BolgeXeber.Com » Sosial » Bayramı evdə keçirənlər 150-200 manat xərcləyəcək

Bayramı evdə keçirənlər 150-200 manat xərcləyəcək

22-12-2017, 09:13
Oxunub: 2 877 Bayramı evdə keçirənlər 150-200 manat xərcləyəcəkYeni il gecəsi zəngin süfrə açmaq üçün isə 1000-1500 manat tələb olunur

Yeni il axşamı hər kəs süfrəsinin bol çeşidli və rəngarəng olmasını istəyir. Hətta belə bir inanc da var ki, Yeni ilə necə, hansı ab-havada girsən, bütün il o cür keçəcək. Məhz buna görə də insanlar Yeni il axşamını evdə olmağa, ailəsi və sevdikləri ilə birgə bol süfrə arxasında keçirməyə xüsusi əhəmiyyət verirlər. Yeni ilin gəlməsinə 8-9 gün qalsa da, hazırlıqlar artıq indidən başlayıb.

Yeni il süfrəsi üçün tədarüklərin indidən görülməsinin bir səbəbi də bayrama yaxın qiymətlərin bahalaşacağı qorxusudur. Biz də hazırkı qiymətlərlə bayram süfrəsinin neçəyə başa gələcəyini öyrənmək üçün əvvəlcə bayram süfrəsinə hansı ərzaq məhsullarının sərf oluna biləcəyinin siyahısını tutub bir neçə market və bazara üz tutduq. Bayram süfrəsinin vazkeçilməzlərindən biri plovdur. Plov üçün lazım olan ərzaqlardan düyünün qiyməti 1 manat 20 qəpik - 4 manat arası, dana əti 11 manat, quzu əti 12 manat, soğan 30-80 qəpik arası, şabalıd 8-12 manat, qaysı 8-10 manat, kişmiş 7-15 manat, gavalı 7 -8 manat arasında satılırdı. Kərə yağının qiyməti isə 15-18 manat idi. Yeni il süfrəsinin əsas təamı hesab edilən hindinin dəyərinə gəlincə, kilosu 15 manata satılır, çəkisindən asılı olaraqsa, bir hindinin qiyməti 50-80 manat arasında dəyişirdi. Yeni il süfrəsinin vazkeçilməzlərindən biri də salatlardır. Hazırda xiyar 2 manat, pomidor 3 manat, göyərtinin 4-ü 1 manata satılır. Turşular isə 2 - manata satılır.

Əksəriyyət ailələr bayram süfrəsində paytaxt salatını mütləq hazırlayırlar. Bunun üçün lazım olan ərzaqların maya dəyərini hesablasaq təxminən 12-15 manata başa gəldiyini görərik. Belə ki, bu salat üçün lazım olan ərzaqlardan 5 ədəd yumurtanın qiyməti 15 qəpikdən 75 qəpik, kartof kiloqramı 80 qəpik, kök 1 manat 60 qəpik, yaşıl noxud 1 manat 80 qəpik-2 manat arası, mayonez 80 qəpik,1 manat 60 qəpik arası, toyuğun döş əti isə 2 manat 30 qəpikdən başlayaraq çəkisinə görə yüksəlirdi. Yeni il süfrəsində ən azı iki cür yemək bişirildiyini nəzərə alsaq, əksər ailələr ikinci yemək kimi yarpaq dolmasına üstünlük verirlər ki, 4 nəfərlik bir ailə üçün dolma hazırlamaq 18-25 manat arasında başa gəlir. Belə ki, qoyun ətinin kilosu 12 manat, yarpaq 4-5 manat, yumru düyü isə 1 manat 60 qəpikdir. Yeni ildə süfrəni rəngarəng edən bir komponent də meyvələrdir. Meyvələrdən mandarin 1 manat 70 qəpik - 3 manat 50 qəpik arası, alma 1 manat, qızıləhməd alma isə 3 manat 50 qəpik, armud 2 manat-3 manat arası, naringi 2 manat, xurma 2 manat, banan isə 2 manat 50 qəpiyə satılır. Şirniyyata gəlincə isə tortların qiyməti çəkisindən və görünüşündən asılı olaraq 15-30 manat arasında dəyişir.

