BolgeXeber.Com » Müsahibə-Reportaj » Şirvan Olimpiya Kompleksi niyə tikilmir?

Şirvan Olimpiya Kompleksi niyə tikilmir?

22-07-2010, 16:30
Oxunub: 7 429
Olimpiya kompleksinin yoxa çıxan hasarlarını harda axtarmalı?

«Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığını tökdü, inşaatçılara uğurlar arzuladı». Bu ilin aprelində Şirvan şəhərində təməli qoyulan Olimpiya İdman Kompleksilə bağlı rəsmi dövlət agentliyi olan AzərTAc-ın yaydığı xəbər bu cümlə ilə bitir.

Prezidentin inşaatçılara uğurlar arzulamasından sonra Olimpiya kompleksinin tikintisi davam etdirilməliydi, ancaq iyul ayı da başa çatır, heç işə başlanılmayıb. Səbəb bəlli deyil. İndi idman kompleksinin tikiləcəyi yerdə- prezidentin giliz atdığı, eni-uzunu beş-altı metr olan çuxurda diametri təxminən bir metr olan beton örtüyü qalır.

Təməlqoyma mərasimində yaradılan təmtəraqlı görüntülərdən, tikinti gedəcək əraziyə çəkilmiş və idmana aid müxtəlif fotoşəkillərlə bəzədilmiş hasarlardan isə əsər-əlamət qalmayıb.

Mərasimi kənardan izləmiş sakinlərin iddiasına görə, bər-bəzəkli hasarlar elə prezident ərazini tərk edən kimi sökülüb. Hər şeyin tez yığışdırılması, üstəlik ərazidə iş aparılmaması sakinlər arasında müxtəlif söz-söhbətlərə səbəb olub.

Yaxınlığındakı beşmərtəbəli binanın sakinlərindən Əli Məmmədov tikintinin aparılmamasını daşqınlarla əlaqələndirir. Deyir, ola bilər, Kür çayındakı daşqınlardan sonra həmin ərazidən bir neçə yüz metr kənarda qaçqınlar üçün çadır düşərgəsi salındığından işi dayandırmaq qərarına gəliblər.

Amma digər həmsöhbətim Vidadi Məsimov həmşəhərlisinin bu ehtimalları ilə razılaşmır. Deyir əvvəla ilk daşqın hadisəsi, ilk kəndin su altında qalması mayın 7-ə təsadüf edir, amma prezident kompleksin təməlini ondan bir ay əvvəl qoyub.

Onun fikrincə, əgər iş aparılmaması daşqınlarla bağlı idisə, onda məntiqlə may ayına qədər həmin ərazidə hansısa bir iş görülməli idi və sonra iş yarımçıq saxlanmalı idi.

Vətəndaşlar arasında prezidentin aldadıldığını düşünənlər də var. Amma həmsöhbətim Vidadi Məsimov bu fikirlə də razılaşmır. Hesab edir ki, prezidenti aldatmağa heç kim cürət etməz. Həm də düşünür ki, ola bilməz ki, dövlət başçısı təməlini qoyduğu obyektdə, ümumiyyətlə, iş aparılmadığından xəbərsiz olsun: «Sən öz ailənə nə baş verdiyindən necə xəbərsiz ola bilərsən? Prezident də ölkənin başçısıdır, o, necə xəbərsiz ola bilər belə şeylərdən? Bir də onu necə aldada bilərlər? Axı bir müddətdən sonra kompleksin tikintisi ilə maraqlanacaq, ona nə deyəcəklər? Bu mümkün deyil».

Vidadi Məsimov düşünür ki, ola bilsin, yer ölkə başçısının xoşuna gəlməyib.

Milli Olimpiya Komitəsində isə baş verənlərdən tam xəbərsizdirlər. Komitənin mətbuat xidmətinin rəhməri Cəmaləddin Rəhimov hesab edir ki, əgər prezident nəyinsə təməlini qoyubsa, həmin yerdə gec-tez iş aparılacaq. Mətbuat xidmətinin rəhbəri düşünür ki, bəlkə də bu tikintinin aparılması ilə bağlı qrafikdə hansısa dəyişiklik olub və ya tikinti aparan şirkət başqa birisilə əvəzlənib deyə, yubanma var: «Təməli qoyulan komplekslərin gec-tez hamısı tikiləcək. Hər halda prezident bir yerə beton tökürsə, orda gec- tez o şey olmalıdır. Ola bilsin, tikinti təşkilatı hansı təşkilatdırsa, onunla iş alınmayıb və ya şirkəti dəyişiblər Amma hasarların sökülməsini bilmirəm, ola bilər maskalanma üçün nəyisə tikiblər və sonradan onları yığışdırıblar, o ola bilər, ya da hasarları kimlərsə söküb aparıb».

Şirvan şəhəri Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyevin dediyinə görə, təməli prezident tərəfindən qoyulan kompleksin eskiz layihəsi təməlqoymadan sonra hazırlanıb. Tikinti ilə bağlı tender isə hələ də başa çatmayıb. Kompleksin təməl betonu tökülsə də, ortada hələ tam təsdiqlənmiş layihə yoxdur.

Azər Quliyevin sözlərinə görə, mərasim zamanı prezident ona göstərilən üç-dörd layihədən birini bəyənib və tikintinin də həmin layihəyə uyğun aparılmasını istəyib: «Cənab prezident memarlıq üslubu və idman növü baxımından Şirvana uyğun kompleksin tikilməsinə qərar verib».

Azər Quliyev avqust və ya sentyabrda kompleksin tikintisinə başlanacağını bildirir. Qaldı ki hasarların hara aparılmasına, Azər Quliyev deyir ki, hasarları heç kim oğurlamayıb, sadəcə reklam məqsədilə çəkilibmiş və mərasim bitəndən sonra da yığışdırılıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev tikintilə bağlı bütün məsələlər tam aydın olmayana qədər və tender başa çatmamış tikintinin təməlinin qoyulmasını absurd məsələ sayır. «Əlbəttə bu tamamilə yanlış və absurd bir məsələdir, bunun izahı yoxdur. Bunu istəyirsən iqtisadçıdan, istəyirsən inşaatçıdan soruşun. Tikintinin texniki-iqtisadi əsaslandırılması olmalıdır, layihəsi olmalıdır, bundan sonra tender keçirilməlidir. Təməlqoymaya beton qarışdırıb töküblər, indi onu hansı pulla alıblar, belə absurd şey olmur axı».

Rövşən Ağayevə görə, tikintinin təməli qoyulursa, bu o deməkdir ki, artıq tikintilə bağlı hər şey, tikintini aparacaq şirkətdən tutmuş onun neçəyə başa gələcəyi və hansı müddətə hazır olacağına qədər hər şey bəlli olmalıdır. Özü də bununla bağlı məlumatlar hamının görə biləcəyi bir neçə yerdə asılmalıdır. İqtisadçıya görə, tikintinin təməlinin qoyulması işə start verilməsi deməkdir.

Hazırda Azərbaycanda 26 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, 10 kompleks isə tikilməkdədir. Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilən bütün komplekslərin xərci büdcə vəsaitləri hesabına ödənilir. Bir olimpiya kompleksi isə orta hesabla 20 milyon manata başa gəlir.