanda üzr istəyirəm, toyxanalarda yerdən o qədər iynə yığırlar ki. Yəni bu bizim bədbəxtliyimizdir, cavanların fəlakətə gedən yoludur. Allah şahidimdir ki, indiyə qədər pivədən başqa heç birinin dadını bilmirəm. Hərdən istilərdə ürəyim istəyəndə evdə balıqla pivələyirəm. Oğlumla ana-bala oturub hərəyə bir bakal pivə vururuq. Narkotikdən istifadə eləsəm də, bunu heç vaxt gizlətmərəm.


- Heç pivə içib meyxana demisinizmi?


- Tövbə, heç vaxt. Çünki məclislərə gedəndə elə olur ki, ev sahiblərinin yanında otururuq. Həmişə də pivə içmək olmaz axı. Adam pivə çəlləyinə dönər. Bu heç təqdirəlayiq də deyil. Müəyyən vaxtlarda, evdə sakitləşmək, dincəlmək istəyəndə bir bakal pivə içib başını atıb yatırsan. Çünki o, adama yuxu gətirir və böyrəklərə xeyirdir.


-Samirə xanım, siz istifadə etməsəniz də, yəqin ki, sizin yanınızda onlardan istifadə edənlər var.


- Bəli, var.


- Niyə mane olmamısınız?


- Mən çox demişəm. Amma hər kəs bir ailənin sahibidir.


- Adını çəkə bilərsinizmi?


- Yox. Heç vaxt elə şey demərəm. Dayan görüm, məni zibilə salma. Onsuzda yazıq meyxanaçıların əsgisi tüstülüdür (gülür).


- Muğam, estrada, meyxana, pop.. Hansı janrı bəyənmirsiniz?


- Muğam bizim beşiyimizdən gələn musiqidir, anamızın laylasıdır. Klassik musiqiləri çox sevirəm. Hətta canım ağrıyanda mütləq klassik musiqilərə qulaq asıram və beynim sakitləşir. Düzdür, klassikanı hər adam başa düşmür. Bir az cazı xoşlamıram. Bir də rep mənlik deyil. Xoşum gəlir, amma mənə çatmır.


- Rep demişkən, bu sənətdə Hüseyn Dərya, Elşad Xose, Anar Nağılbaz kimi adlar öz sözünü deyə bilib. Siz bunlardan hansını bəyənirdiniz?


- Rəhmətlik Hüseyn Dərya ilə bir çox efirlərdə bir yerdə olmuşuq. Hətta Moskvada konsertlərdə də iştirak etmişik. Hüseyn həm də meyxana deyirdi. Yəni onu elə qabiliyyəti var idi. Hər halda Hüseyni daha çox bəyənirdim. Elşad, Dado və bir çoxları da yaxşı rep deyir. Amma mənə yaxın deyillər. Hamısına, hər bir stilə hörmətim var. Məsələn, Şirvan aşıqları, Qazax-Tovuz aşıqları var. Mən Şirvan aşıqlarına saatlarla qulaq asıb zövq ala bilirəm. Amma Tovuz, Gədəbəy, Gürcüstan aşıqlarına çox qulaq asa bilmərəm. Uzağı ikinci mahnıda bezirəm. Çünki onlar çox uzanır və ritm yoxdur.


- Bayaq dediniz, maddi vəziyyətiniz aşağı düşüb. İndi necədir? Razısınızmı həyatınızdan?


- Bizim nə ixtiyarımız var ki, narazı olaq. Ruzini verən Allahdır. Əlbəttə ki, durum çox zəifdir. Belə götürsək, ilin iki ayı Məhərrəmlik, bir ayı orucluqdur, may ayı toy yoxdur, yanvar-fevral ac aylardır. İldə toy sezonu olan iki-üç ay qalır. O zaman da ancaq vergiləri ödəmək, banklar, borcları verməyin vaxtı olur. Bir də görürsən ki, yenidən Məhərrəmlik ayıdır. İki ay Allah səndən buyruq, ağzıma quyruq. Nə olacağı bilinmir. Biz də ora-bura üz tuturuq.


- Bəs bu sənətə görə qohumlarınızdan sizdən üz döndərən olubmu?


- Bəli. Bu günə kimi mənimlə danışmırlar. Artıq 5-6 ildir ki, bu, belədir. Çox yaxın qohumlardır.


