BolgeXeber.Com » Analitika » Şagirdə qarşı əxlaqsız hərəkətlər edən direktora cinayət işi açıldı

Şagirdə qarşı əxlaqsız hərəkətlər edən direktora cinayət işi açıldı

3-11-2017, 10:14
Oxunub: 4 578 Şagirdə qarşı əxlaqsız hərəkətlər edən direktora cinayət işi açıldıMaraqlıdır, məktəblərdəki bu azğınlığın qarşısı necə alınmalıdır?

Məlahət Mürşüdlü: “Cəmiyyətdə baş verən əxlaqi-mənəvi hadisələr məktəbə də öz təsirini göstərir”

Bu yaxınlarda Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin tərbiyəçisi Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin ona əxlaqsız təklif etdiyini bildirdi. Bunun ardınca isə Xaçmazın Arzu kəndindəki orta məktəbin direktoru 62 yaşlı Gülməz Alxasov məktəbin 6-cı sinfində oxuyan qızlardan birinə qarşı əxlaqsız hərəkət edib. Ötən il isə Şamaxıda bir müəllim şagirdi ilə cinsi əlaqədə olub onu hamilə qoymuşdu...

Əvvəllər müəllim adını daşıyan şəxslərlə bağlı bu cür olaylara rast gəlinməzdi. Son illərdə isə təhsil ocaqlarında baş verən bu hadisələr də intihar hadisələri kimi adiləşib və günlər keçdikcə artmaqdadır. Uşaqlarımızı, onların təlim-tərbiyəsini əmanət etdiyimiz məktəblər də artıq güvənsiz hala gəlib. Sovet dönəmində məktəblərdə bu kimi hadisələr çox az hallarda baş verirdi. Baş verərsə belə o müəllim və ya direktor dərhal işdən azad edilir, həmçinin cinayət məsuliyyətinə cəlb edilirdi. İndi isə bu cür əxlaqsız hərəkətlərə yol verən direktor, müəllimlər işdən azad edilməklə kifayətlənilir. Onlar daha sonra başqa yerdə və mühitdə eyni hərəkəti təkrar edirlər.

Maraqlıdır, məktəblərdəki bu azğınlığın qarşısı necə alınmalıdır?


Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü bildirdi ki, bu cür şəxslər işdən çıxarılmaqla, müəllimlik hüququndan məhrum edilməklə yanaşı ən ağır cəzanı almalıdır: “Məktəb də cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə baş verən əxlaqi-mənəvi hadisələr məktəbə də öz təsirini göstərir. Tamamilə doğrudur ki, son illər biz məktəbdə əxlaqi dəyərlərə zidd olan hərəkətləri müşahidə edirik. Bu hərəkətlərin birbaşa məktəbə rəhbərlik edən direktorlar tərəfindən edilməsi bağışlanılmaz hərəkətdir. Təhsil müəssisəsinə uşaqların taleyi tapşırılmış, əxlaqi-mənəvi dəyərləri məktəblilərə, müəllimlərə öyrətmək işinin lideri - məktəb direktoru özü əxlaqsız hərəkətlər edir, bu, çox ağır cinayətdir. Ümumiyyətlə, bu, yalnız məktəbdə yox, cəmiyyətdə qınanılası bir işdir. Düşünürəm ki, bu faktlar ictimaiyyətdən gizlədilməməlidir, mətbuatın həyəcan siqnalı verdiyi andan təcili araşdırmalar aparılmalı, belə insanlar məktəbdən uzaqlaşdırılmalıdır. Çünki belə məlumatların özü təkzibedilməz, rəhbərə xələl gətirən bir faktlar, məlumatlardır. Belə insanlar nəinki rəhbərlik, hətta müəllimlik hüququndan məhrum edilməli və sözsüz ki, işlədiyi qəbahətlərin dərəcəsinə görə də cinayət məsuliyyətinə cəlb edilməlidir. Cinayət varsa, cəza da var. Keçən il, səhv etmirəmsə, Beyləqanda belə bir məlumat yayılmışdı ki, qız şagirdi digər oğlanlar tərəfindən qeyri-əxlaqi hərəkətlərə məruz qalıb, şantaj edilib. Bütün bunların hamısı məktəb rəhbərlərinin öz yerində olmamasının və əxlaqi-mənəvi aşınmanın göstəriciləridir ki, bu birbaşa bəzi rəhbərlərdə, məktəb direktorlarında öz əksini tapır”.

Qeyd edək ki, Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində artıq cinayət işi başlanıb və direktor Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. Məktəbə direktor təyin edilərkən onun psixologiyası yoxlanılmır. Direktor olmaq istəyən namizədlər tərcümeyi-hal, xasiyyətnamə də daxil olmaqla, çoxsaylı sənədləri nazirliyə təqdim etdikdən sonra test imtahanına buraxılırlar. Yüksək bal toplayan namizədlər söhbətə dəvət edilir. Ancaq bir çox ölkələrdə direktor işləmək istəyənlərlə sonda psixoloq da söhbət edir. Bəzən ola bilir ki, şəxsin psixi problemləri olsun, ancaq bunu asanlıqla gizlədə bilsin. Bu cür şəxslər direktor və ya müəllim vəzifəsinə təyin edildiyi üçün məktəblərdə neqativ hallar baş verir. Valideynlər də bilmədən bu cür manyak, sapıklara öz övladını, onun təlim-tərbiyəsini həvalə etmiş olur. Nəticə isə göz qabağındadır. Ümumilikdə bu il Bakı Şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant, 1 günü uzadılmış qrup rəhbəri vəzifədən azad edilib. Eyni zamanda Bakı Şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim, 1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub. Bundan başqa, 16 təhsil müəssisəsinin rəhbəri, 3 direktor müavini, 78 müəllimə xəbərdarlıq edilib. Belə görünür ki, ilin sonunadək bu rəqəmlər artacaq.

Günel MANAFLI