BolgeXeber.Com » Ölkə » Deputatlardan bahalaşmaya,qaz, istilik problemlərinə etiraz

Deputatlardan bahalaşmaya,qaz, istilik problemlərinə etiraz

23-11-2017, 09:15
Oxunub: 2 393 Deputatlardan bahalaşmaya,qaz, istilik problemlərinə etirazAzay Quliyev QHT-lərlə bağlı çağırış etdi: “Qeyri-hökumət təşkilatlarına lazımi qədər maliyyə ayırmasaq, boşluqları kənar qüvvələr doldurmağa çalışacaq”

Noyabrın 22-də Milli Məclis 2018-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsini davam etdirdi.

Deputat Musa Qasımlı seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsinin problemlərindən danışdı. Bildirdi ki, çox çətin relyefə malik olan Yardımlı rayonunda su, yol, elektrik enerjisi, qaz və digər sahələrdə xeyli işlər görülüb: “Bununla belə, Yardımlı rayonunun artıq plana salınmış şəhərə bitişik və yaxın olan Dəlləkli, Ostayır, Gavran, Osnağaran, Anzov, Hamarkənd, Abasabad və digər kəndlərinin, Masallı rayonunun Güllütəpə ərazi nümayəndəliyinə daxil olan bütün kəndlərin gələn il qazlaşdırılmasının həllini tapmasını xahiş edirəm. Hökumətimizdən Yardımlı rayonunun minlərlə insanın yaşadığı Bozayran, Bürzünbül, Bilnə, Vərgədüz kəndləri arasında yolların asfaltlanmasını xahiş edirəm”.

“Bizdə qiymət qalxdısa, enməsi problemdir. Neft 62 dollar olanda da qiymətlər həmin səviyyədə qalır, aşağı düşəndə də. Ona görə də xahiş edirəm İqtisadi İnkişaf Nazirliyi məsələyə diqqət yetirsin”.

Bunu isə deputat Yevda Abramov söylədi. O, daha sonra Qonaqkənd-İsmayıllı yolu ilə bağlı məsələ qaldırdı: “Bu yol çəkilsə, 50-dən çox kəndin, 50 mindən artıq insanın rifahına təsir göstərəcək. Başıbəlalı Quba-Xaçmaz yolunu bir il əvvəl söküb-dağıdıblar. 300 min əhalinin yaşadığı iki rayon arasındakı yol Azərbaycanda yeganə bərbad yoldur. Qubada bəzi obyektlər açılışa hazırdır. Cənab prezident birdən bu yolu getsə, biz hansı vəziyyətdə qalacağıq?”

Y.Abramov Qubada hava limanının açılmasını da zəruri saydı: “Bir sıra qubalı uşaqların da şəxsi təyyarələrinin Qubaya enəcəyini vurğulasaq, bu hava limanının böyük fayda verəcəyini deyə bilərik. Həmçinin Təl-Əviv-Quba reysi də bura əlavə olunsa, deyə bilərik ki, aeroportun tikintisi yalnız fayda verəcək”.

Deputat Əhliman Əmiraslanov səhiyyə xərclərinin azlığından gileyləndi: “Təəssüflə qeyd edirəm ki, bizdə ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Hətta səhiyyə xərcləri keçənilkindən də azdır”. Akademik bildirdi ki, heç olmasa əhalimizin artımını nəzər alıb səhiyyəyə ayrılan xərcləri artırmaq lazımdır: “Əks təqdirdə, səhiyyəmiz geriyə gedəcək. Səhiyyə xərclərinin az olması və həkimlərimizin maaşının az olması ölkəmizdə müasir avadanlıqla təchiz olunmuş klinikaların effektiv işləməsinə maneçilik törədir”.

Deputat onkoloji sahədə şiş əleyhinə preparatların alınmasına vəsaitlərin ayrılmasını xahiş etdi.

Deputat Çingiz Qənizadə bildirdi ki, Bakıda elektrik qatarlarının hərəkətini bərpa edə bilsək, bu, sıxlığı aradan qaldırmaqla yanaşı, həm də ekoloji durumun yaxşılaşmasına kömək edəcək.

