BolgeXeber.Com » Analitika » Şadlıq saraylarındakı israfçılıq və ölkənin ərzaq təhlükəsizliyi - ARAŞDIRMA

Şadlıq saraylarındakı israfçılıq və ölkənin ərzaq təhlükəsizliyi - ARAŞDIRMA

19-09-2017, 11:40
Oxunub: 5 128 Şadlıq saraylarındakı israfçılıq və ölkənin ərzaq təhlükəsizliyi - ARAŞDIRMAPrezident işə qarışmasa…

Azərbaycan hökuməti 20 ilə yaxındır ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı islahatlar aparır, tədbirlər planlaşdırır, müəyyən işlər də görülür… Belə ki, «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı»nın təsdiq edilməsi haqqında hələ 2001-ci ildə Prezident Sərəncam imzalamışdır. Sərəncamda deyilirdi ki, «…Ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşdirilməsini, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasının Ərzaq təhlükəsizliyi Proqramı» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Dövlət Aqrar İslahatı Komissiyası, aidiyyәti nazirlik, komitə və təşkilatlar bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 2 mart 2001-ci il
№ 640».
Sonra «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı»
Təsdiq edilir. Proqramda isə deyilir ki, «Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikası Hökumətinin mühüm vəzifələrindən sayılır. Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır…».
Proqramda o da yazılır ki, ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan Respublikasının Hökuməti iki mərhələdən ibarət olan strategiyanın həyata keçirilməsini öhdəsinə götürür…
Oxşar Dövlət Proqramı 2008-ci ildə qəbul edilib. Məzmunu eyni olduğundan əlavə şərhə ehtiyac görmürəm. Çünki bu Dövlət Proqramında da ölkənin ərzaq təhlükəsizliyi dövlətin vacib vəzifəsi sayılır və s.

Ölkədə ərzaq təhlükəsizliyinə təhlükə yaradan çoxsaylı şadlıq sarayaları…

Ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarını elə-belə xatırlamadım. Məsələ ondadır ki, Azərbaycan hökuməti ölkədə ərzaq təhlükəsizliyinə dair Proqram qəbul edir, ərzaq istehsalının artırılması üçün vəsait ayırır, texniki-təşkilati tədbirləri nəzərdə tutur, aidiyyəti nazirlik və komitələr bu işə səfərbər olunur… Bu biri tərəfdən isə heç kim ölkədə ərzaq təhlükəsizliyinə təhlükə yaradan mənbələrin-maneələrin aradan qaldırılmasını fikirləşmir… Konkret bir misal: ötən bazar günü, axşam saatlarında Bakının Nizami rayonunda keçirilən iki toya dəvətli idim. Toyun hər ikisi ən dəbdə olan şadlıq saraylarında keçirilirdi.
Yeri gəlmişkən, Bakının 8 km. kimi tanınan ərazisindəki yaşıllıqların-meşələrin yerində ucaldılmış bu qədər çoxsaylı şadlıq saraylarının buraxdığı kabab tüstüsü bu ərazidə yaşayan sakinlərin ciddi ekoloji problemi saylıa bilər. Elə Bakının da. Həmin ərazidə neftayırma zavodunun koks qurğusu var. Həmin qurğunun buraxdığı tüstü-zərərli qazların konsentratı kabab tüstüsünün sıxlığında yox olur, görünməzdir. Bu dəhşətdir! İnanırıq ki, Ekologiya Nazirliyi bu məsələni araşdıracaq. Bu, ağacların kəsilməsindən də betər cinayətdir. Heç bir şadlıq sarayında tüstüboğan filtr yoxdur… Bu barədə daha geniş yazı çapa hazırlanır…
***
Qayıdaq mövzumuza: Allah bütün balaları xoşbəxt eləsin... Çox istərdim ki, Prezident sərəncamı ilə Azərbaycanda ərzaq təhlükəsizliyinə cavabdeh məmurlar saat 22-23 radələrində toylarımızın keçirildiyi şadlıq saraylarına baş çəksinlər və toylardakı ifrat israfçılığı görüb ölkə rəhbərliyinə məruzə etsinlər. Amma olduğu kimi danışsınlar... Mən tam əminəm ki, əgər hər il dövlət büdcəsindən ərzaq təhlükəsizliyinə yüz milyonlarla dollar vəsait ayıran, Dövlət Proqramını təsdiqləyən Prezident İlham Əliyev şadlıq saraylarımızdakı bu ifrat israfçılığı görüb-bilsə, ən sərt tədbirləri görəcək…


