BolgeXeber.Com » Xəbərlər » "Bu qanunun yüksək səviyyədə həyata keçməsinə böyük ehtiyac var" - Qənirə Paşayeva

"Bu qanunun yüksək səviyyədə həyata keçməsinə böyük ehtiyac var" - Qənirə Paşayeva

14-09-2017, 17:03
Oxunub: 1 612 "Bu qanunun yüksək səviyyədə həyata keçməsinə böyük ehtiyac var" - Qənirə PaşayevaMillət vəkili Q.Paşayeva MM-in Səhiyyə Komitəsiniin iclasında insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən maddələrindən danışıb və payız sessiyası çərçivəsində məsələnin həllini tapması üçün Səhiyyə Nazirliyi ilə birlikdə müzakirələrin aparılması təklifi ilə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında müvafiq qurumları bir neçə il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb və komitənin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyinə toxunub və Səhiyyə Komitəsi nəzdində bir qrupun yaradılması,oraya müvafiq dövlət orqanlarının rəsmilərini də dəvət edib bu istiqamətdə geniş müzakirələrin aparılaraq qanunun bu maddəsinin işləməsi üçün həlli yollarının tapılmasını təklif edib. 1999-cu ildə Parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər:” Son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. Amma bu haqda qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.

” Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər. Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da küllü miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür: "Bununla da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. İkincisi bəlkə o insanın heç özünün cür və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyiddən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyidinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanizmləri dünyada olduğu kimi bizdə də olmalıdır. Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır.

Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm vəprosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsindəən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var. Millət vəkili Qənirə Paşayeva çıxışında Səhiyyə Komitəsinin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyini, məsələnin öz həllini tapması istiqamtində Səhiyyə nazirliyi ilə birgə müzakirələrin, dinləmələrin keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. Millət vəkili Rəşad Mahmudov da bu məsələ ilə bağlı təkliflərlə çıxış edib. Millət vəkillərinin bu istiqamətdə qaldırdığı məsələlərin çox vacib olduğunu vurğulayan komitə sədri Əhliman Əmiraslanov bu qanunla bağlı komitə daxilində işçi qrupun yaradılmasının və dinləmələrin keçirilməsinin vacibliyi ilə bağlı fikirləri dəstəkləyib və bildirib ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə birlikdə müzakirələr aparılacaq və qanunun vacib maddələrinin işləməsi üçün lazım gələrsə əlavə və dəyişikliklər də edilə bilər. Əsas məsələ odur ki, bu qanunun yüksək səviyyədə həyata keçməsinə böyük ehtiyac var. Səhiyyə komitəsində payız sessiyası çərçivəsində bu qanunla bağlı dinləmə və müzakirələrin təşkili qərarlaşdırılıb.