BolgeXeber.Com » Mədəniyyət » “Tufan və gəmidə namaz qılan qoca”(RƏVAYƏT)

“Tufan və gəmidə namaz qılan qoca”(RƏVAYƏT)

30-09-2017, 14:39
Oxunub: 6 597 “Tufan və gəmidə namaz qılan qoca”(RƏVAYƏT)"Hər kəs milliyyətindən asılı olmayaraq öz dilində Allaha yalvarmağa başladılar"

Artıq bir neçə gün idi ki, havalar dəhşətli dözülməz isti keçirdi. Hind okeanının ortasında yük dolu bir gəmi öz yelkənlərini boşaldıb qədim və zəngin Bəsrə şəhərinə qayıdırdı. Küləkdən və yeldən heç bir əsər-əlamət yox idi. Gəminin kapitanı yaman təşvişə düşmüşdü. Çünki bu sakitliyin sonu heç də yaxşı nəticə verməyəcəkdi. Üstəlik gəmidə içməli su da qurtarmaq üzrə idi.

Dənizçilər istilikdən əzab çəkirdilər, bekarçılıqdan aşıq-aşıq oynayır, içib əylənirdilər. Bir neçə bahalı geyimli tacir isə, bir küncdə əyləşib öz aralarında söhbət edirdilər. Onlar şəxsi işlərindən, mallarından danışıb qürrələnirdilər.

Xristian tacir danışırdı ki, Hindistandan, Çindən gözəl parça topları aparır ki, Bağdadda yaxşı, sərfəli qiymətə sata bilsin.

Müsəlman tacir aldığı cariyə (kölə) qızlarından danışırdı:

-Mən düz on iki gözəl qız almışam. Onların birini mən bizim sultanımıza bağışlayacağam, ikincisini özümə saxlayacağam, o birilərini də əlverişli qiymətə varlı tacirlərə satacağam. Qazandığım pullara özümə dükan açacağam və alış-verişlə məşğul olacağam.

-Amma mən, – yəhudi tacir deyirdi, – fil sümüyü və qiymətli daş-qaş aparıram. Bütün bunları satdıqdan sonra ömrümün sonuna qədər rahat həyat sürəcəyəm.

Gəminin bir küncündə isə ağsaçlı və ağ saqqallı nurani bir qoca oturub sübh namazı qılırdı. Bütün yol boyu isə o, bir kimsəylə danışmamış, ətrafında heç nəyin fərqinə varmadan sakitcə oturmuşdu. Qıraqdan baxanlara elə gəlirdi ki, bu adamı dünyada heç nə narahat etmir.Amma namazını bitirən kimi tacirlərə üzünü tutub dedi:

-Mənim övladlarım, artıq neçə gündür ki, mən sizin söhbətlərinizə qulaq asıram, işlərinizin belə uğürla olmasına çox sevinirəm. Amma bir işə təəccüblənirəm ki, niyə sizdən heç biriniz Allaha şükür etmirsiniz? Məgər bizim taleyimiz onun əlində deyil?

-Qulaq as qoca, – tacirlərdən biri çox kobudcasına dilləndi, – sənə bunun nə dəxli var ki, biz Allaha dua edirik, yoxsa yox?

-Allaha müraciət etmək , onu tərifləmək qocaların işidir. Ürəyin nə qədər istəyir onu təriflə və dua et, bu sənin öz işindir, – deyə xristian tacir də onu sancdı.

-Sən yəqin ki, o dünyaya hazırlaşırsan, ona görə də Allaha dua edirsən ki, sənin günahlarını bağışlasın, – müsəlman tacir ürəkdən qaqqıldadı, – nə qədər ki, vaxtın var, dua et, bəlkə o səni cənnətə qəbul edər.

Və bu sözlərdən sonra hamısı ürəkdən gülüşdülər. Sərxoş dənizçilər bu söhbəti eşidib onlara yanaşdılar. Elə səs-küy qalxdı ki, bu işə gəminin kapitanı qarışdı:

-Bəsdirin, məgər görmürsünüz, bu kişi artıq ağlını itirib, başı xarab adama gülmək günahdır, – kapitan öz “ağıllı” sözlərindən razı görkəm aldı.

-Bəlkə onu suya ataq, qoy balıqlara yem olsun. Elə kişiyə də yaxşı olar, cənnətə tez düşər.

-Kəsin səsinizi, mən əmr edirəm! – kapitan qəzəbləndi: – O, yol pulunu çox yaxşı ödəyib, cəhənnəm olsun. Mən söz vermişəm və Bəsrəyə qədər onu aparacağam, – sən də ki, qoca kaftar, səsini kəs. Yoxsa mən sənin həyatına cavabdeh deyiləm. Çünki mənim dənizçilərim əsəbləşib səni okeana atarlar , tezliklə ulu babalarının yanına gedərsən.

Qoca dillənməyinə peşman oldu. Amma arxasınca deyilən bu atmacaların birinə də cavab vermədi.

