BolgeXeber.Com » Xəbərlər » Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri dəyişib

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri dəyişib

14-09-2017, 19:02
Oxunub: 2 053 Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri dəyişibƏmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olunub

“APA-Economics”in məlumatına görə, bu gün Fondun Himayəçilik Şurasının iclası keçirilib. İclasda Himayəçilik Şurasının sədri vəzifəsinə Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Əliyar Məmmədyarov seçilib. Qeyd edək ki, bu vaxtadək Fondun Himayəçilik Şurasının sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov olub.

Bundan başqa, Fondun Himayəçilik Şurasının üzvlərində də dəyişiklik olub. Belə ki, Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov Himayəçilik Şurasının üzvlüyündən kənarlaşdırılıb. Onun yerinə Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə seçilib.

Qeyd edək ki, Fondun Himayəçilik Şurasının üzvlüyündə A.Tağızadə ilə yanaşı, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini - Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov, İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov təmsil olunur.

Xatırladaq ki, Himayəçilik Şurası Əmanətlərin Sığortalanması Fondunun ali idarəetmə orqanıdır. 7 nəfərdən ibarət olan Şuranın tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1, Mərkəzi Bankın 1, İqtisadiyyat Nazirliyinin 1, Maliyyə Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və iştirakçı bankların 2 nümayəndəsi daxildir. Himayəçilik Şurası Fondun təşkilati strukturunu, fondun illik büdcəsini, fondun qaydalarını təsdiq edir və qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.