loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qusarda kəndlilər nədən əziyyət çəkir? - GİLEY

Qusarda kəndlilər nədən əziyyət çəkir? - GİLEYQusarlılar qeyd edirlər ki, onların məhsulunu çox ucuz qiymətə alıb, 2-3 qat bahasına satanlar da var

Kəndlinin əsas gəlir mənbəyi becərdiyi məhsuldur. Kəndli min əziyyətlə məhsulu əkib-becərirsə və onu bazara çıxarıb sata bilmirsə, onun dolanışığının necə olacağını təsəvvür etmək çətin deyil. Qusar rayonunda əkin-biçinlə məşğul olanların əksəriyyəti də bu vəziyyətdədir.

Rayon camaatı məhsullarını sata bilmədikləri ilə bağlı şikayət edirlər. Qusarın Sudur, Kişan, Düztahir, Mucuq, Əcəxur Yarqun, Tahircal və Çetkun kəndlərinin camaatı bu vəziyyətdən əziyyət çəkir. Onların sözlərinə görə, Bakıda və ətraf rayonlarda kartofun kilosu 60-80 qəpik aralığında dəyişsə də, bu kəndlərin camaatı becərdikləri kartofu heç 30 qəpiyə də sata bilmir. Məhsul anbarda qalaraq məhv olur və onların bir illik zəhməti demək olar ki, hədər gedir.
Kənd camaatı onu da vurğulayır ki, rayonun öz bazarında İran və Türkiyə kartofu baha qiymətə satılır. Amma onların öz məhsulu tələf olur, onu iki dəfə ucuz qiymətə sata bilmirlər.
Sakinlər səbəbi süni müdaxilədə görürlər: "Biz bazara məhsulu çıxarırıq, amma "bazar qoçuları" bizi dərhal uzaqlaşdırır, məhsulumuzu satmağa imkan vermirlər".
Sputnik Azərbaycan-ın bölgə müxbiri bu problemlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması İdarəsinin baş məsləhətçisi (aqronom) Akif Qurbanova müraciət edib. O bildirib ki, hazırda rayonda təzə bazar fəaliyyət göstərir və bazar bütün kəndlilərin üzünə açıqdır. O, kənd sakinlərinin şikayətini əsassız sayıb.
"Kənd sakinlərinin bütün narazılıqları əsassızdır. Hal-hazırda istənilən kəndli məhsulunu bazara çıxarıb sata bilər. Biz yeni bazar açmışıq və orada məhsul satmaq üçün istənilən qədər piştaxta var" – deyə İH rəsmisi bildirib.
Qurbanov, "camaat isə deyir ki, "bazar qoçuları" kəndlilərin qarşısını kəsirlər və yerli məhsulu bazarda satmağa qoymurlar" sualına da etiraz edib: "Belə bir hal ola bilməz. Əgər belə bir halla qarşılaşsaq, bunun qarşısı qəti sürətdə alınacaq. İstənilən kəndli bu məsələ ilə bağlı bizə müraciət edə bilər".

Kənd sakinləri isə bu sözləri rayon rəhbərliyinin dilindən əvvəllər də çox eşitdiklərini, amma bununla problemlərinin həll olunmadığını bildirirlər. Onların sözlərinə görə, rayon rəhbərliyi mətbuata hər şeyin qaydasında olduğunu, bazara məhsulun çıxarılmasında problem olmadığını deyir.
"Özləri də yaxşı bilirlər ki, bazarda hansı problemlər var. "Bazar qoçuları"na fironluq etməyə özləri şərait yaradıblar. Çünki o qoçuların rayon rəhbərliyi ilə birbaşa əlaqəsi var və onlar bəzi qurumlara haqq ödəyirlər. Buna görə də, rayon rəhbərliyi onların özbaşınalığının qarşısını almır" – deyə adının çəkilməsini istəməyən Düztahir kənd sakini bildirib.
Qusarlılar qeyd edirlər ki, onların məhsulunu çox ucuz qiymətə alıb, 2-3 qat bahasına satanlar da var. Beləliklə, bazarda süni bahalıq yaradırlar. İnsanlar məhsulu sata bilməyəndə də, növbəti il onu becərmək əziyyətinə qatlaşmaq istəmir. Onda da bazarda qıtlıq yaranır və bahaçılıq baş alıb gedir. İstənilən halda, zərbə yenə də kəndliyə dəyir. Bazara nəzarət edənlərin isə vecinə deyil. Onlar onsuz da, istənilən halda qazanırlar.
Qusar camaatı inanır ki, onların problemi KİV-də işıqlansa, əlaqədar orqanlar məsələdən xəbər tutar və onları çıxılmaz vəziyyətdə qoyan adamlarla bağlı ölçü götürər. "Prezidentimiz də deyir ki, kənd təsərrüfatını inkişaf etdirmək, bazara təbii məhsullarımızı çıxarmaq lazımdır. O, yerli sahibkarlığın inkişafında maraqlıdır. Amma bəzi məmurlar və onların havadarlıq etdikləri işbazlar yerli sahibkarlara göz açmağa imkan vermirlər. İstəyimiz budur ki, səlahiyyətli orqanlar kəndlilərin üzləşdiyi bu problemin aradan qaldırılmasına kömək etsin" – deyə rayon camaatı bildirir.
Onlar əlavə edirlər ki, hər həftənin şənbə-bazar günləri paytaxtda təşkil olunan kənd təsərrüfatı yarmarkalarında iştirak etmək imkanları yoxdur. Çünki məhsulu paytaxta aparmaq üçün texnika lazımdır. Üstəlik, müvafiq sənədləşdirmə işləri də aparmaq lazımdır ki, bu da xərc tələb edir. Ona isə kəndlinin imkanı yoxdur. Üstəlik, min cür əziyyətlə məhsulu gətirib Bakıya çıxarsalar da, paytaxtdakı işbazlar da onlara yarmarkalarda məhsul satmağa imkan vermirlər.
"Bizə deyirlər ki, məhsulunuzu su qiymətinə bizə verib, bazardan aralaşın. Bilirlər ki, biz uzaq yoldan gəldiyimiz üçün, başqa çarəmiz yoxdur. Məhsulu geri aparmaqdansa, dəyər-dəyməzinə onlara satıb gedəcəyik…" — kəndlilər qeyd edirlər.


Bölmə: Bölgə | 27 oktyabr 2017 11:13 | Baxış sayı: 131





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: