BolgeXeber.Com » Müsahibə-Reportaj » Türkə ərə gedəcək azərbaycanlı aktrisa: "Evlilik təklifini edəndə içkili idi, fikirləşdim ki, səhər yadından çıxar" - FOTO

Türkə ərə gedəcək azərbaycanlı aktrisa: "Evlilik təklifini edəndə içkili idi, fikirləşdim ki, səhər yadından çıxar" - FOTO

7-09-2017, 16:13
Oxunub: 5 708 Türkə ərə gedəcək azərbaycanlı aktrisa: "Evlilik təklifini edəndə içkili idi, fikirləşdim ki, səhər yadından çıxar" - FOTO"Çox şeylərdə xasiyyətimiz üst-üstə düşür"

Aktrisa Cəmilə Tağızadənin milli.az-a müsahibəsi.

- Cəmilə mətbuatda toyunuzun olacağı haqqında xəbərlər yayıldı. Bu xəbəri nə qədər gizlətsəniz də alınmadı. Toy xəbərini gizlətməkdə məqsədiniz nə idi?

- Toy xəbərimi gizlədirdim, bəli, çünki şəxsi həyatımı nümayiş etdirməyi sevmirəm. İndiyə kimi çox nadir hallarda şəxsi həyatımdan danışmışam. Bu dəfə də gizli saxlayacaqdım, istəmirdim toyum haqda məlumat yayılsın. Fikirləşirdim ki, toya iki gün qalmış mətbuat xəbər tutar. Amma nə qədər də gizlin saxlasam, xəbər mətbuata sızdı.

- Məndə olan məlumata görə ailə quracağınız şəxs Türkiyə vətəndaşıdır. Tanışlığınız necə baş tutdu?

- Bəli, maşallah, bütün məlumata sahibsiniz. Gələcək həyat yoldaşımla mən aktrisa rəfiqəm Natəvan Ələkbərovanın toy günündə tanış oldum. Natəvan mənimlə birlikdə "Dəfnə ağacı" serialında çəkilirdi. Onun fevral ayında toy mərasimi olmuşdu. Natəvanın toyunda o məni görüb bəyənmişdi. O, rəfiqəmin həyat yoldaşının dostu idi. Toy günü rəfiqəm mənə zəng etdi ki, Cama, səni alıb aparırıq (gülür). Fikirləşdim ki, yəqin oğlan içkilidir, səhər açılanda yadından çıxar (gülür). Səhəri gün dördlükdə söhbət edəndə işin ciddiliyinə vardım. Görüşüb, danışdıq, qərara gəldik ki, evlənək. Sözün düzü, bir neçə ay da naz etdim (gülür).

- Siz çox çılğın xanımsınız. Əslində, sizin kimi xanımlar əks tərəfdən qeyri-adi, kreativ evlilik təklifləri tələb edir. Bu cür tələbiniz olmadı?

- Xeyr, nədənsə kreativliyim evlilik təklifində özünü göstərmədi. Biz onunla danışanda evlilik məqsədi ilə danışırdıq. Sadəcə düşünürdüm ki, alına da bilər, alınmaya da. Ona görə seçim etməkdə çətinlik çəkirdim. Oğlanın əslində Azərbaycana gəlməyinin məqsədi yerli qızla evlənmək idi. Həm dostunun toyunda iştirak etdi, həm də mənim kimi bir qız tapmış oldu. Bir sözlə bəxti açıldı(gülür).

- Xasiyyətinizdə oxşarlıq varmı?

- Çox şeylərdə xasiyyətimiz üst-üstə düşür. Hətta ad günlərimizdə də yaxınlıq var. İyulun 24-də mənim ad günümdür, iyulun 25-də onun. İkimiz də şir bürcü, alov ünsürlüyük. Bilmirəm necə yola gedəcəyik?(gülür). Məncə ailədə bir-birini yola vermək lazımdır. O da deyib gülməyi, istirahət etməyi, əylənməyi çox sevir, mən də. İkimiz də dostcanlı və ailəcanlıyıq. Sadəcə ikimiz də çox tərsik. Onu da deyim ki, gələcək həyat yoldaşım olduqca qısqancdır. Ona görə də elə etməliyəm ki, aramızda soyuqluq əmələ gəlməsin.

