BolgeXeber.Com » Ölkə » “MilliÖN”də qəpiklər “yoxa çıxır” - Yığılan pulları kim götürür?

“MilliÖN”də qəpiklər “yoxa çıxır” - Yığılan pulları kim götürür?

8-09-2017, 10:57
Oxunub: 3 822 “MilliÖN”də qəpiklər “yoxa çıxır” - Yığılan pulları kim götürür?Bakıda şəhərdaxili sərnişin avtobuslarının əksəriyyəti "BakıKart”la işləyən sistemə keçirildikdən sonra pos-terminal problem yaranıb

BakuPost.az xəbər verir ki,”Bakıkart”a gediş yükləmək üçün pos MilliÖN terminalları bəzi dayanacaqlarda quraşdırılıb. Lakin aparatların işləmədiyi vaxtlar da olur. Bəzən bir dayanacaqdakı aparat günlərlə işləmir, bu isə kartında gediş olmayan sərnişinlərə ciddi problemlər yaradır.

Bakının Azərbaycan prospekti ilə İstiqlaliyyat küçəsinin kəsişdiyi ərazidəki dayanacaqda 2 pos-terminal fəaliyyət göstərsə də, bir çox hallarda bu terminallar işləmir. Ya "əməliyyatda səhv” yazılır, ya da terminalın monitoru heç nə göstərmir. Onu da qeyd edək ki, növbəti pos-terminalla təchiz olunan dayanacaq Xarici İşlər Nazirliyinin yaxınlığındakı dayanacaqda qurulub. Bu o deməkdir ki, əgər pos-terminal işləmirsə, sərnişin iki dayanacaq piyada getməlidir ki, pos-terminal olan dayanacaqda karta pul yükləsin. Yaxud da, sərnişin avtobusa daxil olaraq, kiməsə 20 qəpik təklif edir və onu keçirməsini xahiş edir. Heç kimdən səs çıxmadıqda isə o, pərt olmuş şəkildə nəqliyyat vasitəsini tərk etməli olur.

MilliÖN terminallarıyla bağlı yaşanan problem təkcə bu deyil. Paytaxt sakinlərinin saytımıza verdiyi məlumatlarda daha maraqlı məqamlar yer alıb. Belə ki, əhalinin iddialarına görə, kartlara pul yükləmək istədikdə, qəbul olunmayan qəpiklər bəzi hallarda "yoxa çıxır”. Səbəb isə sadədir: küçədə quraşdırılan bu pos-terminalın qəpik yerinə qalın kağız parçası daxil edilir və "yoxa çıxan” qəpiklər məhz o boşluqda yığılıb qalır. Buna şahid olan sərnişinlər bildirirlər ki, həmin yerdən bu qalın kağız çıxarıldıqdan sonra pos-terminalın qəbul edə bilmədiyi qəpiklər üzə çıxır. Kağız çıxarılmadıqda isə qəpiklər yığılır qalır, sonrakı taleyi isə məchuldur…

Sadalanan problemlərlə bağlı BakuPost.az-ın əməkdaşı MilliÖN-lə əlaqə saxlayıb. Şirkətin növbə rəisi Rəfiqə Əliyeva suallarımızı dinlədikdən sonra bildirib ki, onları cavablandıracaq şəxs şirkətdə yoxdur və sentyabrın 11-indən sonra gələcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, yaranmış problemlə bağlı şirkətə məlumat veriləcək və əgər tədbir görülməzsə, adı çəkilən dayanacaqda "BakıKart” terminalı quraşdırılacaq: "Biz çalışırıq ki, sərnişinlər üçün hər bir şərait yaradılsın. Əgər "MilliÖN” yaranmış problemi aradan qaldırmazsa, həmin ərazidə "BakıKart” pos-terminalı istifadəyə veriləcək”.