Deputat ölkədə polis müstəntiqlərinin sayının artırılmasını da təklif etdi: “Bir sıra rayonlarda polis müstəntiqlərinin icrasında 20-25 iş var. Bu qədər işlərin keyfiyyətli araşdırılması çox çətindir. Ona görə də hər bir rayonda heç olmasa 2-3 müstəntiq artırılmalıdır ki, işlər effektli araşdırılsın". Ç.Qənizadə hökumət üzvlərinin diqqətini ölkədəki iş adamlarının durumuna yönəltməyə çalışdı: ”Niyə biz iş adamlarının Gürcüstana axınının səbəbini araşdırmırıq? Hökumət üzvləri araşdırıblarmı ki, son illərdə nə qədər iş adamı vergi təzyiqlərinə dözməyib iş yerlərini bağlayıb? Bəlkə biz daha çox iş yeri və daha az vergi siyasətinə üstünlük verək?"

Deputat ardınca seçildiyi dairənin problemlərindən danışdı. Eyni zamanda müvafiq qurumları gün-gündən artan qiymətlərə nəzarət etməyə çağırdı.

Deputat Fuad Muradov “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problemin olduğunu dedi: “”Azəristiliktəchizat"in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın. Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər".

Milli Məclisin sədr müavini Bahar Muradova isə parlamentin 5 komitəsində büdcə ilə bağlı çox faydalı müzakirələrin aparıldığını bildirdi. Eyni zamanda sənədin mükəmməl hazırlandığını vurğuladı. Bununla belə, bəzi problemlərin olduğunu da vurğuladı: “Ümumiləşmiş şəkildə desək, ümumi vəziyyət yaxşıdır. Əlbəttə, həm qalmış problemlər var, həm də inkişafın özünün doğurduğu problemlər mövcuddur, onları da həll etmək lazımdır”.

Vitse-spiker bildirdi ki, insan kapitalının inkişafı müxtəlif sahələrdə insanların hüquqlarının qorunmasını zəruri edir: “Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”. B.Muradova bu mənada hakimlərin sayının artırılmasını zəruri saydı və büdcədə bu məsələnin nəzərə alınmasını təklif etdi: “Vəkillərlə bağlı da məsələ çox ciddidir. Biz vəkillik rolunu oynayan bir sıra müdafiəçilərlə bağlı qanunverciilik sahəsində atdığımız addımlar bu məsələyə də diqqət yetirilməsini zəruri edir. Mənim təmsil olunduğum komitəyə müraciətlərin çox edildiyini nəzərə alaraq, hesab edirəm ki, bu istiqamətdə addımlar atılmalıdır və gözləmək olmaz. Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələləri aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.

Deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mənzil şəraitinin yaxşılaşdırılması üçün 250 milyon manatın, həmçinin işsizlikdən sığorta ilə bağlı vəsaitin nəzərdə tutulmasını mühüm addım kimi qiymətləndirdi. Daha sonra A.Quliyev Azərbaycan dövləti üçün vacib olan məsələ - səfirliklərlə bağlı problemlərə diqqət çəkdi: “Bəzi səfirlər deyir ki, artıq sürücü ştatını da ləğv edib. Odur ki, səfir bəzən özü sürücü funksiyasını yerinə yetirməyə məcbur olur. Heç olmasa hər bir səfirə sürücü ştatı verilməlidir”.

Deputat həmçinin qeyd edib: “2018-ci ilin büdcə layihəsinə qiymət versək asanlıqla deyə bilərik ki, cənab prezident İlham Əliyevin atdığı cəsarətli addımlar, qəbul etdiyi təxirəsalınmaz qərarlar və həyata keçirdiyi islahatlar öz bəhrəsini verdi. Hökumət qarşımızda duran ən çətin vəzifənin öhdəsindən gələ bildi. İqtisadiyyatda ciddi geriləmənin qarşısı alındı, ölkənin maliyyə və iqtisadi sektorunda sabitləşmə və post neft dönəminə adaptasiya dövrü başladı”.


