BolgeXeber.Com » Gündəm » Hacı Məmmədovun sirr kimi intiharı - qanqsterə layiq ölüm, yoxsa...

Hacı Məmmədovun sirr kimi intiharı - qanqsterə layiq ölüm, yoxsa...

5-12-2017, 11:20
Oxunub: 2 231 Hacı Məmmədovun sirr kimi intiharı - qanqsterə layiq ölüm, yoxsa...“Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür?”

Çoxsaylı qətllərdə günahlandırılan ömürlük məhbusun 12 il sonra canına qıyması çoxsaylı suallar yaradıb; dəstə başçısının boğazına ip keçirməyə nə vadar edib? Hacı Məmmədovun intihar məktubu, yarılmış meyiti və son məzara gedən sirləri...

Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsindəki kamerasında Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun özünü asması gündəmin əsas mövzusuna çevrilib.

Məlumata görə, H.Məmmədov dekabrın 3-də, axşamüstü 5-6 radələrində boynuna dolanan mələfənin dartılması nəticəsində əmələ gələn asfiksiya - boğulma nəticəsində həyatla vidalaşıb. Əsasən vərəmli dustaqların saxlanıldığı, xüsusilə ciddi nizam-intizamın hökm sürdüyü bir müəssisədə məşhur arestantın sirli ölümünü ilkin olaraq Xəzər Rayon Prokurorluğunun müstəntiqləri araşdırmağa başlayıblar. Az keçməyib ki, işi Xəzər Rayon Prokurorluğundan alıb Bakı Şəhər Prokurorluğuna verməklə sonrakı araşdırılmasını həvalə ediblər.

H.Məmmədovun 10 ildən artıq saxlandığı MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi də beləcə mələfədən asılı vəziyyətdə aşkar etmişdilər. Onun kamerasına da ilk olaraq rayon prokurorluğunun müstəntiqləri gəlmişdi və az sonra işi alıb Bakı Şəhər Prokurorluğuna vermişdilər. Və sonda iş xitam olundu...

Məşhur arestantın ölüm xəbərini ilkin olaraq primtime.az saytı yayıb. Gecə saatlarında yayılan xəbərə H.Məmmədovun ailə üzvləri münasibət bildirərkən deyiblər ki, onun ölümü barədə məlumatsızdırlar. Dekabrın 4-də günortadan sonra Hacı Məmmədovun ölüm xəbəri rəsmi təsdiqini tapsa da, ailəyə bu haqda rəsmi olaraq məlumat verilməyib, meyitinin haradan götürülə biləcəyini belə kimsə deməyib. Günün sonunda isə vəkili Afət Qazıyeva bildirib ki, bəzi müayinələrdən sonra meyit yaxınlarına təhvil veriləcək.

Hacı Məmmədovun kamerasından əlyazma tapılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən də Hacı Məmmədovun ölümü ilə bağlı açıqlama verilib. Xəbərə görə, H.Məmmədov kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

“Məhkum H.T.Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində ”Ağciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində" diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib" deyə, PX-dən verilən açıqlamada bildirilib.

H.Məmmədovun ölümündən sonra müstəntiqlər onun kamerasında əlyazma aşkar ediblər. Həmin əlyazma müəllifi qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Qardaşı qızı: “Hacı Məmmədov vərəm xəstəsi olmayıb”

Hacı Məmmədovun qardaşı qızı Leyla Məmmədova virtualaz.org-a deyib ki, sonuncu dəfə əmisi ilə 1 həftə əvvəl danışıb. O, yaxşı əhval-ruhiyyədə imiş və xəstə deyilmiş. Bundan savayı, ailə üzvləri mütəmadi olaraq ona baş çəkiblər və sonuncu dəfə belə ziyarət 2 həftə öncə olub.

O əlavə edib ki, əmisi vərəm xəstəsi olmayıb. Buna görə də DTX-nin təcridxanasından köçürüləndən dərhal sonra “vərəm zonası”na köçürülməsi şübhə doğurur.

MTN-dən köçürülməsini niyə tələb edirdi?