- Bəlkə bir cəhd edib onlarla barışasınız.


- Yox. Çünki o qohum bir dəfə qapımı döyüb mənə, ya da uşaqlarıma 50 qəpiklik çörək verməyib. O qohumla barışaram ki, mənim üçün bir dayı, əmi, yaxın kimi nəsə edib. Özü də mən atasız uşaq böyütmüşəm. Həyat yoldaşım rəhmətə gedəndə birinin 9, birinin 6 yaşı var idi. Mən təkbaşına həm onları böyütmüşəm, oxutmuşam, həm də ana saxlayıram. Bütün bunların yükü mənim çiyinlərimdədir. Biri gəlib mənə kömək etməyib. Biri soruşmayıb ki, dərdin nədir, nəyə ehtiyacın var. Amma indi hansı haqla iddia irəli sürə bilərlər ki, niyə ora getdin. O adamın danışmağa haqqı var ki, mənim çörəyimi, suyumu versin. Tutaq ki, deyə bilər: “Meyxanadan nə qədər pul qazanırsan, ayda həmin pulu sənə verirəm, amma toylara getmə”. Bunu etməyənin danışmağa ixtiyarı yoxdur.


- Müğənnilərə, meyxanaçılara, sənət adamlarına həmişə bahalı hədiyyələr verilir. Siz almısınızmı?


- Mənə heç indiyə qədər bir kibrit də verməyiblər. Çünki nə sponsorum, nə də məni saxlayan olub. Mən özüm-özümü saxlamışam.


- Bəs toylarda?


- Olmur. Yalan şeydir. Kimə nə verirlərsə, bilin ki, onun müqabilində nəsə tələb edirlər. Heç kim heç kimə havayı bir şey vermir. Həqiqətin üzünə açıq baxmaq lazımdır. Niyə yalandan üstünü kremləyib qəşəng deyək?! Amma sonra qazanda görürsən ki, altında heç nə yoxdur. Heç kim heç kimə havayı maşın ya da ev verməz.


- Deyəsən elə adamları çox tanıyırsınız.


- Nə qədər lazımdırsa. Demək olar ki, saçımın tükü qədər.


- Həmişə eşidirik ki, hansısa imkanlı kişi hansısa qadın müğənniyə sponsorluq edir, ona bahalı hədiyyələr verir. Bəs bu şou-biznesdə belə hal varmı ki, hansısa imkanlı qadın kişi müğənnini saxlasın?


-İndi elə şeyləri qadınlardan çox, kişilərə verirlər. Kişifasonlara...Təzə çıxan, cavan müğənnilərimiz var. Hansı ki, yaşlı xanımlar onlara sponsorluq edir.


- Samirə xanım, yəqin ki, maşınınız var.


- Yoxdur. Var idi, amma satmışam. Keçən il Məhərrəmlikdə pulsuz qaldım və satdım. Uşaqlarımı ac qoymayacağam ki..


- Bəs indi nə ilə gedib-gəlirsiniz?


- İndi məni istədiyim ünvanlara aparan sürücü var. Pulunu verib, gedib-gəlirəm.


- Maraqlıdır, bəs övladlarınız sənətinizlə bağlı heç etiraz etmirmi?


- Toya ya da meyxana məclisinə gedəndə oğlum məni aparırdı. O zaman demişəm ki, Fərid, gözlə məni, ya da gir içəri. O da həmişə deyib ki, “ölsəm də o məclisə girmərəm. Gedib başqa yerdə gözləyərəm, qurtaranda deyərsən gəlib götürərəm”. Oğlan uşağıdır, istər-istəməz ona pis təsir edir. Tutaq ki, heç deyişmələrdə pis söz demirlər. Göyçək deyirlər. Bu yaxşı sözdür ki? O vaxt bizdə “xalası göyçək” deyirdilər. Amma indi “ay mənim göyçək anam” deyirlər. (ifa edir) Anasını qoyub ortalığa. Anam göyçəkdir, ay camaat baxın anama. Ayıbdır, vallah. Ya da “qardaş, bu ceyranı hardan almısan”. Baxın ha, qardaşım ceyran alıb. Nə oxuduqlarına fikir vermirlər. Bunlara dəyib-dolaşan yoxdur. Belə şeyləri qələmə almaq lazımdır. Sözlərin qəti məntiqi yoxdur, amma hamı meyxanadakı sözləri ön plana çəkir. Allaha and olsun, ana, bacı, gəlin, qız hamısı ortalığa qoyulub. Ağızlarına gələni oxuyurlar. Mən şəxsən belə şeyləri qəbul etmirəm.


