BolgeXeber.Com » Sosial » Ziya Məmmədov işçilərinə rüşvət almaği qadağan etdi

Ziya Məmmədov işçilərinə rüşvət almaği qadağan etdi

16-02-2011, 00:55
Oxunub: 5 752
Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib

Nəqliyyat nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı toplantı keçirilib. Bolgexeber.com-un nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda nazirliyin müvafiq qurumlarının rəhbərləri iştirak edib. Kollegiyanın sədri, nəqliyyat naziri Ziya Məmmədov çıxışına Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında qaldırılmış məsələlərlə başlayıb.

Kollegiyanın işində dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq nazirliyinin müvafiq strukturlarının fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda duran vəzifələr təhlil olunub. Z. Məmmədov bildirib ki, məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin söylədiyi irad və tövsiyələr ciddi olaraq müzakirə olunmalı və qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün konkret tədbirlər görülməlidir. Nazirlik tərəfindən dəniz, dəmir yolu, avtomobil yolu və avtomobil nəqliyyatı sahəsində verilən tapşırıq və tövsiyələrə diqqət artırılmalı, nəzarət mexanizmi, xüsusilə daxili nəzarət daha da gücləndirilməlidir.

Qeyd olunub ki, nəqliyyat infrastrukturu iqtisadiyyatın ən önəmli sahələrindən biri kimi dövlətin nəzarətindədir. Kollegiyada, nazirliyin qaynar xətti aktivləşdirilməli və daxil olan müraciətlərə həssaslıqla yanaşılmalı olduğu vurğulanıb. Kollegiya sədri bütün təsərrüfat rəhbərlərinə lisenziyaların verilməsi və rüsumların yığılması qaydalarının qanunvericiliyə uyğun şəkildə aparılmasını ciddi şəkildə tapşırıb. Eyni zamanda nazir şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlərin bundan sonra da intensiv şəkildə davam etdirilməsinin, həmçinin nəqliyyatda təhlükəsizlik məsələlərinə diqqətin artırılmasının zəruriliyini vurğulayıb.