BolgeXeber.Com » İqtisadiyyat » Onlayn hərrac iştirakçısı əmlak sahibi olub

Onlayn hərrac iştirakçısı əmlak sahibi olub

7-11-2017, 12:48
Oxunub: 3 717 Onlayn hərrac iştirakçısı əmlak sahibi olubƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir

Növbəti belə hərrac 7 noyabr tarixində keçirilib. Hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si nəqliyyat vasitəsi, 1- i isə özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 11 istifadəsiz qeyri yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi özəlləşdirilib.
İnvestorların hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verir. Budəfəki hərracda qalib şəxslərdən biri onlayn rejimdə qatılan sifarişçi olub. Həmin şəxs buraxılış ili 1997- ci il olan Tofaş Şahin avtomobilinə sahib olub.
Budəfəki hərrac da rəqabətli keçib. Paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Belə ki, əmlakın ilkin start qiyməti 9 min manat olsa da ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 33 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.
Digər hərraclardan fərqli olaraq budəfəki hərracda ilk dəfə “özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi” sahibini tapıb. Bu “Boradigah Çay-2” açıq səhmdar cəmiyyətinin yerləşdiyi torpaq sahəsidir.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Sumqayıt şəhərində, Ucar, Ağsu, Saatlı, Qazax rayonlarında yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, tikinti, sənaye sahəsinə aid olub.
Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Ucar rayonunda yerləşən “Dostluq” kinoteatrını qeyd etmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 700 kv.m-ə yaxın, torpaq sahəsi isə 870 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Bundan başqa prosesdə özəlləşdirilən 21 saylı Təmir Tikinti Sahəsi də inşaat sektorunda sahibi üçün qazanclı obyekt hesab olunur Saatlıda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 57,1 kv.m, torpaq sahəsi isə 216,3 kv.m təşkil edir.
Özəlləşən obyektlər sırasında “Aygün” tikiş atelyesi də xidmət sahəsində gəlirli əmlaklardandır. Sumqayıtda yerləşən bu əmlakın ümumi faydalı sahəsi 160,4 kv.m-dir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 11-i paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 7-i Nərimanovda, 2-si Yasamalda, qalanları isə müvafiq olaraq Suraxanı, Nəsimi rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Şamaxı şəhərində yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 22 kv.m ilə 74 kv.m arasında dəyişir.
Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri Sumqayıt şəhərində yerləşən sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsidir.
Prosesdə 2 nəqliyyat vasitəsi də özəlləşdirilib ki, həmin avtomobillərin də markaları fərqlidir. Buraxılış tarixi isə müvafiq olaraq 1986 və 1997-ci illərdir.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Budəfəki hərracda “Sabirabad Mexanikləşdirmə” səhmdar cəmiyyətinin 30% səhmi özəlləşdirilib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorlarıda hərraclara marağın artmasına şərait yaradıb.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.
Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 14 noyabr tarixində keçiriləcəkdir.
Bolgexeber.com
Onlayn hərrac iştirakçısı əmlak sahibi olub