BolgeXeber.Com » Analitika » Ehsan qadağası yenidən gündəmdə – israfçı yas məclisləri hansı rayonlarda qalır?

Ehsan qadağası yenidən gündəmdə – israfçı yas məclisləri hansı rayonlarda qalır?

13-09-2017, 12:07
Oxunub: 4 458 Ehsan qadağası yenidən gündəmdə – israfçı yas məclisləri hansı rayonlarda qalır?Dini Komitə bununla bağlı monitorinq aparıb, əksər bölgələrdə artıq yeməkli süfrələr qadağan edilib, ancaq hələ müqavimət qalır

Sentyabr ayının 1-dən etibarən Bakının Şağan kəndində yas mərasimlərində yeməkli ehsan süfrələri qadağan edilib. Mətbuatda gedən məlumata görə, bu barədə kənd sakinləri ortaq fikrə gəliblər. Əslində Azərbaycanda israfçı, çox xərc tələb edən ehsan süfrələrinin ləğv olunması mövzusu 90-cı illərin sonlarından gündəmdə olub. İnsanların zamanla dini adətlərdən kənara çıxaraq israfçı bir mərasimə çevrilən yas məclisləri necə deyərlər, əndazəni artıq çoxdan aşıb. Bahalı süfrələr bir tərəfdən israfçılığın yayılmasına, milli adətə çevrilməsinə səbəb olmaqla yanaşı, digər tərəfdən insanların əlavə xərcə düşməsi, borclanmasına gətirib çıxarır.


Bu səbəbdən də ilk dəfə Qazax rayonunda və Naxçıvan MR-da yerli hakimiyyətlərin təşəbbüsü ilə bahalı, çox xərc tələb edən ehsan süfrələri ləğv olunub. 2009-cu ildə isə QMİ-də bu barədə tövsiyə məqsədli çağırış edib. Ancaq bütün bu çağırışlar necə deyərlər, respublikanın başqa bölgələri üçün yetərsiz olub. Əksinə, neft gəlirlərinin artdığı və manatın dəyərinin yüksək olduğu dövrdə digər sahələrdə olduğu kimi, ehsan süfrələrində də israfçılıq elementləri artıb. Bakıda daha əvvəl mövcud olan çadırlarda mərasim təşkil edilməsi ənənəsinə “xeyir-şər evləri” əlavə olunub və qiymətlər daha da bahalaşıb. Son illərdə Bakıda sürətlə artan “xeyir-şər evləri” böyük gəlir gətirən ehsan biznesinə çevrilib.
Bütün bunların isə dini qaydalarla, xüsusən də İslam dini ilə əlaqəsi yoxdur. Çünki İslam dini dünyadan köçən müsəlman üçün 4 əsas şərtin yerinə yetirilməsini vacib bilir: ölmüş şəxsin cəsədinin yuyulub quşlanması, kəfənlənməsi və meyit namazı qılındıqdan sonra dəfn olunması. Bu əməllərin yerinə yetirilməsi hər bir müsəlman üçün vacibdir. Yerdə qalan məclislər, ehsan süfrələri zamanla formalaşmış adətlərdir ki, dinlə heç bir əlaqəsi yoxdur. Hətta bəzi hökmlərə əsasən, dünyasını dəyişmiş adamın evində ilk günlərdə yemək bişirilməsi tövsiyə olunmur, yaxın qohum və qonşuların yemək gətirməsi məsləhət görülür. Bu da yasa batmış insanların ikinci bir işlə yüklənməməsi üçündür. Ancaq Azərbaycanda demək olar ki, bu qaydanın əksi icra olunur, əksər bölgələrdə dünyasını dəyişən şəxsin ailəsi ilk gündən cəsəddən daha çox ərzaq, yemək, çadır tədarükü ilə məşğul olur.

Qeyd edək ki, Azərbaycanda yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başlayıb. Bütün ölkə boyu ehsan süfrələri qadağan olunub, qadağaya riayət etməyənlərin təşkil etdiyi məclisdən ərzaq və yemək müsadirə edilib. Hətta bəzi rayonlarda bu işə polis, icra və bələdiyyə orqanları cəlb olunub. Ancaq sonradan gözlənilmədən QMİ hökumətin bu addımına qarşı çıxıb. Dini idarə yas mərasimlərində israfçılığa qarşı olduğunu bəyan etsə də, qurumun nəzarətində olan, binasında yerləşən mərasim evləri hökumətin qadağasına riayət etməyib. Hətta Şeyxülislamın qardaşı Cavanşir Paşazadə qadağanı sərt şəkildə tənqid edib. Sonradan tədricən ehsan qağası yumşalıb, bir çox bölgələrdə yenidən “köhnə” qayda ilə ehsan süfrələri verilməyə başlayıb. Ancaq buna baxmayaraq, hökumətin qadağasından sonra artıq ölkənin bir çox bölgələrində yeməkli, israfçı süfrələr ləğv olunub. Yas mərasimləri ilə bağlı son vəziyyəti öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimovanın imzası ilə göndərilmiş cavabda qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi, onların İslam dəyərlərinə uyğun təşkil olunması və israfçılıq hallarının qarşısının alınması ilə bağlı monitorinqlər aparır. İşin təşkili üçün Dövlət Komitəsi yerli şöbələrinə lazımi tapşırıqlar, tövsiyələr verir, aidiyyəti orqanlarla müvafiq müzakirələr aparır. Bölgələr üzrə bütün sahələrdə olduğu kimi ehsan süfrələrinin təşkili ilə də bağlı statistik məlumatlar hazırlanır, daim yenilənir və əldə olunmuş nəticələr təhlil edilir.



Açıqlamada qeyd olunur ki, ilk dəfə olaraq, Naxçıvanda yas mərasimlərinin sadə şəkildə keçirilməsinin ənənə halını alması təqdirəlayiq və digər bölgələrimiz üçün nümunəvi haldır. Sitat: “Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmalara əsasən, Gəncə və Naftalan şəhərlərində, eləcə də Füzuli, Lerik, Ağdaş, Astara, Siyəzən, Goranboy, Tərtər, Qəbələ rayonlarında əhalinin mütləq əksəriyyəti yas mərasimlərini tövsiyə edilən sadələşdirilmiş qaydada həyata keçirir. Habelə Şirvan, İmişli, Salyan, Neftçala, Hacıqabul, Zərdab, Göyçay, Biləsuvar, Şəki, Şəmkir, Oğuz və digər rayonlarda əhali yas məclislərini əsasən sadə şəkildə icra edir. Dövlət Komitəsi hazırda bölgələrdə bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərini gücləndirməkdədir”.



Eyni zamanda DQİDK ölkədə yas mərasimlərinin sadə şəkildə keçirilməsinin təmin edilməsində maarifləndirmə işi aparır. Açıqlamada bu məqsədlə tanınmış din xadimlərinin, ictimaiyyət, dövlət nümayəndələrinin, habelə KİV-in iştirakı ilə başlanılmış təbliğat işlərinin bu gün də davam etdirildiyi qeyd olunur: “Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələdə öz dəstəyini nümayiş etdirir. Hətta QMİ-nin Qazılar Şurası 2009-cu ildə fətva verib və həmin fətvada yas mərasimlərində israfçılığa yol verilməməsinə dair çağırış edilib”.