Yada salaq ki, Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. 2005-ci ilin martında H.Məmmədovun həbsindən sonra onu və digər şəxsləri MTN-in istintaq təcridxanasında saxlayırdılar. 2007-ci ildə H.Məmmədov və onunla birlikdə həbs olunan şəxslərin bir çoxunun barələrində ömürlük həbs cəzası çıxarıldı. H.Məmmədov istisna olmaqla iş üzrə ömürlük həbs cəzası alan digər şəxsləri Qobustan həbsxanasına köçürdülər. Eldar Mahmudov MTN rəhbərliyində qaldığı illərdə H.Məmmədovun Qobustana köçürülməsinin qarşısı alınırdı. 2011-ci ilin sentyabrında Hacı Məmmədov yaxınları ilə əlaqə saxlayaraq ölüm aclığına başladığını demişdi. Bildirmişdi ki, ölüm aclığını MTN-in təcridxanasından Qobustana köçürülənə qədər davam etdirəcək.

“Xahiş elədi ki, onu Qobustana köçürsünlər”

Həmin vaxt bu haqda “Yeni Müsavat”a anası Almaz Məmmədova bu sözləri demişdi. Sitat: “Bu gün evə zəng etmişdi. Dedi ki, daha orada qalmaq istəmir. Xahiş elədi ki, onu Qobustana köçürsünlər. Bununla bağlı ”Qırmızı Xaç" Komitəsinə də müraciətini çatdırmağımızı istədi. Deyir ki, daha orada qala bilmir".

A.Məmmədova oğlunun bir çox xəstəliklərdən əziyyət çəkdiyini, son 1 ayda oğluna apardıqları yeməklərin qəbul edilmədiyini də söyləmişdi.

Sonrakı illərdə də H.Məmmədov MTN təcridxanasından köçürülməsini ara-sıra tələb edirdi. MTN-in təcridxanasında monitorinq hüququ tanınan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudov vasitəsilə bu istəyi haqda ictimaiyyətə məlumatlar ötürürdü.

Related image

Hacı Məmmədov Eldar Mahmudovun girovuna çevrilmişdi

2015-ci ilin oktyabrında E.Mahmudov postunu itirənə qədər H.Məmmədovun istək və tələbini, ən başlıcası isə qanunun tələbini yerinə yetirən olmurdu. Onu 2005-ci ilin martında saldıqları MTN-in istintaq təcridxanasından qanunun tələb etdiyi tərzdə Qobustan həbsxanasına köçürmək istəmirdilər.

H.Məmmədov faktiki olaraq Eldar Mahmudovun girovuna çevrilmişdi. Eldar Mahmudov işdən çıxarılıb MTN-də həbslər gerçəkləşdiriləndən sonra H.Məmmədovun səsi daha ucadan eşidilməyə başlamışdı. O, vəkil tutub barəsindəki cinayət işinin yenidən araşdırlmasını tələb edirdi. Ali Məhkəməyə müraciət edərək “Qara kəmər” əməliyyatı üzrə aparılan ibtidai istintaq dövründə saxta, qondarma ifadələr verməyə məcbur edildiyini diqqətə çatdırdı. Lakin gözlənilənlərin əksinə olaraq, Ali Məhkəmə Hacı Məmmədovun şikayətini heç bir əsas göstərmədən təmin etmədi.


Hacı Məmmədovun bacısı hansı ilginc həqiqətlərin üstünün açılacağını deyirdi?

Həmin günlərdə H.Məmmədovun bacısı Arifə Məmmədova “Yeni Müsavat”a müsahibə verib arestant qardaşına vəkil tutduqlarını təsdiqləmişdi. Çox ilginc açıqlamalar vermişdi.

A.Məmmədovanın müsahibəsi qəzetin 28 noyabr 2015-ci il tarixli sayında “Hacı Məmmədovun işində şok gəlişmə - ”ömürlük"də yatan general həbsdən çıxa bilər" http://musavat.com/news/olke/haci-memmedovun-ishinde-shok-gelishme-omurlukde-yatan-general-hebsden-chixa-biler_308047.html ttp://musavat.com/news/olke/haci-memmedovun-ishinde-shok-gelishme-omurlukde-yatan-general-hebsden-chixa-biler_308047.html sərlövhəsi altında dərc edilmişdi.