Axşama yaxın rüzgar əsməyə başladı. “Axır ki”, – kapitan düşündü, amma o çox tez sevinmişdi. Gəmi, gah dalğanın bir tərəfindən, gah o biri tərəfindən ləngər vurmağa, tərpənməyə başladı. Birdən-birə güclü qasırga qopdu. Elə bil ki, bütün dalğalar cuşa gəlib gəmini batırmaq istəyirdi. Bir neçə dənizçi az qaldı ki, batsın. Külək bərkidi. Qasırğa başladı. Tufan bərkimişdi. Külək gəminin yelkənləri qoparıb suya tökmüşdü. Xilas olmağa heç bir ümid yox idi. Gəmidəkilər qoxmağa başladılar. Adamları ağlamaq tutmuşdu. Birdən camaat sanki Allahı xatırladı. Və hər kəs milliyyətindən asılı olmayaraq öz dilində Allaha yalvarmağa başladılar. “İlahi, ay Allah, ay Allah, sən özün bizə kömək ol, – hər tərəfdən dualar və yalvarışlar eşidilirdi.

Və yalnız bu dəhşətli hadisəni qoca soyuqqanlıqla qarşılayaraq onları seyr edirdi.

-Sən niyə oturmusan? Məgər bütün bunların sənə dəxli yoxdur?

-Ona ölüm qorxulu deyil, o öz dövranını sürüb, – deyə yahudi taciri acıqla dilləndi.

-Biz ölmək istəmirik, – deyə hər tərəfdən iniltili səslər eşidilirdi.

-Bəlkə o, cadugardır, bəlkə bu bədbəxtliyi bizə o gətirdi?

-Yox, – qoca sakitcə dilləndi, – mən cadugar deyiləm, siz öz bədbəxtliyinizdə özünüz günahkarsınız!

-Qoca, – gəminin kapitanı yalvarıcı görkəmlə dedi, – sən görürsən ki, gəmi artıq batmaq üzrədir. Biz ölüm təhlükəsindəyik. Sən bayaqdan Allahdan danışırdın, nə olar, bizim əvəzimizə də Allaha dua et, səndən nə gedir?

Elə bu an gəmini üzərinə hündür bir dalğa qalxdı.

-İlahi, biz öldük, bizim axır dəqiqələrimiz çatdı.

Bayaqdan bütün olanları seyr edən qoca iki əlini göyə qaldıraraq ucadan dua etməyə başladı:

Ey ən böyük əzəmətli və qüdrətli Allah! Sən, biz günahkar bəndələrini bağışla. Sən görürsən ki, bu adamlar öz günahlarını boyunlarına aldılar. Sən bağışlamağa qadirsən, bizim heç birimiz bütün ömrümüz boyu sənin bu böyüklüyünü və qüdrətini unutmayacağıq və ömrümüz boyu sənin adına dua edəcəyik!

Elə həmin andaca dalğalar sakitləşdi. Fırtına dayandı. Yarısı sınmış gəmi düzgün istiqamət aldı və sakitcə yırğalanmağa başladı. Camaat gözləri ilə gördüyü, inanmadıqları bu möcüzəyə çaşaraq, qocanın ayaqlarının altına düşdülər.

-Bizi bağışla, müqəddəs insan! Biz bilməmişik ki, bizim aramızda Peyğəmbər var imiş! – deyərək onun paltarının ətəklərini öpməyə başladılar.

-Yox, yox. Səhv edirsiniz, mən müqəddəs insan deyiləm. Mən Peyğəmbər də deyiləm. Əstafurla… Mən də sizin kimi adi Allah bəndəsiyəm, – qoca ətəklərinin onların əlindən almağa çalışdı.

-Necə yəni, axı sən bizim həyatımızı qurtardın? – diz üstə çökmüş kapitan dilləndi.

-Mən yox, sizin hamımıza rəhm edən və bağışlayan Allah xilas etdi.

-Axı biz hamımız ona yalvardıq, amma Allah tək sənin dualarını, sənin səsini eşitdi. Bəs bu necə baş verdi?

-Təəccüblü heç bir şey yoxdur, – deyə müdrik qoca cavab verdi, – mən bütün ömrümü Allaha qulaq asıb,onun insanlara buyurduqları ilə oturub-durmuşam. Heç vaxt bir günah və insafsızlıq etməmişəm. Mən Allahı sevirəm və Quranda yazılanlara əməl edirəm. Nəyə görə Allah məni ömrümdə bircə dəfə eşitməsin? Mən sizdən fərqli olaraq həmişə Allahın buyurduğu yolu tutmuşam, ona görə də mənim duamı Allah eşitdi!

Gəmi ləpələrin qucağında yırğalanaraq üfiq nöqtəsinə doğru üzürdü. Elə bü vaxt bütün adamları səhər namazına çağıran azanın səsi eşidildi. “İlahi, sən özün bizə kömək ol” – deyərək bütün gəmidəkilər pıçıldaşdılar.

Gülqız Süleymanova

1993-cü il