Harın və qudurğan məmurları həm də şadlıq saraylarının himayəçiliyində axtarmaq lazımdır…

Bəli, Prezident İlham Əliyev harın və qudurğan məmurların, sözün yaxşı mənasında, düşmənidir, onların özlərinin, ailə üzvlərinin qudurğan hərəkətlərinə həmişə sərt reaksiya verir. Son bir ildə yüksək vəzifəlilərin ailə üzvlərinin qudurğan hərəkətlərinin həbslə, digər cəzalarla qiymətləndirilməsi də bunun sübutudur… Amma cənab Prezidentin diqqətinə elə bu yazı ilə çatdırıram ki, qudurğanlıq təkcə avtoşluq edib adam öldürməkdən keçmir… Ən böyük qudurğanlıq həm də ölkənin ərzaq təhlükəsizliyinə bilə-bilə, şəxsi maraq və məqsədlər güdərək ağır zərbə vurmaqdır… Konkret misal: yuxarıda qeyd etdiyim şadlıq evində (ikinci toya saat 21:00-dan sonra getdim) adəti olaraq saat 18:00-da toy başladı, saat 19:30-a kimi hamı soyuq qəlyanaltıdan yedi, saat 20:30-da isti yeməklər gəldi... Masalar ət yeməkləri ilə dolub daşır, tökülüb qalır... Çox adam artıq səs-küydən bezib evinə gedir… Yeməklərin şahı-plov isə adətən saat 23:00-da gəlir. Burda da elə olur yəqinki... Menyunu izlədim, 107 yemək növünə- müxtəlif növ içki, balıq, toyuq, mal əti xörəkləri, salat və s. adına rast gəldim. Hamısı reklam xatirinədir. Şəxsən mənim də əyləşdiyim masadakı çoxsaylı kolbasa və balıq qəlyanaltılarına kimsə əl uzatmadı. Təsəvvür edin, kababla yanaşı duzlu balıq, silyotka, kolbasa verirlər. Bu iyrənclikdir! Hətta iş o yerə çatıb ki, qadınlar əyləşən masalara da spirtli içilər düzülüb, özü də ən azı 10 cürə-pivələr, viskilər, konyaklar, şərablar, araqlar… Bu nə reklamdır??? Bu qədər israfçılıq kimə lazımdır??? Sən demə lazımdır-Bakıdakı şadlıq saraylarının sahibi olan məmurlara!!! Yazıq valideynlər bilmir balalarının toyunda baş verənlərə göz qoysun- izləsin, yoxsa yığılan pulun üstünə nə qədər də qoyub saray dələduzlarına verməyi düşünsün... Adminstratordan xəbər alıram ki, bu qədər bahalı məhsulları niyə itə atırsınız, əl vurulmayıb, bəlkə menyunu azaldasınız! Deyir ki, yox, bu bizim reklamımızdır...
İlahi, millət reklama işləyir, bir hissə də borc içində toy edir... Belə toylarımızda adam özünü necə xoşbəxt saya bilər??? Ay saray fırıldaqçıları, bu millət də sizindir, menyunuzu azaldın, maya dəyəri az olsun ki, toy edənlər də borca düşməsinlər... Menyunun qiyməti isə adambaşına 80 manatdır! Bu qədər israfçılıqdan sonra adamın başına necə də daş düşməsin! Axı şadlıq saraylarının sahibləri niyə bu qədər artıq, sırf reklama xidmət edən ərzağı toy edənlərə sırıyıb süni bahalıq yaratmaqda maraqlıdırlar?!

