BolgeXeber.Com » Sosial » Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO

Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO

23-09-2017, 17:21
Oxunub: 3 208 Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEOMasallı rayonunun Kürdəbaz kənd ümumi orta məktəbi 1988-ci ildən fəaliyyət göstərir

Bu il məktəbin bağlanması səbəbindən 81 şagird qonşu Qarğalıq kənd məktəbinə təhsil almağa gedir

Uzun illər Kürdəbaz məktəbində müəllim işləyən Eynulla Zalıyev deyir ki, bu kəndin şagirdləri həmişə yüksək bal toplayaraq ali məktəblərə daxil olurdular: "Mən Qarğalıq məktəbində işləyirəm. Burada 10-11-ci sinif olmadığından uşaqlar ora gəlir, onların bəziləri heç yazı yaza bilmir, təlim-tərbiyə aşağı səviyyədədir. Bizim məktəbimiz əvvəllər Qarğalıq kəndi ilə bir yerdə olub, həmişə ali məktəblərə bizim kənddən çox uşaq daxil olurdu".

Rayon təhsil şöbəsinin müdir müavini Samit İslamovun sözlərinə görə, məktəbin bağlanması qərarı 2016-cı ildə verilib və qanuni şəkildə də icra olunub: "2013-cü ildən məktəblərin rasionallaşması məsələsi qoyulub və bu, tədrisin keyfiyyət dərəcəsinin aşağı, maddi-texniki bazası zəif, şagird sayı az olan məktəblərə şamil edilib. Həmin məktəblərdəki şagirdlər yaxınlıqdakı daha yaxşı məktəblərə istiqamətləndiriliblər. Bu səbəbdən bu məktəbin bağlanmasına Təhsil Nazirliyi qərar verib. Onu da qeyd edim ki, o məktəbdə təhsilin səviyyəsi aşağıdır, orda işləyən müəllimlərin böyük əksəriyyəti öz ixtisası üzrə 15 baldan aşağı nəticə göstərib".

Sosial şəbəkələrdə isə məktəbin bağlanaraq yerində şadlıq sarayının tikiləcəyi iddia olunur. Çəkiliş apardığımız zamanı belə bir vəziyyətlə rastlaşmadıq. Elə kənd sakinləri də bunun şayiə olduğunu dedilər: "İnternetdə yazılanlara görə, məktəbi şadlıq sarayına çevirmək istəyirlər. Mən belə şey eşitməmişəm, burda şadlıq sarayı tikilmir. O ki qaldı məktəbə, məktəbin fəaliyyəti bərpa olunsa, lap yaxşı, yayılan söhbətlər isə əsassızdır".

Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov isə sual edir ki, necə olur Təhsil Nazirliyinin balansında olan torpaq və məktəb satılır, nazirliyin burada olan nümayəndələrinin məlumatı yoxdur: "Bu məktəbin və digər məktəblərin həm həyəti, həm də binası Təhsil Nazirliyinin balansındadır, bu dövlət əmlakıdır. Dövlət əmlakını heç kim sata, ala bilməz. Bu şayiədir, kiminsə xeyrinə olan şayiələrdir".

Qeyd edək ki, Kürdəbaz məktəbi ilə yanaşı, Qızılavar və Məmmədoba kəndlərinin də məktəbləri bağlanaraq, onlara yaxın olan məktəblərə köçürülüb. Məsafə uzaq olan ərazilərdə isə şagirdlərin daşınması üçün avtobus ayrılıb.