BolgeXeber.Com » Analitika » Azərbaycanda şəxsi həyata “əl uzadanlar” necə cəzalandırılır?

Azərbaycanda şəxsi həyata “əl uzadanlar” necə cəzalandırılır?

29-11-2017, 16:05
Oxunub: 4 092 Azərbaycanda şəxsi həyata “əl uzadanlar” necə cəzalandırılır?Ölkəmizdə şəxsi toxunulmazlığa dair hüquqlar tam qorunur

Son günlər reper Anar Nağılbaz barədə gündəmi zəbt edən xoşagəlməz olay Azərbaycanda şəxsi toxunulmazlıqla bağlı qanundan irəli gələn tələbləri "çeynəyənlər"in olduğunu bir daha yada saldı. Şəxsi toxunulmazlıq hüququ təbii hüquqlar qrupuna aiddir və bütün normal ölkələrdə tanınır. Azərbaycan da hüquqi dövlətdir və bu ölkənin sərhədləri daxilində şəxsi toxunulmazlığa böyük önəm, fərdi məlumatların qorunmasına dəyər verilir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Burada jurnalistlərə, yaxud da başqa birinə kiminsə şəxsi həyatına "burun soxmaq" üçün imtiyaz verilməyib. Eləcə də ali qanunda ictimai şəxslər üçün bu qanun keçərsizdir kimi müddəa da yoxdur.
Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qanunla müəyyən edilən hallar istisna olmaqla, hər kəs onun haqqında toplanan məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanan və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilən məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, bu toxunulmazlığa təhdid edənləri sərt cəzalar gözləyir:

Maddə 156.: Şəxsi həyatın toxunulmazlığını pozma

156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması -

- yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.