BolgeXeber.Com » Xəbərlər » Azərbaycan prezidenti: “Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”

Azərbaycan prezidenti: “Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”

21-12-2017, 18:05
Oxunub: 1 817 Azərbaycan prezidenti: “Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”“Multikulturalizmin alternativi yoxdur

Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda, bizim Avropa ölkələri ilə də sıx əlaqələrimiz var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalayıb. Yəni, bu da Avropa İttifaqının üzvlərinin 1/3 hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlayıb. Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni zamanda, bizim siyasətimizi əks etdirir. Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı bax dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar”, - deyə o vurğulayıb.

Prezident bildirib ki, digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülüb: “Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər. Çox səmərəli görüş keçirilib, çox səmimi fikir mübadiləsi aparılıb. Biz hesab etdik ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq bir görüş olmamalıdır. Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə “Bakı Prosesi” adı verildi. Bu gün “Bakı Prosesi” yaşayır, inkişaf edir. Gələn il biz “Bakı Prosesi”nin on illik yubileyini qeyd edəcəyik. “Bakı Prosesi” bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də təşəbbüs Azərbaycan tərəfindən gəldi. Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq.


Azərbaycan gənc müstəqil dövlətdir. Müstəqilliyimizin cəmi 26 yaşı var. Müstəqilliyin ilk illəri çox ağır keçib, çox faciəvi hadisələr baş verib. 1993-cü ilə qədər Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü, inflyasiya min faizlərlə ölçülürdü, bütün sənaye müəssisələrimiz, demək olar ki, fəaliyyətsiz qalmışdı və ölkənin inkişafı üçün perspektivlər çox qaranlıq idi. Bundan əlavə, o vaxtkı hakimiyyət Azərbaycanda vətəndaş müharibəsinə start verdi və qardaş qanı axıtdı. Mənfur qonşu Ermənistan bundan istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. Yəni, Azərbaycan demək olar ki, uçurum kənarında idi. Belə vəziyyətdə Azərbaycan xalqı özünə xas olan müdriklik göstərərək böyük lider Heydər Əliyevi hakimiyyətə dəvət edib və 1993-cü ildən bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolu ilə gedir. 1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar, beynəlxalq arenada rolumuzun artması, ölkə daxilində bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, vətəndaş müharibəsinin dayandırılması, yeni Konstitusiyanın qəbul edilməsi və ölkəmizin strateji inkişafı ilə bağlı çox dəqiq qərarlar xalqımızı ağır vəziyyətdən çıxara bildi və bu gün də Azərbaycan uğurla inkişaf edir. Eyni zamanda, müstəqilliyin ilk illərində Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər də demək olar ki, pozulmuşdu. Yumşaq desək, bu sahədə, çox böyük səhvlər, dəqiq desək, cinayətlər törədilmişdi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bu sahədə də dönüş yarandı, dövlət-din münasibətləri lazımi səviyyədə quruldu. Bu gün dövlət-din münasibətlərinin səviyyəsinə və mahiyyətinə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər”.