BolgeXeber.Com » Sosial » Bir ailənin restoranda Yeni il gecəsi 1080 manata başa gəlir

Bir ailənin restoranda Yeni il gecəsi 1080 manata başa gəlir

19-12-2017, 11:33
Oxunub: 4 049 Bir ailənin restoranda Yeni il gecəsi 1080 manata başa gəlirRestoran rəhbərliyi deyir ki, bu qiymətlər baha deyil...

Yeni ilin gəlişinə artıq iki həftədən az bir vaxt qalıb. Yeni ili fərqli və daha maraqlı keçirmək üçün restoranlar, istirahət mərkəzləri tərəfindən artıq təkliflər səsləndirilir. Ancaq buna baxmayaraq, bir çox ailələr Yeni ili evdə qarşılayacaqlar. Çünki restoranlarda qiymətlər Yeni il ərəfəsində adi günlərdən fərqli olaraq bahalaşır, menyu isə dəyişməz olaraq qalır. Bunu isə Yeni il gecəsi şou proqramların, müğənnilərin canlı ifalarının olacağı ilə əlaqələndirirlər.

Halbuki bir çox restoranlarda adi gecələrdə də müğənnilər iştirak edir, şou proqramlar hazırlayırlar. Biz də Yeni il gecəsi restoranlardakı qiymətlər və şou proqramlar haqqında öyrənmək üçün bir neçə restoranla əlaqə saxladıq. Məlum oldu ki, restoranlarda qiymətlər bir-birindən fərqlidir, həmçinin eyni zalda bir neçə qiymət təklif olunur. Bu qiymət fərqi isə menyuya görə yox, stolunuzun səhnəyə yaxın olub-olmamasına görədir.

“Oazis” restoranından bildirdilər ki, qiymətlər yerə görə dəyişilir. 31 dekabr gününü “Oazis”də qeyd etmək istəyənlər öndə, yəni səhnəyə yaxın oturmaq üçün 200 manat, ortada oturmaq üçün 150 manat, arxada oturmaq üçün isə 100 manat ödəməli olacaqlar. Menyu isə standartdır. Yəni qiymətin bahalaşmasına görə yemək fərqi olmayacaq. 6 yaşdan yuxarı uşaqlar üçün də qiymət dəyişməz olaraq qalır. Yeni il gecəsi bura üz tutanlar tanınmış müğənnilərin ifasını dinləyə biləcəklər.

“Eleven” restoranında qiymətlər standart masalar üçün 80 manat, restoranda adam başına 200 manat, VİP-də isə 400 manatdır. “Muğam” klubunda isə bir nəfərlik yer 270 manatdır. Bu isə o deməkdir ki, siz 4 nəfərlik ailə üzvünüzlə getsəniz, bu sizə 1080 manata başa gələcək. "Sərin" restoranında isə qiymətlər yenə də səhnəyə yaxınlığına görə 150-250 manat arasında dəyişir. Burada 5 yaşacan uşaqlara pulsuz, 5 yaşdan yuxarı uşaqlar üçünsə 50 faiz endirim nəzərdə tutulur.

“JW Marriott Abşeron" hotelinin restoranında Yeni ili keçirmək üçün bufetdə oturmaq 110 manat, 2-ci mərtəbədəki restoranda oturmaq adambaşına 150 manatdır. Üstəlik, 5 nəfərlik yer bron etməlisiniz. Bundan aşağı olanda qəbul edilmir. Kiçik bir hesablama aparsaq görərik ki, adambaşı 150 manatdan 5 nəfərlik bir ailə üçün bu 750 manata başa gəlir ki, əksəriyyət bu pulla evində daha gözəl Yeni il keçirə və ya hansısa xarici ölkəyə gedə bilər. Mütəxəssislər də Azərbaycanda hansısa restoran və ya istirahət mərkəzində Yeni ili keçirməkdənsə hansısa ölkəyə səyahət etməyin daha sərfəli, hətta ucuz başa gəldiyini deyirlər.