- Bayaq kişifason sözünü işlətdiniz. Bir jurnalist kimi bizə mühakimə etmək düşməz. Bilirəm ad çəkməyəcəksiniz. Ümumiyyətlə o tip insanlara münasibətiniz necədir?


-Ümumiyyətlə mənim o tip insanlardan çox dostum var. Mən onları normal adam saymıram. Bu, xəstəlikdir. Əfsuslar olsun ki, cəmiyyətimizdə çoxalan xəstəlikdir və bizə yaraşmır. Amma nə etmək olar. Onlar da bizim içimizdəndir. Axtarsan, bizim qohumlarımız, qonşularımız, yaxınlarımızdır. Onları öldürə ya da uzaqlaşdıra bilmərik ki. Bu cür həyat tərzi onların seçimidir. İnsan nə edirsə, özü özünə edir. Allah bizi yaradıb və şüur verib.


- Siz sənət cameəsini daha yaxşı tanıyarsınız. Eləsi varmı ki, hər kəsə özünü normal göstərsə də, əslində o tip insandır?


- Var. Bir çoxları elədir və məşhurdurlar.


- Samirə xanım, deyəsən sosial şəbəkələrdə aktiv deyilsiniz.


- Facebook-da, İnstagram-da hesabım var. Amma çox az istifadə edirəm. Çünki nə vaxtım, nə də həvəsim olur. Lakin girən zaman çalışıram ki, hər kəsə cavab verim.


- Hansı tip məlumatlar diqqətinizi cəlb edir?


-Allah pis gün göstərməsin. Əsas cəbhə ilə bağlı xəbərlər oxuyuram. Məsələn, o gün Siyəzəndə silah anbarı partlayanda birinci məlumatı mən bildim. Çünki sürücüm həmin hissədən gəlirdi. Mənə zəng edib deyəndə doğrudan çox pis oldum. Şou-biznes xəbərlərini ümumiyyətlə açıb baxmıram. Mənim üçün maraqlı deyil. Çünki heç birinin düzgün məlumat vermədiyini bilirəm. Hamısı özünü üzdə mələk kimi göstərir. Lakin maskaları düşəndə nə olduqlarını görürsən. Hamımız eyni insanlarıq. Özünü yuxarıdan aparan adamlara insan kimi qiymət vermirəm. Sənin nə ixtiyarın var, burnundan yuxarı başını qaldırırsan? Kimsən sən? Səni xalq, cəmiyyət dolandırır. Xalq sənə pul verməsə, acından ölən biri olacaqsan. Nə olsun müğənnisən?. Müəllim sənə öyrətməsəydi, həkim səni sağaltmasaydı nə isə edə bilərdin?. Xeyr. Yəni mühəndisin, süpürgəçinin fərqi yoxdur. Heç kimə yuxarıdan aşağı baxmaq olmaz. Yuxarıdan aşağı bir Allah baxır.


- Müsahibə əsnasında Allahın adını çox çəkdiniz. İbadət edirsinizmi?


- Bilirsiniz, mən yalandan ibadət edirəm deyə bilmərəm. Etmirəm. Düzdür, evdə anam namaz qılır. Bayaq dedim, pivə içirəm. Pivə içən adam ibadət edə bilməz. Allahı çox sevirəm. Namazın sözləri özündə Allahın verdiklərinə şükürü əks etdirir. Onsuz da səhər yuxudan oyananda şükür edirəm. Heç kim bir dəqiqədən sonra başına nə gələcəyini bilmir. Ona görə də ibadət etdin ya etmədin, hər dəqiqə Allahına şükür etməlisən. Zikrlər edirəm, dua edirəm. 14 yaşımdan Quranı oxuyuram. Hər şeydən xəbərim var. İndi pivə içirəm, amma 60 yaşımı keçəndən sonra ibadətə, mollalığa başlayacağam.


-Bəs içdiklərinizin günahı kimin boynuna olacaq? Bilirsiniz ki, içki günahdır. Bəs niyə 60 yaşa kimi gözləyirsiniz?


