BolgeXeber.Com » İqtisadiyyat » Hakim bank ombudsmanı oldu - problemli kreditlərə o baxacaq

Hakim bank ombudsmanı oldu - problemli kreditlərə o baxacaq

15-09-2017, 10:23
Oxunub: 2 574 Hakim bank ombudsmanı oldu - problemli kreditlərə o baxacaqƏkrəm Həsənov: “Ombudsman müstəqil deyil, çünki ona əmək haqqını banklar ödəyəcək”

Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayıb. Banklar Assosiasiyasının nəzdində bank ombudsmanı təsis edilib. Artıq kiçik həcmli problemli kreditlər məhkəməyə getmədən həll olunacaq. Bunun üçün bank və ya müştəri “bank ombudsmanı”na müraciət etməlidir. İddialara əsasən, ilkin mərhələdə 2 min ABŞ dollarına qədər olan borclara baxılacaq.

Bank ombudsmanı İkram Kərimov bu barədə açıqlama verib. O bildirib ki, məbləğ bilərəkdən 2 min dollar seçilib. Problemli kreditlərin sayı çox olduğundan hələ ki kiçik həcmli borclara baxılacaq: “Mübahisə tərəfi bir tərəfdən bank, digər tərəfdən isə fiziki şəxs və ya onun etibarnaməsi ilə təmin olunmuş səlahiyyətli nümayəndə ola bilər”.

Bank ombudsmanına müraciət olduqca sadədir: “Vətəndaş müraciət üçün bankla bağladığı müqaviləni, şəxsiyyət vəsiqəsini, banka ünvanlanan şikayət ərizənin surətini və bankın arayışını təqdim etməlidir. Ombudsman işə müraciət Bakıdan edildikdə 1 ay, bölgələrdən olduqda isə 2 ay ərzində baxır. Xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Bank ombudsmanının qərarından narazı qalan tərəflər yenidən məhkəməyə müraciət edə biləcəklər”.

Qeyd edək ki, hazırda 19 bank ombudsman xidmətinə qoşulub. Bank olmayan kredit təşkilatları ilə isə danışıqlar aparılır. Bank ombudsmanı İkram Kərimovun sözlərinə görə, gələcəkdə sığorta sahəsində yaranan problemlər də məhkəməyə getmədən mübahisələndiriləcək.
Ekspertlər də bank ombudsmanının fəaliyyətə başlamasını müsbət qiymətləndiriblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bank ombudsmanının fəaliyyəti bu sahədə müsbət dəyişikliyə səbəb olacaq: “İkram Kərimov köhnə hakimdir, çox savadlı insandır. O, ömrü boyu məhkəmə sistemində işləyib, bacarıqlı bir insan kimi tanınır. İkram Kərimov bu işi yaxşı bilir. Banklar Assosiasiyası təxminən 17 bankdan ibarətdir, onlar özləri bunu fikirləşiblər. Artıq banklar bu məsələlərdə özləri də güzəştə getməyə hazırdırlar. Mən özüm də bu ay Qubada vətəndaşların müraciətlərini qəbul etdim, onların 15-i bankla əlaqədar idi. Mən bu məktubları banklara göndərdim və müsbət cavablar aldım. Banklar da artıq güzəştə gedirlər, faiz dərəcəsini aşağı salırlar, ayları uzadırlar. İkram Kərimov kimi təcrübəli bir mütəxəssisin banklarla vətəndaşlar arasındakı problemi həll etməyə çalışması bu sektora xeyir verə bilər”.

İqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, bu institut müstəqil yaradılsaydı, daha çox effekti olardı: “Xeyli ölkədə bu institut var və maliyyə təşkilatları ilə istehlakçılar arasında vasitəçi və arbitr rolunu oynayır. Amma bunun üçün o, müstəqil olmalıdır. Lakin Azərbaycanda Banklar Assosiasiyasının yaratdığı bank ombudsmanı müstəqil deyil. Əsasnaməsinə görə, 5 il müddətinə təyin edilsə də, Assosiasiya hər an onu səbəbsiz vəzifəsindən azad edə bilər. Əmək haqqını da ona Banklar Assosiasiyası ödəyəcək, yəni banklar. Bu əsnada ondan hər hansı müstəqillik gözləmək əbəsdir. Birtərəfli olaraq bankların marağını qoruyacaq. Buna görə də inanmıram ki, real əməli iş görsün. Bununla belə, əlbəttə, vətəndaşlar ona müraciət edə bilər. Verdiyi qərar vətəndaşı qane etməsə, işə məhkəmə tərəfindən baxılmasını tələb edə bilər. Əslində ombudsman ona görə lazımdır ki, həm məhkəmələrin yükü azalsın, həm də bankların və istehlakçıların uzunmüddətli məhkəmə proseslərinə pulu və vaxtı getməsin”.

İqtisadçı vurğuladı ki, bizdə bu institut daha çox gözdən pərdə asmaq üçün yaradılıb: “Buna görə də hər şey əvvəlki kimi qalacaq. Həm də fikir verin ki, ombudsman yalnız 2000 dollaradək olan kreditlər məsələsinə baxacaq. Əvvəla, niyə yalnız kreditlər? Əmanət üzrə də, pul köçürmələri üzrə də problemlər yaranır. Hətta müştərilərin bank kartlarından pullar da itir və s. Niyə ombudsman bu məsələlərə baxmayacaq ki? Ona görə ki, məqsəd birtərəflidir - sırf bankları maraqlandıran kredit məsələlərinin həlli. Özü də niyə 2000 dollaradək? Ona görə ki, belə xırda məbləğlər üzrə banklar məhkəməyə pul və vaxt sərf etmək istəmir: astarı üzündən baha olduğu üçün. Buna görə tez-tələsik ombudsman vasitəsilə həll etmək istəyirlər. Bu zaman milli valyutaya da növbəti hörmətsizlik edirlər. Axı niyə 2000 dollar? 3400 manat yazmaq olmazdı?”

İqtisadçı ekspert Rəşad Həsənov dedi ki, ombudsman fəaliyyəti daha kiçik mübahisələrdə, anlaşılmazlıqdan ortaya çıxan mübahisələrin həllinə istiqamətlənən bir fəaliyyətdir. Bu baxımdan, yanaşdıqda, 2000 dollar limitinin götürülməsi problemin əhatə dairəsini konkret müəyyənləşdirməyə kömək edər: “Bank ombudsmanının fəaliyyətini düzgün qiymətləndirə bilməyən, onun hansı funksiyaları əhatə etdiyini bilməyən daha böyük kredit sahibləri bu institutun imkanlarından istifadə etməyə çalışa bilərlər. Bu da müəyyən mənada narazılıqlara gətirib çıxara bilər. Bu, müsbət qiymətləndirilməlidir. Çünki ombudsmanlar heç bir halda prosesin hüquqi tərəfini tam mənası ilə həll edə bilməz. Ona görə də böyük mübahisələrdə razılıqların əldə olunmasında çətinliklər ortaya çıxsır. Bu gün məhkəmələrdə 750 mindən artıq kredit mübahisələri var. Məhkəmə institutu bu qədər işi qısamüddətli dövrdə həll edə bilmir. Elə kredit işləri olacaq ki, illərlə həllini tapmayacaq. Son nəticədə həmin vəsaitlər dövriyyədən kənarda qalır. Bank kredit götürən üzərində təzyiqi artırır. Belə bir şəraitdə vətəndaş, biznes subyekti və bank arasında bir körpü, eyni zamanda barışdırıcı tərəf, anlaşılmazlıqdan meydana gələn problemləri həll edən bir institutun olması növbəti dövrlərdə bu kimi problemlərin daha qısamüddətli dövrdə həll olunmasına gətirib çıxaracaq”.