BolgeXeber.Com » Siyasət » Prezident məktəb binasının açılışında iştirak edib

Prezident məktəb binasının açılışında iştirak edib

6-09-2017, 09:52
Oxunub: 2 574 Prezident məktəb binasının açılışında iştirak edibBu il 71 məktəb inşa edilib, 12 məktəb binası əsaslı, 460 məktəb isə cari təmir edilib

Sentyabrın 15-i məktəblərdə ilk zəng çalınacaq. Şagirdlərlə yanaşı məktəblər də yeni tədris ilinə hazırlaşır. Hər il onlarla məktəb təmir edilir, yenidən tikilir, açılışları olur. Həmçinin dərs ilinin ilk günü məktəblərdə müxtəlif tədbirlər keçirilir.

Prezident İlham Əliyev sentyabrın 5-də Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Maraqlıdır, bəs bu il neçə məktəb açılıb, təmir edilib?

Təhsil Nazirliyinin məlumatına görə, bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.
Qeyd edək ki, sentyabrın 6-dan etibarən isə təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsinə başlanılacaq. Təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq. Ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları 5-12 sentyabr tarixlərində keçiriləcək. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində təşkil ediləcək. Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilərək müzakirə olunacaq.

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına isə uşaqların qəbulu üçün elekton sistemdə 14 min 948 ərizənin onlayn qeydiyyatı aparılıb.

2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin də sayı açıqlanıb. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov APA-ya bildirib ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 min 945 şagird gedəcək: “Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 min 33 nəfər şagird birinci sinfə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 min 945 nəfər olacaq”.

Qeyd edək ki, təhsil naziri ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.