A.Quliyev daha sonra QHT-lərlə bağlı danışıb: “Mən son 5-6 ildə QHT-lərə ayrılan büdcənin artırılması məsələsini qaldırmamışam. Ancaq indi məcburam bu haqda danışmağa. Belə ki, 2016-cı ildən etibarən QHT-lərə ayrılan büdcə 1, 6 milyon manat azaldılıb. Bundan başqa, keçən il QHT-lərə müqavilə üzrə şuranın ödəməyə borclu olduğu 413 min manat vəsait də xəzinədən buraxılmadı və bu məbləğ QHT-lər üçün nəzərdə tutulan 2017-ci ilin büdcəsinin hesabına ödənildi. Faktiki olaraq QHT-lərə ayrılan büdcə 2 milyon manat azalaraq 4,6 milyona endirildi. Təəssüflər olsun ki, 2018-ci ildə QHT-lər üçün nə artım nəzərdə tutulub, nə də qalıq olaraq ödənilməyən 400 min manat vəsait əlavə edilib. Yəni 2017-ci il büdcə azaldılmış formada, 5 milyon manat civarında saxlanılıb. Onu da qeyd edim ki, bu məbləğə müsabiqə fondu ilə yanaşı katibliyin saxlanılması və fəaliyyətinin təşkili xərcləri də daxildir. Bu isə çox az rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyatdan keçib və ayrılan rəqəmi 3 minə bölsək, hər QHT-yə il ərzində cəmi 1000-1300 manat vəsait düşür. İndi özünüz düşünün, bu məbləğlə QHT-lərin fəaliyyətinə necə dəstək vermək olar?

Həm də onu da nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur və məzənnə dəyişikliyindən sonra manatı xarici valyutaya çevirəndə onlara ayrılan büdcə ikiqat itkiyə məruz qalır. Şuranın da hər QHT-yə ildə 5-9 min manat vəsait ayırmağa imkanı çatır.

2018-ci il önəmli tarixi hadisələr və siyasi tədbirlərlə zəngindir. Gələn il AXC-nin 100 illiyini və Ulu Öndərin 95 illik yubileylərini ölkədə təntənəli şəkildə qeyd edəcəyik. Həm də 2018-ci ilin oktyabrında ölkədə prezident seçkilərinin keçirilməsi gözlənilir. Məlumdur ki, QHT-lər seçki maarifçiliyinin təşkilində və seçkilərin monitorinqində hər zaman aktiv rol oynayırlar və onların bu fəaliyyətinə əlavə vəsait lazım olacaq.

Digər tərəfdən, hesab edirəm ki, maliyyə ayrılan zaman QHT sektoruna təkcə sosial və ictimai əhəmiyyətli məsələlərin həllində rol oynayan faktor kimi baxmaq kifayət deyil, bu sektora ictimai- siyasi sabitliyə, milli və dövləti maraqlarımızın qorunmasına mühüm töhfə verən bir institut kimi baxmaq lazımdır. Əgər biz dövlət olaraq QHT-lərə lazımi səviyyədə maliyyə ayırmasaq və ya müəyyən boşluqlara yol versək, o zaman o boşluqları kənar qüvvələr doldurmağa çalışacaqdır. Buna isə yol vermək olmaz.

Bütün bunları nəzərə alaraq, hörmətli Samir müəllimdən xahiş edərdim ki, QHT-lərə ayrılan büdcəyə yenidən baxılması imkanlarını nəzərdən keçirsin və minimum ehtiyacı qarşılamaq üçün nəzərdə tutulan vəsaitin artırılmasını və ya heç olmasa xəzinədə keçən il saxlanılan 400 min manatın bərpa olunmasına köməklik etsin. Mənə belə gəlir ki, gələn ilin büdcəsi bu məsələnin həllinə imkan yaradır".