A.Məmmədovanın həmin günlərdə söylədiklərini bir daha xatırladaq:" Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq. Hə, yenidən istintaq araşdırması olacaq. Vəkil aparıb sənədləri verib, gələn həftə Hacı ilə görüşəcək. 3 ilə yaxındır ki, bizimlə görüşdən imtina edirdi. Telefonla da danışmırdı. Bizi görmək belə istəmirdi. Eldar Mahmudovu çıxardılar, görüşmək istədi. Əvvəllər isə qəti şəkildə bizimlə görüşdən imtina edirdi, deyirdi ki, zəhləm gedir hamıdan, heç kimi görmək istəmirəm. Hacı Məmmədov 3 nəfəri öldürübsə, baxın görün bunlar, Eldar Mahmudov nələr edib! Bunlara inam qalıb? Mən çox şeyləri deyəcəyəm. Tələsməyin. Biz istəmirik ki, hələlik bunlar yazılsın. Gözləyin".

“Hər şeyi açıb deyəcək”

A.Məmmədova H.Məmmədovla görüşündən də danışmışdı: “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər. Özü hər şeyi açıb deyəcək. Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər rəsmi olsun. Hər şeyi açıb deyəcək”.

“Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür?”

A.Məmmədova “o dövrdə niyə demirdi” sualına belə cavab vermişdi: “Necə desin? Ora yerdir? Özləri ”julik"in böyüyü idilər. Hər şeyi açıb deyəcəyik".

Bildirmişdi ki, MTN-də saxlanıldığı müddətdə H. Məmmədova təzyiqlər olub: “Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək. Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür? Səməd Əliyev rəhmətə gedib. Başqa vəkildir. Biz Səməd Əliyev öləndən sonra ona vəkil tutmaq istəmişdik, özü imtina edirdi. Oğlu Teymur neçə dəfə MTN-ə zəng vururdu, deyirdilər ki, vəziyyəti yaxşıdır, amma sizi görmək istəmir, danışmaq istəmir, vəkil də istəmir. Hacı mənə zəng edib dedi ki, Elçin Behbudovla əlaqə saxla, ona de ki, təcili yanıma gəlsin. Mən də zəng elədim, Elçinə dedim. 2 gündən sonra Elçin Behbudov öldü. Hacının yanına gedə bilmədi. Sonra dedilər ki, ürəyi tutub, ölüb. Mənə dedi ki, zəng elə, zəng eləyib dedim, o da 2 gündən sonra öldü”.

A.Məmmədova demişdi ki, H.Məmmədov başına gələnlərlə bağlı ətraflı şəkildə yazaraq istintaqa təqdim edəcək.

H.Məmmədov bildiklərinin bir qismini yazıb Ali Məhkəməyə vəkili vasitəsilə göndərmişdi. Amma Ali Məhkəmə onun yenidən istintaq araşdırması aparmaq istəyinə, faktiki isə həqiqətlərin üzə çıxmasına “yox” dedi.

Məşhur arestantın müraciətinə Ali Məhkəmədən cavab veriləndən az sonra - 2016-cı ilin aprelində nəhayət ki, onu həmin vaxt artıq DTX-yə çevrilmiş MTN-in istintaq təcridxanasından çıxardılar. Amma yenə də Qobustan həbsxanasına köçürmədilər. H.Məmmədov meyiti aşkarlanan müalicə müəssisəsinə köçürüldü və orada həyatla vidalaşmalı oldu. Eldar Mahmudovun təzyiqləri altında ifadələr verən, sonradan Ali Məhkəmə tərəfindən danışması əngəllənən H.Məmmədov sirli ölümü ilə heç vaxt açılmayacaq və Azərbaycanın yaxın tarixinə qanla yazılan bir çox mübhəmləri özü ilə qəbirə apardı.

Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zamində olan 3 nəfərdən biri - İbrahim Bağırovun işi xitam edilib. Digər 2 nəfər - Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi. Z.Nəsirovun cəzası 2016-cı ildə müddətli cəza ilə əvəzlənib və əfv olunaraq azadlığa buraxılıb.

E.MƏMMƏDƏLİYEV