BolgeXeber.Com » Gündəm » Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”

Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”

25-11-2017, 17:42
Oxunub: 3 432 Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur, heyvan palçığa batıb qalır...”

“Hər gün bidonları eşşəyə yükləyib su dalınca 3-4 kilometr yol gedirik. Payız-qış aylarında vəziyyət daha da çətinləşir, ağır su bidonlarının altında əzilən heyvan bir tərəfdən də dizəcən palçığa batır, yükü dartıb apara bilmir...”.

Bu, Şabran rayonunun Pirəmsən kəndinin sakinlərinin güzəranıdır. Rayonun bir çox digər kəndlərində olduğu kimi Pirəmsən kəndində də içməli su sarıdan ciddi korluq, əziyyət çəkirlər.

Virtualaz.org-a danışan yerli sakinlər deyirlər ki, Şabran rayonunda su problemindən ən çox əziyyət çəkən Pirəmsən, Ərəblər, Leyti kəndlərinin sakinləri əvvəllər içməli suyu kəndlərin ətrafındakı bulaqlardan götürürdülər. Lakin 10 ildən artıqdır ki, meşələrin kütləvi qırılması, ekoloji tarazlığın pozulması bu bulaqların əksəriyyətini qurudub. Çünki Şabran kəndlərində uzun illərdir təbii qaz olmadığından sakinlər qızınmaq üçün meşələri qırıb tükədiblər.

Digər tərəfdən çaylardan çınqıl və daşın çıxarılaraq tikinti üçün kütləvi şəkildə Bakıya daşınması, çayların mənsəbinin dəyişdirilməsi kənd camaatının təbii içməli su mənbələrinə çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Azərbaycanın bölgələrində, kəndlərində əhalinin içməli su ilə təchizatı son illər dövlətin xüsusi əhəmiyyət verdiyi sahələrdən biridir. Dövlət proqramları çərçivəsində Kür çayının sahilində yerləşən kəndlərin ekoloji təmiz içməli su ilə təchizatı üçün modul sutəmizləyici qurğular quraşdırılıb, habelə vaxtaşırı olaraq “Azərsu” ASC-də kəndlərin, rayonların su təchizatını yaxşılaşdırmaq üçün prezident İlham Əliyev tərəfindən vəsaitlər ayrılır. O cümlədən xarici ölkə səfirliklərinin və təşkilatların ayırdıqları qrant layihələri çərçivəsində bir çox kəndlərdə içməli su problemi həll olunub.

Lakin şimal rayonlarında, o cümlədən Şabranda təbii su mənbələrinin, bulaqların məhdudluğu əhalinin içməli su mənbələrinə çıxışını çətinləşdirir. Ekoloji tarazlığın pozulması nəticəsində bölgədə səhralaşma əlamətləri nəzərə çarpır. Şabran, Quba, Xaçmaz rayolarının mərkəzi hissələri su ilə qismən təmin olunsa da, kəndlərin əksəriyyətində nəinki içməli, heç texniki su da tapılmır. Şimal rayonlarının əhalisi ancaq yağışların ümidinə qalıb ki, o da özü ilə sudan çox problem gətirir.

Şabran kəndliləri suyu ancaq yağış yağanda görür

Pirəmsən və Ərəblər kəndlərində 5-6 il əvvəl bələdiyyə hesabına artezian quyuları qazılsa da, artıq onlar sıradan çıxıb və işləmir. Pirəmsən sakinlərinin virtualaz.org-a bildirdiyinə görə kənddə imkanı olanlar fərdi quyu qazır, qalanlar isə ya uzaq məsafələrdən at və eşşəklə, ya da maşınlarla su daşımaq məcburiyyətində qalırlar. İçməli suyun bir maşını 40-50 manatdır, bunu da almaq kənddə hər adamın gücü çatan iş deyil.

Nəticədə, quyusu olmayan, maşınla su ala bilməyən sakinlər elə kanaldan axan lilli suyu duruldaraq içmək üçün istifadə edirlər. Kanal suyu isə infeksiya mənbəyi kimi təhlükəlidir. Çünki kənddə kanalizasiya sistemi olmadığından bəzi evlərdən axan çirkab sular kanala tökülür.

Digər tərəfdən isə, kənddə vurulan quyu suları da əslində içməyə yararlı deyil. “Quyu vurmaq çox baha başa gəlir, 4-5 min manat xərc çıxır. Kənd camaatının böyük əksəriyyətinin buna imkanı çatmır. Cəmi bir neçə nəfər həyətində belə quyu qaza bilib. Heç o suyun da içməyə nə dərəcədə yararlı olduğu məlum deyil. Çünki bir neçə il əvvəl kənddə yerin altından çıxan suyu yoxlatmışdıq, məlum olmuşdu ki, suyun codluğu 14%-dən yuxarıdır”,- deyə sakinlər bildirirlər.