Apardığımız müşahidələr 4 nəfərlik ortabab bir bayram süfrəsinin təxminən 150-200 manata başa gələcəyini deməyə əsas verir. Təbii ki, bayramda süfrəsini daha zəngin edənlər də var. Məhz buna görədir ki, bayram süfrələrini 3 yerə, zəngin, ortabab və zəif süfrə kimi qruplaşdırmaq mümkündür. Yeni il gecəsi zəngin süfrə açmaq hazırkı qiymətlərlə və süfrədə yer alan çeşid bolluğuna görə 1000-1500 manat arası pul tələb edir. Bu cür süfrələrdə bahalı meyvələr, xüsusi hazırlanmış fransız-italyan üsulu şirniyyatlar, çoxillik bahalı şərablar, növbənöv kürülər, delikates yeməklər, xaricdən xüsusi gətirilmiş balıqlar və sairə olur. Daha çox italyan mətbəxinə üstünlük verən VİP süfrə sahibləri bu salatlar olmadan süfrəni bitmiş hesab etməzlər. Salatların bir payı üçün çəkilən xərc 40-50 manat arasında dəyişir. Zəif süfrəyə gəlincə, bu süfrələr adi günlərin süfrəsindən sadəcə ət yeməyinin olması ilə fərqlənir. Hesablamalara görə, 4-5 nəfərlik ailə üçün olduqca sadə, dəbdəbədən uzaq bir süfrə açmaq üçün ən azı 50-100 manatın olması kifayətdir.

Qeyd edək ki, bu günlərdə Rusiya Federal Statistika İdarəsi Yeni İl süfrəsinin dəyərini hesablayıb. Məlum olub ki, ölkə paytaxtı Moskvada 4 nəfərlik ailənin bayram süfrəsi 7 476, 26 rubla başa gələcək. Bu da manat ekvivalenti ilə 214,5687 manat deməkdir. Onu da nəzərə çatdıraq ki, bayram süfrəsinə meyvə, tərəvəz, çörək, toyuq, kolbasa, iki növ salat, şokolad, tort, kürü, mineral, eləcə də, qazlı su, təbii şirə, balıq delikatesi, pendir, balıq konservi, qurudulmuş ət, araq, çaxır və sair daxil olmaqla, 29 təam daxil edilib.

Image result for Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, statistik ortabab azərbaycanlı ailəsinin 4 nəfərlik Yeni il süfrəsi 150-200 manata başa gələcək: “Uzun illərdir ki, çox pis bir ənənə var. Hər il bayram öncəsi tələbat artan kimi qiymətlərdə də kəskin artım müşahidə olunur. Ölkədə ciddi rəqabətli mühit olmadığına görə qiymət artımı daha da sürətlənir. Çünki ölkəyə məhsul gətirən şirkətlər, yaxud da yerli məhsul istehsal edən şirkətlər barmaqla sayılacaq qədər azdır. Bunlar da təbii ki, rəqabətli mühit olmadığına görə tələbat artan kimi qiymətləri qaldırmaq kimi bir addım atırlar ki, bu da doğru yanaşma deyil. Digər ölkələrdə görmüşük ki, bayramqabağı ciddi endirimlər olur və insanların bayramları daha yaxşı keçirməsi üçün sanki şirkətlər və satış nöqtələri bir-biri ilə rəqabətə girir, qiymətləri aşağı saldıraraq daha çox müştəri cəlb etməyə çalışırlar. Biz də isə bunun tam əksini görürük. Azərbaycanda Yeni il daha çox sevilən və qeyd edilən bayramlardan biridir. Bu uzun illərdir artıq ənənəyə çevrilib. Buna görə də ənənəvi Yeni il süfrəsində olan ərzaqları hesablasaq, 4 nəfərlik bir ailənin normal şəkildə Yeni il gecəsini keçirməsi üçün minimal olaraq 150-200 manatlıq bir xərc tələb olunur. Onu da nəzərə almaq lazımdır ki, istənilən ailədə həmişə daha artıq yemək tədarükü görülür ki, qonaqlar da gələ bilər. Təbii ki, insanların dolanışıq və gəlir səviyyəsindən asılı olaraq qiymətlər qalxıb 1000-1500 manat da ola bilər. Yeni il süfrəsinə asetrin balığı, ağ balıq və yaxud da kürü qoymaq istəyənlər də ola bilər ki, bu zaman təbii ki, daha çox pul sərf olunur. Amma biz orta statistik Azərbaycan ailəsinin Yeni il süfrəsini hesablasaq, bunun 150-200 manata başa gəldiyini görərik”.

Xatırladaq ki, statistikaya əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6 faiz artıb.

Günel MANAFLI,
“Yeni Müsavat”