BolgeXeber.Com » Analitika » Hamı sadə toydan danışır, ancaq heç kim nümunə göstərmir...

Hamı sadə toydan danışır, ancaq heç kim nümunə göstərmir...

25-11-2017, 09:36
Oxunub: 4 124 Hamı sadə toydan danışır, ancaq heç kim nümunə göstərmir...Fazil Mustafa: “Bu cəmiyyətin müəyyən dərəcədə xəstəliyi, vəhşi adətlərə aludəliyidir”; İqbal Ağazadə: “Bu məsələlər ictimai müzakirə predmeti ola bilməz”

Məhərrəmlik ayı bitdi və dəbdəbəli toylar yenə də gündəmi zəbt etməyə başladı. Toyun məqsədi orada yığılan pulun yeni ailə həyatı quran gənclərə yardım edilməsidir. Ancaq həddən ziyadə yeməklər və dəbdəbəyə görə gənclər nəinki yığılan puldan bir fayda görür, hətta restoranlara borclu da qalırlar. Restoranlarda hazır menyular təklif olunur. Bu menyudan yer alan hansısa yeməyi çıxartsanız belə bunun menyunun puluna heç bir təsiri olmayacaq. Tək-tək restoranlar var ki, onlar yalnız stolun pulunu alır, menyunu və ərzaqları toy evinin almasına razılıq verir. Zaman-zaman ictimaiyyətdə tanınan simalar həddən artıq dəbdəbəli toyları tənqid edir və buna son qoyulmasını istəyirlər. Ancaq həmin simaların bəziləri öz övladlarının toyunu da dəbdəbəli edir, heç bir nümunə ortaya qoymurlar.

Maraqlıdır, cəmiyyətdə müəyyən mövqeyə sahib olan şəxslər öz övladının toyunu təbliğ etdiyi bir cür yeməklə və sadə şənliklə keçirərmi?

Qeyd edək ki, bu günlərdə deputat Fazil Mustafa bu barədə “facebook” hesabında yazaraq aşırı dəbdəbəli, 15-16 cür keyfiyyətsiz yeməkləri olan toyları tənqid etmişdi. F.Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burada alternativlərin yaranmamasından söhbət gedir. Bu Azərbaycan cəmiyyətinin müəyyən dərəcədə xəstəliyidir, vəhşi adətlərə aludəliyidir. Şadlıq evləri sistemi elə qurulub ki, alternativlər olmayanda hətta fərqli düşüncədə olan insanlar olanda belə rahatlıqla bu məclislərini keçirə bilmirlər. Muğam məclisi kimi 2-3 saatlıq toy ənənəsi etmək mümkün olmur. Çünki sən öz seçiminə malik deyilsən. Tutaq ki, sən bir növ yemək istəyirsənsə, 5 növ yemək təklif edirlər və bunsuz razılıq vermirlər. Seçim alternativi olsa, insanlar bunu daha çox həyata keçirərlər. Toylarda biz şadlıq evi mafiyasının girovuna çevrilmişik. Əksər məmurların özünün şadlıq evləri olduğuna görə bu sistemi də dəyişmək işlərinə yaramır. Ona görə də belə bir vəziyyət olduqca düşündürücü və narahatedici vəziyyətdir.

Hesab edirəm ki, bu məsələlərdə biz ən azı gücümüz çatan səviyyədə maarifçilik işini gücləndirməliyik. Bu məsələlər nə ağlamalı bir ağlamaqdır, nə də şənlənməli bir şənlənməkdir. Xaricdən gətirdiyin müğənniyə 50-100 min ödəməkdən böyük bir düşüncəsizlik ola bilərmi?! Toyda nə oxuyanın səsini eşidə bilirsən, nə oynayanların nəyə oynadığını başa düşürsən. Mən bu vəziyyətin dəyişməsini yaxın zamanlarda gözləmirəm, nümunələrlə də bunun edilməsinin imkanı yoxdur. Yəni bu insanları hara dəvət edəsən? Bu profildə məclis yerləri olmalıdır və yaxud da restoranlarla bunu danışaraq etmək daha məqsədə uyğundur. Həm də toya salınan pul da yeni evlənənlərin xeyrinə yox, zərərinə gedir. Yeni evlənənlərə kömək etmək istəyirsənsə, bir var ki, 300 manat salasan, onun 200-ü gedə şadlıq evinə Bir də var ki, 200 manat verəsən yeni evlənənlərə onlar da ailələrinin maddi təməlini normal formalaşdıra bilsin. Problemin kökü budur".


Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, bu məsələlər ictimai müzakirə predmeti ola bilməz və kim necə istəyirsə, o cür də toy edə bilər: “Nümunəvi toy resepti yoxdur. Hər kəsin toy üçün öz resepti var. Buna görə də hər kəs öz reseptinə, arzusuna, cibinə uyğun toy edir. Kim cibinə uyğun etmir, başından yuxarı tullanmaq istəyirsə, bu onların problemidir. Bu məsələdə nizam-intizamı olmamalıdır. İnsanların ürəyi istədiyi kimi olacaq toy arzularına şablon nəsə salmaq nə dərəcədə doğrudur və məntiqlidir?! Kim necə istəyir elə də edər. Kiminsə borclu qalmasının, toyda girov saxlanılmasının camaata, mətbuata nə dəxili var? Düşünürəm ki, bu məsələlər ictimai müzakirə predmeti ola bilməz. Bu, adamların arzu istəkləridir, planladığı şəxsi işdir. Öz çevrəsini, yaxınlarını çağırıb arzusunu reallaşdırır. Borclu qalacaq, sonra ödəyəcək və ya əvvəlcədən ödəyəcək, ya heç borclu qalmayacaq, yemək tökülüb qalacaq bu onların problemidir. Mənim, cəmiyyətin heç jurnalistlərin də problemi deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli üç oğlu olduğunu və gələcəkdə toylarını onların arzularına uyğun şəkildə həyata keçirəcəyini dedi: “İnzibati qərarlarla, müdaxilələrlə, hər hansısa bir qadağalarla bu məsələni həll etmək mümkün deyil. Bu tipli situasiyanın yaranması üçün ölkədə nüfuzlu olan gənclər, elita sayıla biləcək ziyalılar, hətta siyasilər, hökumət üzvləri bir nümunə ortaya qoymalıdırlar. Əgər hər hansısa bir məmur öz övladına yüz minlərlə manata, hətta milyonlara başa gələn toylar edirsə, sadə vətəndaş da təbii ki, örnək kimi ya ziyalısının, ya məmurunun davranış qaydalarını götürür. Burada artıq şəxsi nümunələr çox önəmlidir. Türkiyədə bununla bağlı ən rəsmi, varlı, elita insanlar belə elə sadə toy edirlər ki, bu digər insanlara bir örnək olur. Bu örnək də cəmiyyətdə yayılır. Azərbaycanda da bu cür örnəklər yaranmalıdır. İnsanlar inandığı, hörmət etdiyi, ziyalı saydığı insanlara bu məsələlərlə bağlı yol göstərməlidirlər. Mən 3 oğul övladım var. Bu günə qədər üçündə də kiçik toy dediyimiz mərasimi keçirməmişəm. Ancaq 5-6 nəfər yaxın dostlarla bu hadisəni qeyd etmişik. Bunu hansısa restoran, şadlıq evində etməmişəm. Mənim övladlarım böyüyəndən sonra özlərinin istədiyi kimi ailə qurmalarına kənardan heç bir müdaxilə etmədən, ancaq dəstək verərək özlərinin istədiyi kimi bir mərasim keçirməyə mən hazıram. Ona görə də cəmiyyətdə müəyyən söz sahibi ola biləcək, örnək ola biləcək insanlar mütləq yaxşı nümunələr ortaya qoymalıdırlar. Yaxşı nümunələr ortaya qoyulduqca vətəndaşlar da o nümunələrdən nəticə çıxararaq hərəkət edəcəklər. Mən buna əminəm. Ona görə də restoranlara və ya əhaliyə hansısa qadağan tətbiq etməkdənsə, televiziyalarda bununla bağlı təşviq verilişləri təşkil etməklə, insanları bilgiləndirməklə, yaxşı nümunələr ortaya qoymaqla bu problemi həll etmək mümkündür. Doğrudan da artıq ölkəmizdə toy da, yas mərasimləri də həddən artıq bayağı keçirilir və çoxlu xərc tələb olunur. əgər toya dəvətnamə alan insan 15 il əvvəl sevinirdisə, indi fikrə qərq olurlar ki, toyun pulunu haradansa, tapıb vermək lazım olacaq. Bu ənənələr örnəklər vasitəsilə dəyişməlidir”.

Günel MANAFLI