BolgeXeber.Com » Ölkə » Avtomobillərin “ölüsü” də bahalaşıb - bazardan reportaj

Avtomobillərin “ölüsü” də bahalaşıb - bazardan reportaj

13-09-2017, 14:21
Oxunub: 2 574 Avtomobillərin “ölüsü” də bahalaşıb - bazardan reportajAzərbaycanda adətən qəzalardan sonra təmiri mümkün olmayan və yaxud da düzəldilməsi yüksək xərc tələb edən avtomobillər ucuz qiymətə “ölüxana”larda satılır

Burada isə satıcılar avtomobili hissə-hissə söküb, hər kiçik boltundan belə pul qazanırlar. Son zamanlar isə “ölü” avtomobilin detallarının qiyməti də “əl yandırır”.

İlk olaraq qeyd edək ki, Bakıda bu kimi avtomobil “ölüxanaları” bir neçə yerdə yerləşir. Lakin ən böyüyü Babək prospektində yerləşən “ölüxana” bazarı hesab olunur.

“Yeni Müsavat”ın əməkdaşı olaraq biz də qeyd etdiyimiz ünvanda olub, ümumi vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, qiymətlər bahalaşsa da bazarda müştəri sarıdan problem yoxdur. Elə buna görə də satıcıları manatın məzənnəsi və qiymətlər narahat etmir. Bildirdilər ki, istənilən halda, 5-10 manatlarını götürürlər. Bazarın işləmə mexanizminə gəlincə isə satıcılar yuxarıda qeyd etdiyimiz kimi, təmiri mümkün olmayan və daha çox xərc tələb edən avtomobilləri ucuz qiymətə alırlar. Daha sonra isə detallara bölüb, aldıqları dəyərdən 2-3 dəfə baha qiymətə satırlar. Bazardan alıcıların qazancı isə odur ki, hər bir halda orada satılan köhnə detallar təzələrlə müqayisədə ucuz olur.
Qalaq-qalaq köhnə detalların yığıldığı bazarda onu da öyrəndik ki, burada köhnə modellərin detalları təzələrlə müqayisədə daha bahadır. Səbəb isə odur ki, köhnə avtomobillərin detallarını tapmaq satıcılar üçün də çətindir. Təklif az olduğu üçün qiymət də iqtisadi qaydalara uyğun olaraq bahadır. Məsələn, bazarda 1996-cı il istehsallı “Mercedes” üçün şüşə və güzgülərin idarə olunması paneli 50 manata satılır. Satıcı Cabir bildirdi ki, bazara sosial vəziyyətindən asılı olmayaraq hər kəs müraciət edir: “Burada müştəri baxımından heç zaman problem olmayıb. Adam var ki, avtomobilində, məsələn, şüşələri qaldırmaq üçün düyməni dəyişmək istəyir. Mağazada əgər 20 manata alırsa, biz cütünü 5 manata veririk. Bu da sürücülərə sərf edir. Sadəcə olaraq, burada əsasən köhnə avtomobillər satıldığı üçün alıcılar da elə 1990-cı ilin sonları, 2000-ci ilin əvvəllərində istehsal olunan avtomobillərin sürücüləridir. Bir məqam var ki, hazırda maşın bazarında ”Mercedes"lərin qiymətində kəskin artım var. Bu, “ölüxanaya” da təsir edir. Çünki burada da həmin avtomobillərin detalları satılır".

Söhbət etdiyimiz alıcılar da bildirdilər ki, ümumilikdə bütün detalların qiymətində artım var. Alıcılar söylədilər ki, xüsusilə də sovet avtomobillərindən “Niva”, xarici maşınlardan isə “Mercedes”in detallarının qiyməti bahalaşıb.

Avtomobil ustaları da hesab edirlər ki, bahalaşmaya səbəb avtomobil bazarındakı qiymət artımıdır. Usta Dəniz Ağabəyli “Yeni Müsavat”a bildirib ki, təkcə detallar deyil, yağlar da bahalaşıb: “Bütün detallar təxminən 10-15 faiz bahalaşıb. Məsələn, ”Mercedes" C200 modelinin sürət qutusunun yağını 100 manata dəyişmək olur. Ümumiyyətlə, bu qiymət yağın növündən də asılıdır. Bütün yağlar litrinə görə 1-2 manat bahalaşıb. “Pompa”nı dəyişmək əvvəl 45 manat idisə, indi 55-60 manat arasındadır. Amortizatorlar əvvəl 20 manat idisə, hazırda 30 manatadır. Yəni 10 manat bahalaşıb. Bazarda köhnə maşınların qiyməti dəhşətli dərəcədə bahalaşıb. Bu da hər bir detala təsir göstərir. Bahalaşmaya da əsl səbəb bax budur".

İqtisadçı Rəşad Həsənov isə fərqli düşünür. İqtisadçı qəzetimizə bildirib ki, detallar daha çox avtoparkın köhnə olduğu zaman lazım olur: “Statistikaya nəzər salsaq görərik ki, 2013-cü ildə 104 min, 2014-cü ildə ölkəyə 100 min maşın gətirilib. Ancaq sonrakı üç ildə isə ölkəyə gətirilən avtomobillərin sayı heç geridəki 1 ildə olduğu qədər deyil. Məsələn, ötən il ölkəyə cəmi 6600, bu ilin 7 ayında isə 4500 maşın gətirilib. Statistika onu deməyə əsas verir ki, ölkənin avtoparkı sürətlə köhnəlir. Məsələn, ölkədə təxminən 1 milyon 300 min maşın var və onun 18 faizi ”VAZ 2103" və “VAZ 2106" markalı avtomobillərdir. Artıq bu o deməkdir ki, avtoparkın strukturu köhnəlməyə başlayıb. Belə olduğu təqdirdə isə təbii ki, detal bazarında tələb artır. Çünki avtomobillərin istismar müddətində təmirə ehtiyac tez-tez yaranır. Digər mühüm faktor isə ondan ibarətdir ki, bu detalların təklifi xüsusilə də müəyyən avtomobillərin parçalanıb, hissə formasında satışından baş verir. Bu isə avtomobillərin qiymətlərinin bahalaşması fonunda istismara yararsız avtomobillərin təhvil alınması qiymətlərini də artıran amildir. Ümumi fonda qiymətin bahalaşmasının əsas səbəbi avtomobil bazarında qiymət artımı və yeni hissələrin gətirilməsidir. Əvvəlki dövrlərdə gətirilən avtohissələr artıq satılıb. Yeni hissələr isə məzənnə fərqinə görə daha baha qiymətə başa gəlir. Bu da bazar qiymətlərinə təsir edir. Ölkədə ümumiyyətlə götürəndə 2017-ci ilin ötən aylarında olan inflyasiya 2016 və 2015-ci illərdən qat-qat yüksəkdir. Hazırda inflyasiya səviyyəsi təxminən 14 faizdir. Bu isə ərzaq, geyim, xidmət sahələri ilə yanaşı, avtomobil hissələrinin qiymətində də özünü göstərir. Nəticədə isə bahalaşma baş verir. Ancaq bu, davamlı deyil. Hazırda bazarda qiymətləndirmə prosesi gedir və bir müddət sonra yeni qiymətlərlə bazarda avtomobil və detal tələbi aşağı düşəcək. Çünki müəyyən müddət sonra təbii olaraq, sərfəlilik ortaya çıxır. Qiymətlər səmərəli olmadığı üçün tələb aşağı düşəcək. Bu da qiymət artımının dayanmasına və müəyyən mənada azalmasına səbəb ola bilər”.