İqtisadçı ekspert Natiq Cəfərli bu sahədə yeganə işlək mexanizmin rəqabətli mühit yaranması olduğunu dedi: “Özəl qurumlara, o cümlədən kafe və restoranlara hər hansısa formada qiymət diktə etmək və yaxud da qiymətinə nəzarət etmək doğru və qanuni deyil. Çünki özəl sektor, özəl sahədirsə, istənilən qiymət formalaşması öz siyasətlərinə aiddir. Uzun illərdir, hətta yüz min illərdir dünya iqtisadiyyatı da bunu sübut edib ki, yeganə işlək mexanizm rəqabətli mühitdir. Həmin sahələrdə nə qədər çox rəqabət olsa, o qədər də çox qiymətlərə və keyfiyyətə müsbət fonda təsir göstərər. Əlbəttə ki, Yeni il gecəsi özəl bir gecə olduğu üçün restoranlar bundan istifadə edərək qiymətlərdə dəyişikliklər edirlər. Səhnəyə yaxın masaların qiymətlərinin baha olması da təbii qarşılana bilər. O anlamda ki, biz konsertə gedəndə də səhnəyə yaxın yerlərin biletləri daha baha olur, nəinki arxa cərgələr. Hər bir halda qiymət siyasətinə müdaxilə etmək doğru deyil. Sadəcə olaraq, məni düşündürən məsələ ondan ibarətdir ki, bu o qədər absurd qiymətlərə, hədlərə qədər gedib çatır ki, insanlar, sadəcə, düşünürlər ki, Gürcüstanda, Türkiyədə Yeni il keçirmək, gedib orada 1-2 gün istirahət etmək daha sərfəli hala gəlir. Bax, bu anlaşılan deyil. Bu da əslində rəqabətsizlik mühitindən doğur. Dövlətin qarışa biləcəyi yeganə məsələ vergi məsələsidir ki, restoran və kafelər öz qazanclarından düzgün vergi versinlər. Bundan başqa, dövlətin hər hansı bir halda qiymətin formalaşmasına müdaxilə etməsini doğru saymıram. Sovet vaxtında qiyməti dövlət tənzimləyirdi, buna görə də istədiyimiz məhsulları nə satışda, nə də başqa yerdə tapa bilmirdik. Ancaq alverçilərdən tapmaq olurdu və yaxud da ki, getdiyimiz restoranın hər hansısa bir işçisinə əvvəlcədən böyük məbləğdə pul verirdik ki, bizim üçün bir masa ayırsın. Halbuki qiymətlər dövlət tərəfindən tənzimlənirdi. Yəni dövlətin iqtisadiyyata birbaşa müdaxiləsi doğru və effektiv yol deyil. Dövlətin yeganə işi o olmalıdır ki, ədalətli mühit yaratsın, rəqabətli mühitin yaranmasına dəstək olsun, kifayət qədər kafe və restoranların, xidmət sahələrinin açılmasına və bir-biri ilə rəqabət aparmasına ədalətli bir şərait yaratsın ki, qiymətlərin aşağı, keyfiyyətinsə yüksək olması həmin zaman iqtisadi qanunlarla tənzimlənəcək”.

N.Cəfərli bildirir ki, rəqabətsizlik mühiti və məmur iqtisadiyyatı keyfiyyətdə heç bir artım olmadan qiymətlərin yüksəlməsinə şərait yaradır: “Yeni il gecəsi özəl bir gün olduğu üçün əlavə bir söz demək də mümkün deyil. Çünki bu bir gün olan məsələdir. Təbii ki, Yeni ildə də restoranlar daha çox pul qazanmağı düşünürlər. Dünyanın bir çox yerlərində də belədir. Dünyanın istənilən tanınmış restoranında Yeni il gecəsi yer sifariş etsəniz, adi günlərdən iki-üç dəfə çox pul ödəməli olacaqsınız. Yəni bu normaldır. Azərbaycanda anormal olan rəqabətsizlik mühitidir”.

Günel MANAFLI