BolgeXeber.Com » Analitika » Enerji, qaz və su şəbəkələri niyə özəlləşdirilmir?

Enerji, qaz və su şəbəkələri niyə özəlləşdirilmir?

22-11-2017, 11:05
Oxunub: 4 298 Enerji, qaz və su şəbəkələri niyə özəlləşdirilmir?Azərbaycanda qaz, eneji və su təchizatı sistemi dövlətin əlində qalmaqdadır

Hər il dövlət büdcəsindən ölkənin bu 3 xidmətlə təchizatı sistemi, bu sistemlərdə aparılan yenidənqurma işləri üçün yüz milyonlarla, hətta milyardlarla manat vəsait ayrılır. Bundan əlavə, müəyyən fasilələrlə “Azəriqaz”, “Azərişıq”, “Azərsu”nun büdcəyə olan yüz milyonlarla manat vergi borcları silinir. Eyni zamanda büdcədən əhalinin qaz və enerjidən istifadəsinə görə “Azəriqaz” və “Azərişıq”a irihəcmli subsidiyalar ayrılır. 2018-ci ilin dövlət büdcəsində bu subsidiyanın həcminin 250 milyon manat olacağı nəzərdə tutulur.

Dünyanın, elə bizim qonşularımızın da praktikasında isə qaz, elektrik enerjisi və supaylayıcı sistemlər dövlətin deyil, özəl şirkətlərin əlindədir. Götürək elə qonşu Gürcüstanı. Həm qaz, həm enerji paylama şəbəkəsini özəlləşdirən bu ölkə ilk illərdə müəyyən çətinliklər yaşasa da, artıq onların hamısı arxada qalıb, dövlət paylayıcı şəbəkələrə vəsait yatırmaq kimi ağır yükdən tam azaddır. Azərbaycanda da 2000-ci illərin əvvəllərində Bakı, Sumqayıt və Şimal bölgəsinin enerjipaylama sistemi “Barmek” şirkətinin idarəetməsinə verildi, lakin qısa müddətdən sonra geri alındı.

Neftin dünya bazar qiymətinin, həmçinin ölkədə neft hasilatının yüksək olduğu dövrdə dövlətin paylayıcı şəbəkələrin ağırlığını çəkmək imkanları vardı. Lakin artıq həm neftin qiyməti əvvəlki kimi yüksək deyil, həm də hasilat həcmləri ildən-ilə azalır. Belə bir şəraitdə dövləti və büdcəni ağır yükdən azad edib, qaz, enerji və su paylama sistemlərini özəl əllərə vermək daha məqsədəuyğun olmazmı? Hökumət nədən buna getmir: adları çəkilən sosial əhəmiyyətli sahələrə nəzarəti itirmək istəmir, yoxsa başqa maraqlar var?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, burada bir neçə amil rol oynayır: “Birincisi, bu sahələrin özəl əllərə verilməsi o zaman yüksək effekt verə bilər ki, təhvil alan təcrübəli, müasir texnologiyalara malik xarici investorlar olsun. Xarici investorların sahəyə gəlməyə maraqlı olması üçün isə müəyyən addımların atılması, idarəetmədə, məhkəmə sistemində dəyişikliklər aparılması lazımdır. Yəni münbit şərait olmalıdır. İkinci məsələ budur ki, bu sahələrdə mənsəb sahibi olan maraq qrupları var. Həmin qruplar maraqlıdılar ki, sahə dövlətin əlində qalsın: dövlət bura yüksəkhəcmli investisiyalar yönəltsin, subsidiyalaşma olsun və sair. Bu vəsaitlər hesabına həyata keçirilən tenderlərdə, təmir-tikinti işlərində həmin qrupların maraqları böyük planda təmin olunur. Hansı ki, özəl şirkətlər olacaqsa, belə təminatlardan söhbət belə getməyəcək”.

Ekspert deyir ki, 3 mühüm sektorun özəlləşməsinin qarşısında duran üçüncü böyük maneə həmin sahələrin yenidənqurulması üçün irihəcmli vəsaitlərin tələb olunmasıdır: “Bu sistemlər xüsusilə regionlarda az qala sovetdənqalma avadanlıqlarla işləyir. İllərdən bəridir dövlətin ayırdığı milyardlarla vəsait hara gedib bilən yoxdur. Bu sistemləri alan şirkətlər qoyacaqları vəsaitlər üçün dövlətdən zəmanət, yaxud vergi və sair güzəştlər istəyəcəklər. Yəni faktiki olaraq dövlət ciddi şirkətləri cəlb etmək üçün belə güzəştləri təklif etməli olacaq. Görünən odur ki, hökumət belə radikal addımların atılmasını istəmir. Nəticədə isə dövlətlə vətəndaş üz-üzə qalır: vətəndaş keyfiyyətli xidmət ala bilmir, qarşısındakı dövlət şirkəti olduğu üçün şikayət hüququnu təmin edə bilmir. Dövlət isə bir tərəfdən vətəndaş narazılığı ilə üzləşir, bir tərəfdən də ağır maliyyə yükünün altında qalır”.

Qeyd edək ki, əksər məmurlar qaz, su və enerji şəbəkələrinin özəlləşdirilməsinin qiymət artımına səbəb olacağını əsas gətirməklə hökumətin əhalini düşünərək buna getmədiyini deyirlər. N.Cəfərli bildirir ki, şəbəkələrin özəl əllərə verilməsi müəyyən sosial problemlər yarada bilər: “Əsas problem xeyli sayda insanın işsiz qalması ilə bağlı yarana bilər. Bilirsiniz ki, bu şirkətlərdə idarəetmə çox bərbaddır, uzun illərdir ştatlar şişirdilir, çoxlu sayda lazımsız ştatlar açılıb. Özəl şirkət gələndə aydın məsələdir ki, lüzumsuz ştatları ləğv edib, heyəti optimallaşdıracaq. Qiymət artımına gəlincə, dövlətin bu sahədə tariflərə təsir etmək üçün əlində rıçaqları olacaq: şirkətlərə vergi güzəştləri tətbiq etmək, yaxud güzəştli kredit vermək kimi yollarla əhali üçün optimal tariflərə nail olmaq mümkündür. Yəni özəl əllərə verilməsi o demək deyil ki, dərhal tariflər qalxmalıdır. Üstəlik, hazırda bizdə tariflər elə də aşağı deyil. Müqayisə oluna biləcəyimiz region ölkələrindən çox az fərqlənir. Həmçinin qeyd etdiyim kimi, dövlətin əlində yetərincə alətləri var ki, tariflərin çox artmasına imkan verməsin. Yetər ki, hökumətin istəyi olsun”. \\musavat.com\\