BolgeXeber.Com » Media » Mediamız intihar xəbərini tirajlamalıdırmı?

Mediamız intihar xəbərini tirajlamalıdırmı?

20-11-2017, 09:46
Oxunub: 3 200 Mediamız intihar xəbərini tirajlamalıdırmı?Psixoloq və media eksperti “Anadolu” təcrübəsini təqdir edirlər

Psixoloqlar və cəmiyyət ekspertləri arasında uzun zamandır müzakirə olunan məsələlərdən biri də odur ki, mediada intihar xəbərlərinin bütün çılpaqlığı ilə verilməsi insanları şüuraltı olaraq intihara təşviq edir. Bu artıq ekspertlər tərəfindən təsdiq olunmuş fikirdir. Xüsusən həyatında ciddi bir problem yaşayan zəif iradəli insanlar bu xəbərlərin təsiri altına düşə bilərlər.

Bu səbəbdən dünyanın bir çox nüfuzlu media orqanları , o cümlədən Türkiyənin ən böyük media qurumlarından olan “Anadolu” agentliyi birmənalı olaraq intihar xəbərlərini yayımlamırlar. Təəssüf ki, Azərbaycan mediası bu məsələdə çOx vaxt həssaslıq göstərmir. İnsanların hisslərinə daha çox toxunmaq, daha çox İP əldə etmək üçün bir intihar hadisəsindən günlərlə xəbər hazırlayır, mərhumun seçdiyi intihar üsulundan tutmuş, son məktubuna qədər bütün detallara yer ayırırlar. Sosial şəbəkələrdə isə insanlar daha da irəli gedərək, bir növ intihar edənə simpatiya bəsləyir və bu da insanları intihara daha çox təşviq edir.

Psixoloq Elnur Rüstəmov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mətbuatda intihar xəbərlərinin gündəlik olaraq izlənməsi psixoloq kimi bizim ən yaralı yerimizdir: “İntihar xəbərlərinin yeri gəldi-gəlmədi işıqlandırılması, mətbuatda və sosial şəbəkələrdə verilməsi əlbəttə, insan psixologiyasına təsir göstərir. Hətta psixologiyada buna şüuraltı infeksiyanın yaranması və artması deyirlər. Ona görə də, bu cür hallarda birmənalı şəkildə diqqətli olmaq lazımdır. Bir qisim hadisələr var ki, bədbəxt hadisədir. Ancaq bədbəxt hadisəni belə intihar kimi qələmə verirlər. Sovet dövründə isə praktika belə idi ki, intiharı bədbəxt hadisə kimi qələmə verirdilər. Məsələn, adam binanın üstünə çıxıb intihar edirdisə, yazırdılar ki, oraya gəzməyə çıxmışdı, ayağı sürüşdü, yıxılıb öldü. Onlar bunu intihar yox, bədbəxt hadisə kimi təqdim edirdilər. Bu isə intihar hallarının kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə verilməsi dolayısı ilə insanları intihara təşviq edir. Fərqi yoxdur ki, bu hansı səbəbdən baş verir. İnsanın sosial problemi var, ailə problemi var və ya özünün hansısa psixiatrik narahatlıqları var. Hərçənd ki, bu səbəblər də rol oynayır”.

Psixoloqun sözlərinə görə, intihar edən insanların əksəriyyətində bu, birinci cəhd olmur: “Bir neçə dəfə cəhdlər olur və sonuncu bədbəxt hadisə ilə nəticələnir. Yəni, intihar birdən-birə baş vermir, təkrar intihar cəhdləri fonunda baş verir. Bu cür xəbərlərin verilməsi insanlara bir növ yol göstərir. Məsələn, ailədaxili konflikt olanda həmin şəxs intiharla bağlı informasiya alıbsa, bu onun beyninin bir küncündə qalıb. Ağlında var ki, belə situasiyalarda intihar etmək olar. O heç fərqinə də varmır ki, bu addımı doğrudur, yoxsa yanlışdır, intihar etsə nələr olacaq. Ailəsi, yaxınları üçün bu necə bir psixoloji travma olacaq. Onlar bunu düşünəcək durumda deyil. Ona görə də, Azərbaycanda da əvvəllər bunu KİV-də tənzimləmək olurdu. Konkret mətbuat orqanları var idi və qərar qəbul edirdilər ki, bu cür xəbərlər verilməsin. Ancaq KİV-lər də sosial mediaya təsir etməkdə çətinlik çəkirlər. Çünki sosial media özü böyük bir gücə çevrilib, onu tənzimləmək mümkün deyil. İnsan çıxıb binadan özünü atırsa, kömək etmək əvəzinə onu çəkib sosial şəbəkədə yerləşdirir. Burada ictimai məsuliyyət məsələsi qabardılmalıdır və bu cür hallara qarşı cəmiyyət tərəfindən təpkilər olmalıdır. Bu məsələdə biz son dərəcə diqqətli olmalıyıq”.

Media eksperti Zeynal Məmmədli isə “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bu təkcə “Anadolu” agentliyinin deyil, bütün ciddi media orqanlarının iş prinsipidir: “Onlar bu qərara gəlirlər ki, etik öhdəlik kimi bunu öz üzərinə götürsünlər və intihar xəbərlərini yaymasınlar, detallarına yer ayırmasınlar. Əvəzində bunu analizlər, təhlillər etməklə təqdim etsinlər. Ayrı-ayrı şəxslər səviyyəsində, hadisənin detalları ilə mətbuatda yaymasınlar. Media, insan necə intihara cəhd etdi, körpünün üstünə necə çıxdı, oradan etirazını belə bildirdi - şəklində informasiya vermək əvəzinə intiharın səbəblərinə vararaq material hazırlaya bilər. ”Anadolu" agentliyi intihar xəbərlərini yaymamaqla bağlı bir prinsip qəbul edibsə, bu çox düzgün bir addımdır. Praktika göstərir ki, intihar xəbərləri özəlliklə psixologiyası zəif olan insanlara intihar üçün bir ssenari verir və onlar da həmin şəkildə özlərini öldürmək istəyirlər".

Azərbaycanda medianın etik kodekslərinə belə bir nüansın salınmasına gəlincə, Z. Məmmədli bildirdi ki, bu çıxış yolu deyil: “Peşə kodeksində elə maddələr var ki, əlavə maddə olmadan da intihar xəbərlərinin bu şəkildə verməyin düzgün olmamasını məntiqi baxımdan izah edir. Peşə kodeksində bu maddənin olub-olmaması nəyi dəyişir ki? Orada o qədər maddə var ki, əməl olunmur. Jurnalist etikasının ən başlıca kodekslərinə əməl olunmursa, bu maddənin əlavə olunması ilə də heç nə düzəlməyəcək”.

Nərgiz LİFTİYEVA