BolgeXeber.Com » Dünya » Piyada ölümlərinin qabağını necə almaq olar?

Piyada ölümlərinin qabağını necə almaq olar?

31-10-2017, 13:41
Oxunub: 3 411 Piyada ölümlərinin qabağını necə almaq olar?Piyada ölümləri ilə bağlı QHT-lər, media səfərbər olunmalıdır

Yol qəzaları hələ də can almaqda davam edir. Avtomobil yollarında piyadaların vurulması ilə yüzlərlə insan həyatını itirir, müxtəlif dərəcəli xəsarətlər alır. Qəzalara səbəb yüksək sürət həddi olsa da, piyadaların məsuliyyətsizliyi də olmamış deyil.

Təəssüf ki, bu gün piyada keçidlərindən düzgün istifadə etməyən, yeraltı keçid ola-ola yolu təhlükəli şəkildə keçməyə çalışan insanların sayı az deyil. Görünür, bu sahədə maarifləndirmə işləri lazımi səviyyədə aparılmayıb və vətəndaşların öz canlarına bu qədər adi yanaşması hələ çox problemlər yaradacaq.

Bəs, bu məsələ öz həllini necə tapa bilər? Yol qəzaları və piyada ölümləri ilə bağlı mənfi tendensiyaları aradan qaldırmaq üçün əlavə hansı tədbirlər görülməlidir?

Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, məsələ bilavasitə dövlətin geniş anlamda müdaxilə edə biləcəyi bir məsələ deyil.

Əvvəlki illərlə müqayisədə piyadalarla paralel olaraq sürücülərin də yol hərəkəti qaydalarına riayət etməsi ilə bağlı mədəniyyəti kifayət qədər inkişaf edib:

"Ümumiyyətlə, illər öncə sürücülərimiz piyada keçidlərində, zolaqlarda piyadalara yol vermirdilər, piyadaları nəzərə almadan prospektin istənilən ərazisindən keçirdilər, hətta yerüstü keçidlərin olmasına məhəl qoyulmurdu. Bu hal artıq geniş formada müşahidə edilmir, amma hər halda bu problem olaraq hələ də qalır. Sözsüz ki, Azərbaycanda bu məsələlərlə bağlı həm piyadalara, həm də sürücülərə çoxsaylı cərimələr tətbiq olundu.

Bu kimi sanksiyalar xeyli təsir yaratdı ki, insanlar piyada keçidlərindən istifadə etsin və sürücülər piyadalara yol versin. Amma bu yalnız cərimələr və sanksiyalarla məhdudlaşdırılan məsələ deyil. Bilirsiz ki, Azərbaycanda kifayət qədər QHT-lər var ki, bilavasitə sosial problemləri araşdırır. Həmçinin, yol nəqliyyatı ilə bağlı müəyyən təşviqedici layihələr həyata keçirilir. Hesab edirəm ki, bu məsələdə vətəndaş cəmiyyətinin rolu gücləndirilməlidir və bu istiqamətdəki işlərə xüsusi önəm verilməlidir”.

İ.Hüseynlinin sözlərinə görə, yol nəqliyyat hadisələri ilə bağlı televiziyalarda maarifləndirmə işi geniş şəkildə aparılmalıdır:


"Televiziyada bilik oyunları keçirilir, orda müxtəlif məsələlərə yer ayrılır. Çox yaxşı olardı ki, Təhsil Nazirliyi səviyyəsində keçirilən yarışmalara nəqliyyatla bağlı hansısa bir hissə əlavə edilsin. Televiziyada geniş təbliğat işlərinin aparılmasına, o cümlədən məktəblilərə xüsusi vəsaitlərin verilməsinə ehtiyac var.

Hər birimiz ümumi nəqliyyat vasitəsindən istifadə edirik. Ən ciddi problemlərimizdən biri də budur ki, avtobusdan düşən sərnişinlərimiz yolu nəqliyyatın arxa hissəsindən deyil, qabaq hissəsindən keçirlər. Bu isə qəzalara və piyada ölümlərinə səbəb olur.



Eyni zamanda əgər avtobus dayanacaqda saxlayıb sərnişinləri düşürürsə, qanunvericilik tələb edir ki, o proses başa çatana qədər avtobusun yanındakı digər nəqliyyatlar gözləməli və daha sonra hərəkəti davam etdirməlidir. Yaxşı olardı ki, yol polisi işçiləri bu faktora da nəzarət eləsinlər.



Vətəndaş cəmiyyəti, hakimiyyət orqanları, eyni zamanda media bu problemlə bağlı öz töhfəsini verməlidir ki, zaman keçdikcə istədiyimiz nəticələri əldə edək və qəzaların, piyada ölümlərinin sayını azaldaq”.



Yeganə Bayramova