BolgeXeber.Com » Analitika » Qadın müəllimə əxlaqsız təklif... - Millət vəkili

Qadın müəllimə əxlaqsız təklif... - Millət vəkili

28-10-2017, 14:11
Oxunub: 5 205 Qadın müəllimə əxlaqsız təklif... - Millət vəkiliXəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərovanın məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarılması iddiası hazırda gündəmi zəbt edib

Təəssüf ki, bu, ilk belə problem deyil. Müxtəlif özəl şirkətlərdə, hətta bəzi dövlət müəssisələrində qadın işçilərə olan münasibət, onlara qarşı əxlaqsız təkliflərin edilməsi hallarına tez-tez rast gəlinir.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu gün Azərbaycandakı bir sıra müəssisədə tabeçilikdəki işçilərə qarşı belə xoşagəlməz hallara rast gəlinir:

“Hər kəsin şəxsiyyəti var. İşçilərin iradəsinə zidd olaraq qulluq mövqeyindən istifadə edərək belə bir təkliflə çıxış etmək yolverilməzdir. Belə hərəkət edən insanlar qanunla məsuliyyətə cəlb oluna bilər. Amma öncə bu məsələlər mütləq sübut olunmalıdır.

Bütövlükdə bu problem təkcə qadınlarla bağlı deyil. Ümumiyyətlə, tabelikdə olan işçilərə münasibətlərlə bağlı hallar kifayət qədərdir. Bəzən görürsən ki, rəhbərlikdə olan şəxsin işçilərindən birinin hansısa addımı xoşuna gəlmirsə, onu təhqir edir, söyür, hətta əsassız şəkildə təqib edir və ya işdən çıxarır. Qanunla bu məsələdə işçilərin hüquqlarının qorunması xeyli çətinləşib. Məhkəmələr bir çox hallarda bu cür şikayətləri inzibati qaydada nəzarətə götürür. Bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır. Məmurların, müəllimlərin, həkimlərin müəyyən dərəcədə qorunması ilə daha çox həmkarlar təşkilatları maraqlanmalıdır.

Əgər belə bir şey varsa, Müəllimlərin Həmkarlar İttifaqı öz güclərini qorumaq barədə konkret addımlar atmalıdır. Hazırda söhbət həmin məktəbdən gedirsə, Həmkarlar İttifaqının bu işə qarışması vacibdir. Ən azı müəllimin həm əmək hüququnun, həm də ki, digər hüquqlarının qorunması istiqamətində ona köməklik göstərilməlidir. Yəni burada əsas problem əslində qoruyucu mexanizmlərin olmamasındadır. Ona görə də belə təkliflər, davranışlar tez-tez baş verir”.

Millət vəkilinin sözlərinə görə, maddi asılılıq, tabeçilik və başqa məsələlərdən istifadə edən ləyaqətsiz insanlar qadınların durumunun ağır olduğunu görüb belə təkliflər edirlər:

“Günümüzdə telefon, eləcə də sosial şəbəkələr vasitəsilə qadınlara qarşı dələduzluq edən şəxslərin sayı kifayət qədər çoxdur. Amma bu, qadınların təkliflərə pozitiv yanaşaraq müəyyən mənada özlərinin imicinə xələl gətirən addımlar atmasına əsas vermir. İnsan gərək birinci növbədə öz ictimai statusunu, mövqeyini ciddi şəkildə düşünsün. Amma hansısa qadın müəyyən ehtiyaclar ucbatından yanlış hərəkət edirsə və burada məsuliyyət elementləri varsa, onda həmin şəxsə qarşı müvafiq qoruyucu mexanizmlər işə düşməlidir. Çünki bu təkcə inzibati qaydada həll olunacaq bir şey deyil. Yəni elə məsələlər var ki, mənəvi kateqoriyaya aiddir. Məsələləri daha dərindən araşdırıb dəqiq nəticə ortaya qoymaq lazımdır. Çünki hər dəfə ittiham olunan tərəfin haqsızlığını əvvəldən söyləmək çətin olur. Ola bilər ki, kimsə məqsədyönlü şəkildə başqasına böhtan atsın. Ona görə də bu məsələləri ciddi araşdırmaq və yalnız bundan sonra münasibət bildirmək olar”.

F.Mustafa vurğulayıb ki, cəmiyyətdə qadın işçilərə qarşı bu münasibəti qısa zamanda həll etmək çətindir:

“Hazırda bu problem fərdi şikayətlərin araşdırılması formasında həll olunur. Amma ümumilikdə qanunlar işləməyəcəksə, məhkəmələr məsələyə obyektiv yanaşmayacaqlarsa, bu proses davam edəcək.

Tabeçilikdə çalışan şəxslərin hüquqları qorunsa və hamı bilsə ki, belə narahatedici problemlər yoxdur, onda qadınların çalışmasını məhdudlaşdırmağa da meyillilik azalar. Əslində, qadınların işləməsi daha vacibdir. Qadın maşın idarə edə bilirsə, niyə taksi, yaxud avtobus sürücüsü olmasın?! Amma qadınlarla davranış mədəniyyəti aşağı olarsa, onlara qarşı tərbiyəsizlik, hörmətsizlik edilərsə, bu, başqalarının da gözünü qorxudacaq. Ona görə də məsələyə bu konteksdən yanaşmaq lazımdır. İctimai davranış əxlaqımız xeyli dəyişməlidir ki, bunu normal qəbul edək və insanlar bundan çəkinməsin”.