- Öz boynuma olacaq. Pivə içmək günah deyil. O, haramdır. Amma tək pivə haram deyil ki. Hətta şəkəri də çox yesən, o sənə haramdır. Çünki sən öz bədəninə ziyan edirsən. Hər şeyi həddində etmək insana ziyan deyil. Qoy mənim günahım bir pivə olsun. Mən onun cavabını verərəm. Onsuz da indiki mollaların hamısının əvvəli müğənni olub (gülür). Bizim xanım müğənnilərimiz Həccə gedib-gəlirlər. Üç gün başlarını bağlayıb efirə çıxırlar. Özlərini reklam edirlər. Sonra yubka qalxır, kofta aşağı düşür, gellər, botokslar, sir-sifət pis günündə... Bu, həcixanıma yaraşan bir şeydir Mən elə şeyi qəbul etmirəm. Günü bu gün istəsəm, Kərbəlama da, Həccə də gedərəm. Amma getmirəm. Çünki getsəm, sənətimlə birdəfəlik qurtarmalıyam. Musiqi şeytan əməlidir. Bizim toylarımız dinimizə uyğun deyil. Biz pivəyə haram deyirik. Xeyr, haram olan toylarımızdır. Onsuzda yaşayışımızın çox hissəsi haramdır. Halal bircə ana südüdür.


- Bizdə belə bir təəssürat yarandı ki, istəməyərəkdən bu sənətdəsiniz.


- Mən artıq bu sənətə nifrət edirəm. Çünki onun o qədər zayını çıxarıblar ki. Mənim 18-dən çox mahnım Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fondunda saxlanılır. Sabah mən olmasam da, o mahnılarım, tarixdə adım qalacaq. Əfsuslar ki, toyda Ələkbər Tağıyev, Tofiq Quliyevin, Cahangir Cahangirovun mahnısını oxuyanda o dəqiqə etiraz edirlər. Bu saat camaat meyxanaya oynayır. Hər şey o qədər cılızlaşıb ki. Sənətə qiymət verən yoxdur. Oxuduqlarımı, bildiklərimi kimə göstərim? Bu səbəbdən yalandan gözdən pərdə asmağa məcburuq. Sırf pul üçün toyda fərqli mahnılar oxuyuruq. Bu sənət deyil.


- Siz qadınsınız və qadınlar daha kövrək olur. Son illərdə hansısa hadisəyə saatlarla ağladığınız olubmu?






- Həyatda hər bir dərdə dözmək olar. Valideyn itkisi, həyat yoldaşı itkisi.. Sən demə, ən böyük ağrı övlad acısı imiş. Son vaxtlar övladım üçün ağladığımı hələ həyatda heç kim üçün etməmişəm. Çox ağladım. Hər şeyin ola biləcəyini gözləyirdik. Oğlum ağır kəllə-beyin travması keçirdi, hələ də xəstəxanadadır. Hələ heç tikişləri açılmayıb, yerindən dura bilmir. Son günlər gözümün yaşı qurumayıb. Sənətçi dostlarımdan dəstək olanlar sağ olsunlar. Amma çoxundan qəlbim qırıldı. Bu məqamda iki-üç adamdan başqa yanımda heç kimi görmədim.


- Samirə xanım, kredit borcunuz varmı?


- Var. Hardasa 10 min manata kimi kredit borcum var.


- Maraqlıdır, necə ödəyəcəksiniz? Maddi durumunuz da yaxşı deyil.


- Çox çətindir. Mən borcu heç vaxt gecikdirmirəm. Əksinə, vaxtından qabaq ödəyirəm. Çünki dövlətin pulunu yemək olmaz. Bir az da evi təmir etdiyimə görə borca düşdüm. Yenə də deyirəm mənim dəstəyim, kimdənsə umacağım yoxdur. Hələ bir adam mənə 100-200 manat verməyib.


- Sizə heç evlilik təklifləri olubmu?


-Vallah, o vaxt bir-iki dəfə dəxlisiz adamlardan evlilik təklifi aldım.


- İmkanlı idilər?


-Yox. İmkanlı adamlar məni neyləsin? Məni tapanlar elə alfons olur. Gəlib bir ucundan da onlar yemək istəyir.


- Xarici dillərdə mahnılar oxumusunuz. Hansı dillərdir? Həmin dilləri bilirsinizmi?


- Mən oxuduğum mahnıları başa düşməsəm, oxumaram. Ləzgi toylarında onların dilində mahnılar ifa edirəm. Hətta mənim ləzgi olduğumu zənn edirlər. Ərəb, fars dillərində də mahnılar oxuyuram. Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə də işləmişəm. Heç onlar məni öz xalqından seçə bilmirdirlər.


- Konkret harada işləyirdiniz?


- Oradan gələnlərlə üç aylıq müqavilə imzalamışdıq. İlk dəfə Dubaya getdik, sonra bizi Küveyt, Bəhreyn, Keniya, Tailanda pul ilə aldılar. Öz musiqiçilərimlə birlikdə üç il ərəblərlə işlədim. Sırf ərəb mahnıları oxuyurdum. Bundan başqa ingilis, rus, gürcü dillərində oxuyuram.


- Bəs həmin dillərdə meyxana deyə bilərsiniz?


- Rus dilində çox demişəm. Amma indi çətindir. Gərək əvvəlcədən həmin dillərdə meyxana yazıb uyğunlaşdırasan. Belə demək olmur.


-Samirə xanım, nitqiniz axıcıdır. Yəqin ki, bədii kitab oxuyursunuz.


- Bədii kitab çox oxumuşam. Eyni zamanda Azərbaycan dili və qrammatikasına dəyər verirəm. Heç vaxt türk sözlərindən istifadə etməyin tərəfdarı olmamışam. Danışığımızda “aşkım”, “gidiyorum, geliyorum”, “hadi ya” kimi sözlər işlətməyə nifrət edirəm. Türklər qardaşımızdır. Amma mən Azərbaycan türküyəm və öz dilim var. Türklər bir dənə də Azərbaycan sözü işlətmirlər. Bəs mən niyə türk sözündən istifadə etməliyəm?. Anam mənə Azərbaycan dilində laylay çalıb, türk dilində yox. Xoşbəxtliyi “xoşbəxtçilik”, mehribanlığı “mehribançılıq”, yetimliyi “yetimçilik” ediblər. Hərdən fikirləşirəm ki, yəni bu millət məktəbdə Azərbaycan dili oxumayıb? Keçən dəfə bizim məşhur aparıcımız “müəlliməçi sənəti” ifadəsini işlətdi. Sən camaata örnəksən. Ayıbdır, vallah.


- Belə fikirlər səslənir ki, məmurlar müğənniləri himayə edir.


- Edirlər. Sağ olsunlar, kömək edir, dəstək olurlar. Amma mənə etmirlər. Heç kimdən də heç nə gözləmirəm. Bundan sonra kimdən gözləyəcəyəm?! 50 yaşım var.


- Samirə xanım, efirlərdən kənar olduğunuz vaxt bundan istifadə edənlər var. Məsələn, meyxanaçı Mətiş mətbuatda səsləndirdiyi fikirlərdə “Azərbaycanda bir nömrəli meyxanaçı mənəm” demişdi.


- “Qarğa və Tülkü” təmsili var. Qarğa qar-qar etdikcə, tülkü ona “Nə gözəldir, nə şirindir səsin. Oxu, mənə ləzzət versin nəfəsin”-deyir. O qədər tərifləyir ki, pendir qarğanın ağzından düşür və tülkü götürüb gedir. Bilirsiniz, elə özündən danışanlar çoxdur. Amma kim o sözü deyirsə, mənim qabağıma çıxsın. Dəfələrlə efirdə də demişəm ki, kim mənimlə canlı, bədahətən meyxana deyə bilirsə, qarşıma çıxsın. Tamam kənar adam qafiyə versin və biz deyişək. Mən hələ bir yerdə duet deyə biləcəyim qadın meyxanaçı tapmadım. İki-üç nəfər var, amma onlar da yazıb deyirlər.


- Hər sənətin davamçısı olur. Bəs qadın meyxanaçımız, sizin varisiniz kim olacaq?


-Kimə lazımdır, bu varislik. Bu sənətin varisliyi heç kimə lazım deyil.


- Qız tələbələriniz də yoxdur?


-Xeyr. Çünki qızlarda hələ o istedadı görə bilmirəm. Düzdür, istəyən çoxdur. Amma hamısı deyir ki, sən yaz, birlikdə deyək. Tutaq ki, yazdım. Birdən efirdə elə bir söz deyə bilərəm ki, qarşımdakı cavab verə bilməz. O zaman da biabırçılıq olar.


