BolgeXeber.Com » Xəbərlər » Arvadından və ögey qardaşından şübhələndi: "Gördüm ki, Ulduz taxtda halsız uzanıb"- qətlin təfərrüatı

Arvadından və ögey qardaşından şübhələndi: "Gördüm ki, Ulduz taxtda halsız uzanıb"- qətlin təfərrüatı

30-09-2017, 16:08
Oxunub: 3 075 Arvadından və ögey qardaşından şübhələndi: "Gördüm ki, Ulduz taxtda halsız uzanıb"- qətlin təfərrüatıQətlin təfərrüatı...

Qubadakı dəhşətli qətlin təfərrüatları məlum olub. 3 uşaq anası əri tərəfindən qsıqanclığa görə balta ilə öldürülüb. Ər öz arvadının ögey qardaşı ilə münasibətdə olmasından şübhələnib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hadisə bu ilin mayında Qubanın Güləzi kəndində baş verib. Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovanın başına 5 dəfə balta ilə zərbə endirib. Qısqanc ər daha sonra arvadının başını kəsib. Murad Ələsgərov könüllü olaraq polisə təslim olub.

Qətlin təfərrüatı...

İttihamda yazılır ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Murad Ələsgərov istintaqa ifadəsində həyat yoldaşı ilə ögey qardaşı Şeyda Ələsgərov arasında münasibətdən şübhələndiyini bildirib.

Murad Ələsgərov elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək aşağıdakıları qeyd edib:

"Onları izlədiyimi başa düşmüşdülər, bir müddət nəzərəçarpan hərəkət etmirdilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlığa gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi”.

Murad Ələsgərovun ifadəsindən məlum olur ki, o, uzun müddət arvadını və ögey qardaşını güdüb. Onların münasibətindən əmin olduqdan sonra öz xanımını qətlə yetirmək qərarına gəlib.

"Hadisəsindən iki gün əvvəl onları yenə güddüm. Günorta iş adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə dağa sarı getdim. Başı qarışan kimi başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb. Bir gün sonra da onları güddüm. Tövlənin üstündə gizlənmişdim.

Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşəndə Ulduzu çağırdı. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz mənə “eşitmədim” cavabını verdi. Aramızda mübahisə düşdü. Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, səni boğub öldürərəm”- deyə qısqanc ər ifadəsində bildirib.

M.Ələsgərov qətli necə törətməsi haqda da danışıb.

Söyləyib ki, axşam Ulduzu öldürmək qərarına gəlib. Bu məqsədlə də sübh tezdən tövlədə inək sağan arvadına yaxınlaşaraq baltayla onu vurub. Ailənin 6 yaşlı qızı Aybəniz ata-anasının dalaşdıqlarını görüncə evə doğru qaçıb.

M.Ələsgərov deyib ki, Ulduz əlindən qurtulmaq üçün müqavimət göstərdikdə onun baş nahiyəsindən zərbələr endirib. Sonra polisə zəng vurub və arvadını öldürdüyünü deyib.

Bu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində mərhumun atası Aydın Eyyubov tanınıb. O da istintaqda ifadə verib.

Bildirib ki, mərhum qızı Muradla 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladları var.

O, qızının başqa kiminləsə münasibəti olması barədə heç nə eşitmədiyini, görmədiyini deyib.

Zərərçəkmiş ata deyib ki, hətta kürəkəni Muraddan qızı Ulduz barədə şikayət eşitməyib.

"Hadisədən iki ay əvvəl kiçik oğlum onlara gedəndə Ulduzun ağladığını görüb. Sonradan bir neçə dəfə oğlum bunun şahidi olub. Amma qızım ağlamasının səbəbini qardaşına deməyib. Hadisə baş verən gün qızımın qaynı zəng vurub Muradın Ulduzu balta ilə öldürdüyünü dedi. Həyəcandan ağladım, telefonu yerə çırpdım, oğlumla birgə qızımgilə getdim. Ulduzun meyiti tanınmaz halda, tövlənin sol tərəfində idi. Polislər bizi oradan uzaqlaşdırdılar. Hadisənin necə və hansı səbəbdən baş verməsini bilmirəm"- deyən ata söyləyib ki, sonradan kürəkəninin Ulduzla Şeydanın yaxın münasibətdə olmasından şübhələnib.

"Bu sadəcə şübhə idi. Şeyda Rusiyadan gələndən bəri Muradla və analığı Şərqiyyə ilə yola getməyib, daim evdə söz-söhbət, dava-dalaş salıb. Bunun səbəbi isə Şeydanın mülk davası etməsi olub”- mərhumun atası qeyd edir.

Bu işdə adı keçən əsas şəxslərdən Şeyda Ələsgərov da ifadə verib.

O, mərhum Ulduzla aralarında münasibət olmasını inkar edib.

Şeyda Ulduzla ata-bala kimi münasibətdə olduğunu bildirib və ifadəsində bunları deyib:

”Kəndə gələndən sonra Muradla anası mənimlə yola getmirdilər. Deyirdim, evə yaxşı baxın, dağıtmayın, elə fikirləşirdilər ki, onları ata yurdundan çıxaracağam. Murada doğma qardaş kimi öyüd-nəsihət verirdim, amma məni qəbul etmirdi. Arvadıyla mehriban idilər. Amma Ulduzla qaynanasının münasibətləri yaxşı deyildi, tez-tez aralarında söz-söhbət olurdu. Ulduzla münasibətimiz ata-bala kimi olub. Onunla heç vaxt tək qalmamışam".

Şahid sonda onu da deyib ki, Muradın arvadını öldürməsinin səbəbini bilmir.