BolgeXeber.Com » Media » Başçının müavini jurnalistin evinə edilən zəngi dandı: "Mən danışmamışam..." - Jurnalist isə yeni faktlar açıqladı

Başçının müavini jurnalistin evinə edilən zəngi dandı: "Mən danışmamışam..." - Jurnalist isə yeni faktlar açıqladı

29-11-2017, 16:03
Oxunub: 3 645 Başçının müavini jurnalistin evinə edilən zəngi dandı: "Mən danışmamışam..." - Jurnalist isə yeni faktlar açıqladıDaşkəsən Rayon İcra Hakimiyyəti köşə yazarı, jurnalist Seymur Verdizadənin Əhəd Abıyevin yaxınları tərəfindən təhqir edilməsi məsələsinə aydınlıq gətirib

Bolgexeber.com xəbər verir ki, rayon icra hakimiyyətinin başçısının müavini Namiq Süleymanov aznews.az-a açıqlamasında Seymur Verdizadəyə zəng etmədiyini bildirib:

"Mən Seymurla nə danışmışam, nə də onu görmüşəm. Bilmirəm nə məsələdir. Qəti şəkildə belə bir zəng olmayıb. Əgər mənim adımdan kimsə zəng edibsə, bunu araşdıracam. Çünki məsələ həqiqətən də araşdırılmalıdır”.

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən jurnalist Seymur Verdizadə deyib ki, bu gün səhər onun yaşadığı mənzilə zəng ediib:

"Maraqlıdır ki, zəng edən və özünü icra başçısının müavini Namiq Süleymanov kimi təqdim edərək, söyüş, təhdidləri ard-arda düzən şəxs nə iş yerimə, nə mobil telefonuma deyil, birbaşa evimə zəng edib. Axı, kim onlara o hüququ verib ki, evimə zəng edib, təhqir və təhdid yağdırsınlar?

İkincisi, bu adamlar mobil nömrəmi daha asan tapa biləcəkləri halda, ev nömrəmi necə əldə ediblər?

Üçüncüsü, ehtiyac varsa, evimə zəng gələn nömrəni də cəmiyyətə açıqlayaram. Ancaq hələlik nömrəni açıqlamadan deyim ki, təhdid zəngindən dərhal sonra araşdırma apardım, həmin nömrə rayon İcra Hakimiyyətinin saytında, özü də birbaşa Əhəd Abıyevin adına çıxdı.

Müvafiq qurumlardan xahiş edirəm, evimə gələn zəngi, ev nömrəmin necə əldə olunması, həmçinin, məni və ailə üzvlərimi təhdid və təhqir edən həmin şəxs dərhal üzə çıxarılıb, layiq olduğu formada cəzalandırılsın".

Qeyd edək ki, tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl "Qafqazinfo”da yayımlanan "Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.

S.Verdizadə bildirib ki, yazı dərc olunandan sonra Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək ona hədə-qorxu gəlir.

Bundan əlavə, jurnalist, Əhəd Abıyevin müavini Namiq Süleymanov tərəfindən də təhqir olunduğunu deyib.