Tutumu 3 litir olan mədəyə bu qədər ərzağı necə təpişdirmək olar?

Tibbi ədəbiyyatı vərəqləyirəm: insan mədəsinin tutumu 3 litrdir, istisna hallarda bu tutum (adətən xəstəlik əlaməti kimi) 5-8 litrə qədər ola bilər. Bu da on min adamdan birində ola-olmaya. Adını çəkmədiyim həmin şadlıq sarayında menyuda 107 çeşid var: çörəklər, turşular, meyvələr, tərəvəzlər, sular, içkilər, heyvan (qoyun, mal, quş, balıq) və bitki mənşəli yeməklər və s. ərzaqlar. Bura biskivitləri, dondurmaları, tortu, saat 23:00-24:00-da süfrəyə gətirilən plovu da əlavə etsək, görün necə bir vəziyyət alınır. Hətta masaya qarpız-yemiş də gətirildi… Təxmini hesablama apardım və bir nəfərə orta hesabla 8-9 kq ərzaq düşür. Yenə də tibbi ədəbiyyatda oxuyuram ki, insan mədəsi ərzağı təxminən 8-12 saata həzm edir. Bakıdakı toylarımızda təxminən saat 24:00-a, bəzən 01:00-02:00-a qədər yemək paylanır və yeyilir… Təsəvvür edin, gecə saat 12-də yeyilən yemək növbəti gün saat 12-dək həzm prosesi keçməlidir. İndi siz deyin, bu qədər ərzağı yeyən adamın mədəsi, ürək-damar sistemi, qara ciyəri, mədəaltı vəzi (şəkər xəstəliyi) niyə də xəstə olmasın!!! Doğrudanmı şadlıq saraylarının müdirləri belə düşünür ki, saat 24:00-a qədər masa üzərinə tökülmüş bu qədər ərzaq yeyiləcək, içiləcək, bu adamların mədəsi elevator kimi bunu həzm edəcək?!

Ərzaq təhlükəsizliyimizə təhlükə yaradan şadlıq saraylarının siyahısı prezidentə təqdim edilməlidir ki…

Təxmini hesablamalara görə, Bakı şəhərində və ətraf qəsəbələrdə 900-dən çox şadlıq sarayı var. Əməkdaşlarımız təkzə Bakının Nizami rayonunda 180 şadlıq sarayı sayıb. Şadlıq saraylarının birində çalışan məsul işçilərdən öyrəndik ki, onlar hər toy olanda orta hesabla 14 qoyun, 300 kq mal əti, 50 kq təzə balıq alırlar. İndi adi bir hesablama aparın: Bakıda dini mərasim və bayramları çıxsaq, ilin təxminən 8 ayı toy olur. Orta səviyyəli şadlıq sarayında ilin təxminən 180 günündə (bəzilərində çoxdur) toy keçirilir. Nəzərə alsaq ki, Bakıda elə şadlıq sarayları var ki, məsələn, «Xəmsə» kimi, həyətində və ya mərtəbələrində 3-6 şadlıq sarayı sıralanıb, toy edilir. Yenə də orta hesabla 900 şadlıq sarayını vururuq bir gün hesabı ilə 14 qoyuna, 300 kq mal ətinə və 50 kq. balıq ətinə. Belə bir rəqəm alınır: 12600 qoyun (biri 12 kq-dan hesablansa, bu da edər-151200 kq.); 270 ton mal əti; 45 ton balıq əti. İndi bu rəqəmləri vuraq 180 günə. Nəticədə belə bir rəqəm alınacaq: 2 milyon 268 min baş quzu; 48600 ton mal əti və 8100 ton balıq əti.
Bəli, bu rəqəmlər ola bilsin azacıq da olsa reallıqdan uzaq olsun, amma fakt budur ki, təkcə Bakıda məmurlara məxsus şadlıq saraylarında il ərzində 2,3 milyon quzu, 48600 ton mal əti, 8100 ton balıq əti istifadə edilir və onun da 60-70 faizi israfçılığın qurbanı olur. Şadlıq saraylarımızdakı bu israfçılığı 50 faizdən götürsək, belə çıxır ki, il ərzində təxminən 1 milyondan çox quzu, 24300 ton mal əti və 4500 ton balıq əti həmin saraylarımızın sahiblərinin israfçılığının qurbanı olur. Bu qədər ərzaqla isə (bura meyvə və digər ərzaqları da əlavə etsək) nə qədər ac-yalavac insanı doyuzdurmaq, dövlətimizin ərzaq təhlükəsizliyinə səbəb olan təhlükələri kənarlaşdırmaq olar. Qeyd olunan ərzaqların indiki bazar qiymətləri ilə dəyərini hesablasaq, yüz milyon dollarlarla vəsait edər. Bu, həmin şadlıq saraylarının arxasında duran məmur sahiblərinin dövlətin cibinə girən israfçılığı, ölkənin ərzaq təhlükəsizliyinə vurulan ağır zərbəsidir.