Lap Mərkəzi Komitəyə də yazıblar...

Kənd sakinləri deyirlər ki, su problemi şimal bölgəsinin kəndlərində hələ sovet dövründən aktualdır. Kəndlilər bu problemlə bağlı dəfələrlə Mərkəzi Komitəyə, Nazirlər Kabinetinə məktub yazsalar da, nəticəsi olmayıb. Ən yaxın su mənbəyi Zeyvə kəndi istiqamətindən keçən Quru Pir çayıdır, ancaq həmin çaydan Pirəmsən kəndinə su çəkən yoxdur.

Şabran rayonun Ərəblər kəndində də sakinlər eyni aqibəti yaşayırlar. Onlar bir neçə kilometr məsafədən içmək üçün suyu at və eşşəklə daşıyırlar. Rayonun Gəndab, Şahnəzərli, Dəvəçikənd kəndlərində bir neçə yerə bulaqlardan su çəkilsə də, bu kəndləri su ilə qismən təmin edir. Zeyvə kəndinə sakinlərin illərlə davam edən şikayətindən sonra su çəkilib. Lakin bu su da bütün evlərə deyil, kəndin cəmi bir nöqtəsinə çəkildiyindən su probleminin həll olunması demək deyil.

Rayonun Ərəblər, Leyti kəndlərində də sakinləri əkin və tərəvəz sahələrini suvarmaq üçün su tapa bilmədiklərini deyirlər. Xüsusən yay aylarında Şabrançayın suyu quruduğundan onun suyu ilə suvarılan bağ və əkinlər susuzluqdan yanır. Həm də texniki su baxımından əziyyət çəkən Şabran sakinlərini ümidlərini rayonun yuxarı səmtindən keçib Taxtakörpü su anbarına tökülən Samur kanalına bağlayıblar. Samur kanalının suyunun duruldularaq kəndlərə verilməsi ilə bağlı hələ 2014-cü ildən layihə hazırlanıb. Şabran sakinləri deyirlər ki, Siyəzən və Xızı rayonları bu üsulla su ilə təmin olunsa da, Şabran rayonu illərdir suya möhtac qalıb.

Rayonda su probleminin olmasını icra hakimiyyətinin rəsmi rəqəmləri də təsdiqləyir. Şabran İcra Hakimiyyətinin saytında verilən məlumata görə, rayonun 68 kəndi üzrə cəmi 8 kənddə içməli su problemi öz həllini tapıb.

Quba sakini: “Biz də eşşəklə daşıyırıq…”

Quba sakinlərinin virtualaz.org-a bildirdiklərinə görə, rayonda su problemindən əziyyət çəkməyən kənd yoxdur. Möhüc, Söhüb, Qarxun, Rük kəndlərində acınacaqlı vəziyyət hökm sürür. Quba sakini Vüqar Hüseynov deyir ki, uzun illərdir kənd sakinləri kilometrlərlə məsafədən evlərinə suyu eşşəklə daşıyır.

Həmsöhbətimiz deyir ki, Gültəpə, Yenikənd, Tülər, Tüləkəran kəndlərində də vəziyyət ürəkaçan deyil: “Bu kəndlər dağ kəndləri olsa da, hələ Quba rayonun ucqar kəndləri sayılmır. Möhüc kəndi rayon mərkəzindən cəmi 17 km məsafədə yerləşir. Amma orada da bir neçə kilometr məsafədən suyu at və eşşəklə daşıyırlar. Ucqarlarda vəziyyət lap bərbaddır. Məsələn, Rük, Qarxun, Adur, Girdah, Zeyid kəndləri Qubanın mərkəzindən təxminən 60-70 km məsafədədir. Bu kənd sakinləri su sarıdan əsl işgəncə çəkirlər. Bu kəndlərdə nə yayda, nə də qışda yaşamaq mümkün deyil”.

“Yayda işlətməyə suyu çatdırmaq olmur, bulaqların suyu quruyur, soyuqlar düşəndə isə su daşımaq üçün heyvanları dizə qədər palçığa girməli olur. Bəzən də hər yer buz olur, su donur, məcbur olub damla-damla işlədirik…”, - deyə müsahibimiz bildirir.

Yerli hakimiyyət orqanları hələlik bu bölgənin kəndlərinin içməli su probleminin nə vaxt həllini tapa biləcəyinə dair ümidverici heç nə demirlər. Əlbətdə, bu problem yeni deyil, amma Azərbaycanda regionların sosial-iqtisadi inkişafı proqramlarını ilk növbədə içməli su, qaz təchizatı və kəndarası yolların çəkilməsi kimi problemlərin həllinə yönəltmək hələ də aktual məsələ olaraq qalır.
Bolgexeber.com
Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”
Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”
Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”
Şabranda eşşəklə su daşıyan kəndlilər: “Qışda lap çətin olur...”