BolgeXeber.Com » Sosial » Balıq mövsümü başladı...

Balıq mövsümü başladı...

13-09-2017, 09:59
Oxunub: 6 558 Balıq mövsümü başladı...Satıcılara görə ən sərfəli qiymətlər məhz indidir; havaların soyuması ilə balıq da bahalaşacaq

Payızın gəlişi ilə adətən balıq mövsümü də başlayır. Balıqların növləri, qiymətləri və təzə balığı köhnədən necə ayırd etməyi öyrənmək üçün “8-ci kilometr” və “Yaşıl bazar”a baş çəkdik.

Apardığımız müşahidələr balıq məhsullarının bol, qiymətlərinin isə münasib olduğunu deməyə əsas verirdi. Hər iki bazarda balıqların qiyməti təxminən eyni idi. Belə ki, kilkə balıqlar 1 manat 50 qəpik-3 manat arası, sudaq balıqları 5 manata, berj, kefal, kütüm 7-8 manat arası, farel 12 manat, üzəri qızılı rəngə çalan farellər isə 20 manata satılırdı. Ən bahalı balıqlar isə nərəkimilərdir ki, onların da qiyməti 50 manatdan başlayırdı.

Satıcılar balıq bolluğunu hazırda dənizdən balığı tutmağın asan olması və çoxluğu ilə əlaqələndirirlər. “8-ci kilometr” bazarındakı balıq satıcısı İlqar Əliyev deyir ki, balıqların qiyməti oktyabr ayından bahalaşmağa doğru gedəcək: “İndi sentyabrdır. Yəni balığın çox olduğu bir vaxtdır. Soyuq olduğu üçün onları tutmaq da çətinləşir. İndi gilavar nə qədər balığı üzü bu yana gətirir. Amma qışda onlar demək olar ki, tamamilə azalır. Hələ qar-çovğun olanda heç tutmaq olmur ki, bu vaxtlarda da qiymətlərinin bahalaşması təbii haldır”.

Söhbətə qatılan digər satıcı isə qidalar arasında ən sərfəlisinin balıq olduğunu dedi: “Gedib 10 manat ətə, toyuğa verməkdənsə... Hələ üstəlik, onu bişirmək üçün əlavə ərzaqlar da almalısan. Ancaq dəniz məhsulları almaqla həm cibinizə qənaət etmiş olarsınız, həm də canınız sağlam olar. Məsələn, 2 manata kilkə alırsınız və onu ət maşınından keçirib yaxşı dadlı kotlet edə bilərsiniz. Bu balığın yalnız onurğa sümüyü çıxır, vəssalam. Çox dadlı və sərfəlidir”.

Digər balıq satıcısı Şərqiyyə Məmmədova isə balıq təmizləyirdi. O, müştərisinin balığı təmiz istədiyini dedi: “Çox zaman balıq alanlar onu təmizlətdirirlər. Çox adamın evdə balıq təmizləmə imkanı olmur. İstəsələr, yuyub duzlayırıq da. Amma çox vaxt insanlar təmizlətdirir, özləri evdə yuyub duzlayırlar. İndi alıcı azdır. Amma qışda elə vaxt olurdu ki, 50, bəlkə də daha çox balıq təmizləyirdim. Buna görə əlavə pul almırıq”.

Peşəkar balıqçılar deyir ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, adında “r” hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır. Bəs balıq alarkən nələrə diqqət etməliyik? Balığın təzə olduğunu necə bilmək olar?

Mütəxəssislər balığı tutulan gün yeməyi məsləhət görür. Balıq iki gün qaldısa, o, artıq köhnə sayılır və onu yemək təhlükəlidir. Bəzən satıcılar köhnə balığın içini yarıb duzlayırlar. Duz balığın canında pis, zərərli nə varsa, hamısını özünə çəkir. Sonra da həmin balığı yuyub təzə kimi satırlar. Heç kim də o balığın köhnə olduğunu hiss etmir. Təzə, keyfiyyətli balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf seliklə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur, gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və başqa rəngə çevrilə bilər. Qəlsəmələrin üzərindəki selik qatı isə təzə balıqlarda şəffaf və rəngsiz olur. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn balıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir və çəhrayı, qırmızı, qonur rəngə çalır. Saxlama müddətinin keçməsi nəticəsində balığın gözünün rəngi də bulanıqlaşır. Bundan başqa, təzə balığın ağzı örtülü, köhnə balığın isə ağzı açıq olur.

Qeyd edək ki, balıq əti həm də sağlamlıq deməkdir. Çünki onun tərkibində omeqa 3, omeqa 6 yağları, A, D, B2, B6 və B 12 vitaminləri, minerallar və yağ turşuları mövcuddur. Balıq ətindəki EPA və DHA yağ turşuları qan laxtalanmasının qarşısını alır və qandakı tıxanmaları aradan qaldırır. Bununla da infarkt və iflic xəstəliklərini önləyir. Yod çatışmazlığında da balıq önəmli rol oynayır. Bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək məsləhətdir.
Balıq mövsümü başladı...