Prezident işə qarışmasa…

Dəfələrlə yazılıb və deyilib ki, toylarımızdakı bu israfçılığın qarşısı alınmalıdır, çünki bu həm dövlətin ərzaq səbətinə, həm də əhalinin maddi durumuna düşməncəsinə vurulan zərbədir. Lakin tədbir görülmür. Niyə? Çünki tədbiri məmurlar görməlidir, məmurlar isə həmin şadlıq saraylarının sahibləridir, bunu hamı bilir. Məsələn, «Təzadlar»ın Araşdırma Qrupu hazırda məmur saray sahiblərinin adlarını siyahılandırıb, onların və onların yaxın adamlarının, övladlarının, qohumlarının… adına olan şadlıq saraylarının sayı 200-ü keçib, siyahı təkmilləşdirilir, dərc olunacaq. Qalanları isə orta çinli məmurlardır, bir hissəsi də sabiq məmurlar… Elə nazir var ki, onun 12 şadlıq sarayı və 20-yə yaxın restoranı var. Olsun! İstəməyənin gözü çıxsın! Amma cənab məmurlar, bu dövlət də, onun vətəndaşları da sizindir. İnsafınızı qılınc kimi itiləyib düşmüsünüz xalqın üstünə. Əhali isizdən israfçılığın qarşısının alınmasını istəyir. Toylarda yeyilən qədər ərzaq istifadə edilsə, nə olar! 50 faiz israfçılıq qiymətlərin 50 faizi deməkdir. Siz israfçılığı 50 faiz azaltsanız, maya dəyərin, yəni xərcinizin 50 faiz azalması, toy sahibinin tutduğu yerə görə adambaşına qiymətinin yarıbayarı azalması deməkdir. Həm siz udarsınız, həm ölkəmizin ərzaq təhlükəsizliyi, bir də əhali. Niyə bunu etmirsiniz??? Prezident İlham Əliyev 2 dəfədir ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramını təsdiqləyir, icrası üçün Dövlət büdcəsindən yüz milyonları ayırır… Siz isə başınızın üstündən Prezidentin iri portretini asıb, şadlıq saraylarınızda isə prezidentin iradəsinin və qəbul etdiyi Dövlət Proqramının əleyhinə hərəkətlər edirsiniz. Bu qeyri-səmimi münasibətin adı isə belədir: məsələyə prezident özü qarışmalıdır, yoxsa…
Mövzunun davamı var, bu istiqamətdə istənilən əhəmiyyətli ideyaları dəstəkləyirik.
Asif Mərzili
P.S. Şadlıq saraylarının menyusunu əldə etmişik, növbəti yazıda dərc ediləcək… Sadəcə, baxıb gülmək, sonra ağlamaq və nəticə çıxarmaq üçün. Görün o menyudakıları bir neçə saata yeyib mədəyə doldurmaq mümkündürmü???