- Adətən türk vətəndaşı ilə nikaha girən qızlarımızı çox qınayırlar. Bu qınaqlardan qorxmursunuz?

- Bunu qınayanlar taxiri bilməyən, savadsız insanlardır. Çünki bizdə mənşəcə türkük, qanımızda türk qanı axır. Düşmənlə evlənmirəm ki, türklə evlənirəm də. Məncə buna görə problem yaratmağa dəyməz. Məni qınayanlara cavabım sərt olacaq.

- Toyda sürprizlər olacaqmı? Necə hazırlaşırsınız?

- Ən azından bu mənim toyumdursa, çox fərqli olacaq. Çünki restoranın özü də fərqlidir. Toy etdiyim məkan şadlıq sarayı deyil. Bütün dekorasiyanı, toy üçün olan hər şeyin təşkilatçılığını özüm edirəm. Çox dəbdəbəli toy olmayacaq. Sadə, gözəl, elit bir məclis olacaq. Xarici mahnılara üstünlük veriləcək, çünki qonaqlarımın əksəriyyəti cavanlardır. Gənclərdən, dostlardan ibarət bir məclis olacaq. Toya gəlmək istəyən çoxdur, amma 100-150 nəfər adam çağırmışam. Çünki həqiqətən də yer yoxdur. Baxmayaraq ki, çox məclisdə iştirak etmişəm, amma hər məclisində olduğum insanı dəvət etməmişəm.

- Ailə həyatı qurub Türkiyəyə gedəcəksiniz?

- Bəli, inşallah ailə həyatı qurub Türkiyəyə gedəcəyəm. Amma ara-sıra gedib gələcəyəm. Çünki həm burada, həm də orada gerçəkləşdirmək istədiyim layihələrimiz var. Bu sənətdən getmirəm,o mənim sənətimi də qəbul edir. Sadəcə olaraq geyimlərim açıq-saçıq olmamalıdır.

- Hal-hazırda harada çəkilirsiniz?

- ARB-də yeni bir seriala çəkilirəm, sentyabr ayından dekabr ayına kimi efirdə gedəcək. Obrazımın da adı Camadır. Axırıncı çəkilişlərimi də Bakıda edib gedirəm. Əgər maraqlı işlər olsa, gəlib çəkilib gedəcəyəm. O da baxır qonorara. Olmasa da özümü yormayacağam.

- Qonorarınız özünüzə bəs edir?

- Güclə bəla ilə çatır. Çatmasa da çalışırıq ki, çatdıraq.

- Cəmilə, həmkarlarınızdan fərqli olaraq həmişə etirazınızı açıq şəkildə bildirmisini. Buna görə rejissorların qara siyahısına düşməmisiniz?

- Bəli, həmişə narazılığımı açıq şəkildə bildirmişəm. Amma hələ ki, bir problem yaşamamışam. Düşünürəm ki, mən ən tələb olunan aktrisayam. Hələ də rejissorlar məni dəvət edirlər, dəvətlər ard-arda gəlir. Sadəcə olaraq toyuma görə bütün çəkilişləri bitirib gedirəm. Ona görə də yeni dəvətləri qəbul edə bilmirəm.
Türkə ərə gedəcək azərbaycanlı aktrisa: "Evlilik təklifini edəndə içkili idi, fikirləşdim ki, səhər yadından çıxar" - FOTO
Türkə ərə gedəcək azərbaycanlı aktrisa: "Evlilik təklifini edəndə içkili idi, fikirləşdim ki, səhər yadından çıxar" - FOTO
Türkə ərə gedəcək azərbaycanlı aktrisa: "Evlilik təklifini edəndə içkili idi, fikirləşdim ki, səhər yadından çıxar" - FOTO