BolgeXeber.Com » Sosial » Bu təqaüdçülərin pensiyası 175 manat artırılıb

Bu təqaüdçülərin pensiyası 175 manat artırılıb

7-11-2017, 12:44
Oxunub: 3 597 Bu təqaüdçülərin pensiyası 175 manat artırılıb“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O qeyd edib ki, işləyən yaşa görə əmək pensiyaçılarından bu günədək artıq 7,7 min nəfərin aylıq pensiyası orta hesabla 175,7 manat artırılıb:
“Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların davamı olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər bu sistemin adekvat sığorta təminatı prinsipi üzərində təkmilləşməsinə və uzunmüddətli inkişafına etibarlı əsas yaradaraq, eyni zamanda pensiyaçı əhalinin mənafelərinin daha dolğun ifadəsinə imkan verib.

Bunun növbəti əyani təsdiqi olaraq, qeyd edilən son dəyişikliklər yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə və bununla da pensiya kapitallarını artırmaqda davam edən şəxslərin pensiyalarının yenidən hesablanaraq əhəmiyyətli şəkildə artırılmasına əsas yaradıb. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.

Halbuki 01 iyul 2017-ci ilədək qüvvədə olmuş qanun yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi”.
Nazirlik rəsmisi qeyd edib ki, yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər:
“Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş son dəyişikliklər bu məhdudiyyətin aradan qalxmasına səbəb olub.
Həmin dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bu günədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1, 35 mln. manat təşkil edib.


Hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir”.
Bolgexeber.com