Deputat, tanınmış ürək cərrahı Rəşad Mahmudov 1500-dən çox ürək qüsurlarının Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın dəstəyi ilə məhz Azərbaycanda aradan qaldırıldığını bildirdi və səhiyyənin inkişafından danışdı.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov dedi ki, indiki durumda informasiya müstəvisindəki fəaliyyətimizi daha mükəmməl qurmalıyıq: “Bir tankın alınmasına xərclənən pulla güclü bir televiziya kanalı yaratmaq mümkündür. Müxtəlif dillərdə yayımlanacaq proqramlar Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdıra bilər. Bu isə şübhəsiz, sülh danışıqlarında həm də əlavə üstünlüyümüzdür. Buna görə də dövlət büdcəsindən ümumən media ilə bağlı vəsaitin həm məbləğinin artırılmasını, həm də belə demək mümkünsə, təyinat istiqamətlərinin genişləndirilməsini təklif edərdim. Mən bir neçə dəfə onlayn jurnalistika üçün dövlət büdcəsindən vəsaitin ayrılmasını təklif etmişəm. Doğrudan da bu, çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, xaricdən Azərbaycana olan informasiya təhdidlərinə qarşı əsasən onlayn media orqanları mübarizə aparır. Ancaq maliyyə çatışmazlığından bu sahədə problemlər var. Sahəyə sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır. Ən azı indi 1 milyon manat ayıra bilsək, əminəm ki, tezliklə onun nəticəsini görəcəyik”.

Ə.Amaşov dedi ki, dövlətlər özlərinin informasiya təhlükəsizliyinin təminatına kifayət qədər böyük vəsait ayırırlar: “Məsələn, Rusiya bu məqsədlə adambaşına 40 dollar, Türkiyə 50, Qazaxıstan 35 dollar xərcləyir. Müqayisəli yanaşsaq, bizdə - müharibə vəziyyətində olan bi ölkədə bu rəqəm xeyli aşağıdır. Buna görə də dövlət büdcəsindən informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”. MŞ sədri informasiya ombudsmanı ilə bağlı da danışdı: “Ümumən mən əvvəldən də həmin institutun ayrıca müstəqil qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Bütün dünyada bu belədir. Bizdə isə bu qurum İnsan Hüquqları üzrə Müvəkkilə birləşdirilib. Fəaliyyəti isə göz qabağındadır. Səbəb göstərilir ki, hökumət ştat ayırmır. Bu, izah deyil, daha çox bəhanəyə bənzəyir. Amma ümumən informasiya ombudsmanı ölkənin informasiya təhlükəsizliyi baxımından çox vacibdir. Madam ki, institut var, hökumət buradadır, soruşuram, niyə ona ştat ayrılmır? Görək ki, işi nədən ibarətdir”.

Deputat Tahir Kərimli neftin qiymətinin 45 dollardan götürülməsinə etiraz etdi: “Heç bir beynəlxalq təşkilat 50 dollardan aşağı proqnoz vermir. Niyə bizim qurumlar hesab edir ki, qiymət aşağı olacaq?"

Deputat bahalaşma ilə bağlı da sual etdi: “Bu gün Tarif Şurası deyə bilərmi ki, qiymət yenə qalxacaq, ya yox? Ya Tarif Şurasına nazirlərin özləri daxil olsun, ya da hökumət özü Tarif Şurasının funksiyasını öz üzərinə götürsün”.

“Biz müharibə aparan ölkəyik. Əgər neftin qiyməti 60 dollar olacaqsa, may ayında büdcədəki qiymətdə də dəyişiklik olacaq”.

Spiker Oqtay Əsədov bunu büdcədə neftin qiymətinin 45 dollardan götürülməsi ilə bağlı fikirlərə münasibət bildirərkən dedi. Sədr bildirdi ki, biz riskləri qabaqlayırıq.

Sədr müavini Valeh Ələsgərov da neftin qiyməti ilə bağlı düzgün qərar verildiyini bildirdi: “Sabah nə olacaq, nə olmayacaq, kim bunu bilir?”

MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə büdcə sənədini yüksək qiymətləndirdi. Sədr müavini daha sonra Lənkəran və Astaradan keçən dəmir yolunun dəniz sahilindən keçdiyini və bu zaman yolun dayanıqlığı üçün problem yarandığını bildirdi. Bu mənada təklif etdi ki, dəmir yolu dəniz sahilindən digər əraziyə köçürülsə və bu, tez baş versə, bir o qədər yaxşıdır: “Çünki Şimal-Cənub dəmir yolu xətti bir ildən sonra işə düşəcək. Yükdaşımaları artandan sonra bu işi həyata keçirmək daha da çətin olacaq. Ona görə də xahiş edirəm ki, bizim həmkarımız Cavid müəllim bu məsələni nəzarətə götürsün”.

Müzakirələr bu gün davam edəcək.

Elşad PAŞASOY