- Maraqlıdır, meyxanada kimsə sizi bağlayıbmı?


- Meyxanada bağlamaq söhbəti yoxdur. Sadəcə qafiyə üstündə söz olmayanda qurtara bilər. O zaman deyirlər ki, bağlandı. Tutaq ki, vaz, qaz, naz, qumarbaz, kamaz və.s tipli sözlərin sonu gələndə istər-istəməz deyişmə bitir. Amma məni hələ bağlayan olmayıb.


- Meyxana sənətində sizə sevgi etirafı edən olubmu?


- Cavan vaxtı olub. Amma indi yox. İndi artıq yaşlanmışam, kimə lazımam?


- Tanınmış adamlar idi? Çünki sənət aləmində kişilər elədir ki, ailəsinə bağlı da olsa, həmişə gözü başqa yerdə olur. Ümumiyyətlə bu, əksər kişilərə aiddir.


- Guya başqa ixtisasa sahib olanlar mələkdir? Kişi ayağını qapıdan bayıra qoydusa, subaydır, vəssalam.


- Yəni heç bizim yaxşı tanıdığımız meyxanaçının sizə sevgi etirafı olubmu?


- Yox. Çünki mən meyxanaçıların, həm də sənətçilərin kim olduğunu, iç üzlərini bilirəm. Ona görə mənə yaxınlaşmağa qorxurlar. Bilirlər ki, onların cavabları hazırdır. Özü də necə lazımdırsa.


- Maraqlıdır, meyxanaçıların öz aralarındakı əlaqə necədir? Məsələn, Aşıqlar Birliyi, Muğam Ocaqları var. Hansı ki, həmin sənətin adamları bir yerə toplaşıb sənətləri üçün nəsə edə bilirlər. Amma meyxanaçılarda bu yoxdur. Səbəbi nədir?


- Meyxanaçılarda birlik yoxdur. Çünki aşıq sənəti, muğam və digər sənətlər dövlət tərəfindən təsdiqlənib. Əfsus ki, meyxana belə deyil. Bu bizim mənfi tərəfimizdir. Meyxana folklor janrıdır və dünyanın heç bir yerində yoxdur. Baxın, ermənilər hər şeyə sahib çıxmağa çalışır, amma bircə meyxanaya əl uzada bilmirlər. Çünki onlarda o qabiliyyət yoxdur və ola da bilməz. Əgər bu sənət növü onlarda olsaydı, bütün dünyaya car çəkərdilər. Amma biz əksinə meyxananın başından vururuq. Məni Rusiya, Ukrayna və digər dövlətlərin kanalları çəkir. Amma özümünkü efirə çıxarmaq üçün pul tələb edir. Xeyir ola?. Şükür, mənim kifayət qədər sənətim, reytinqim, hörmətim var. Bundan sonra 10 il də efirə çıxmasam, yenə də tanıyacaqlar. Məşhur olmaq asandır, sevimli olmaq asan deyil. Xoşbəxtliyim odur ki, məni hamı sevir. Efirə çağırmırlarsa, canları sağ olsun. Arada buna görə başqa ölkəyə çıxıb getmək istyirəm. Dünyanın hansı şəhərində yaşamağımdan asılı olmayaraq həmişə çörəyim olacaq. Amma nə üçün öz doğulduğum torpaqda öz kanalıma pul verib çıxmalıyam?! Mən bu sənətdə yeganəyəm. Müğənni minlərlərdir, amma meyxana deyən qadın bir dənədir. Siz də məni dəstəkləməyəndən sonra məni kim dəstəkləyəcək? Vaxtında efirə çıxmaq üçün pul vermişik. Amma indi 50 yaşındayam, artıq sənətdə sözümü demiş, ali savadlı müğənniyəm.


- “Maşın Şou”nun növbəti sürəti olmalıdır. Sizin də maşınınız yoxdur. İştirak etmək istəyərsinizmi?


- O vaxt Murad Dadaşov təklif etdi və mən bunu müsbət qarşıladım. Amma sonra nədənsə zəng etmədi, əlaqə qurmadı. Yenə müraciət olsa, təbii ki, iştirak edərəm. Bu dəqiqə hamıdan çox mənim maşına ehtiyacım var.