BolgeXeber.Com » Xəbərlər » Hacı Qalib Salahzadə: “315-ci maddə bizim ailəyə düşür”

Hacı Qalib Salahzadə: “315-ci maddə bizim ailəyə düşür”

22-12-2017, 11:30
Oxunub: 4 094 Hacı Qalib Salahzadə: “315-ci maddə bizim ailəyə düşür”“Türməni kişilər üçün tikiblər də”

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə istintaqı dövründə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilən Ə.Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir. Hacı Qalib isə məhkəmə qərarını şərh edərkən deyib ki, zərərçəkən şikayətçi olmadığı halda, dövlət ittihamçısı onun oğluna 5 il həbs cəzası tələb edib, hakim isə 3 illik cəza kəsib. Ancaq maraqlısı odur ki, sabiq deputat növbəti məhkəmə instansiyalarına müraciət etmək niyyətində olmadığını bildirib. “Yeni Müsavat”a müsahibəsində Hacı Qalib Salahzadədən əvvəlcə bunun səbəbi barədə soruşduq:

- Hacı, mətbuata açıqlamanızda demişiniz ki, hökmlə bağlı nə Apelyasiya Məhkəməsinə, nə də Ali Məhkəməyə şikayət etməyəcəksiniz. Adətən, növbəti instansiyalar cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarır. Belə olan halda şikayətçi olmamağınızın səbəbi nədir?

- Bilirsiniz necədir? Mən nə vəkildən, nə məhkəmədən narazı deyiləm. Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə xanım Həsənovadan narazılığım yoxdur. Mən niyə özümü aldadım ki? Çünki oğlum on dəfə məhkəməyə gedib-gəldi. Mən prosesləri izləyirdim bu qərardan razı olsaydı, elə ikinci, üçüncü prosesdə hökm oxunardı, məsələ bitərdi. Özü də məhkəmə qapalı keçdi, bir dəfə də jurnalistlər buraxılmadı. Mən bütün bunları bilə-bilə niyə apelyasiya şikayəti verim? Oradakı hakimlər deməzmi ki, ay Hacı, sən vəziyyəti bilmirsən, bizi niyə işə salırsan? Bilirəm ki, xüsusi olaraq tapşırıq olub. Yoxsa 21 yaşlı gənci Qurban bayramı günü evindən aparmazdılar. Özü də niyə mən Apelyasiya və ya Ali məhkəmələri pis vəziyyətdə qoyum? Bunu ilk gündən heç kəs gizlətməyib ki... Mənim özümdən də dəfələrlə üzrxahlıq ediblər ki, bu, belə olmalıdır. Faktiki olaraq bu uşaq 70 manat pula görə orda yatır. Guya bu pulu versə, dava olmazdı.

- Su puluna görə?

- Bəli. İndi bu da bir az gülməlidir ki, yəni Hacı Qalibin 70 manatı yoxdurmu su pulunu versin?

- Siz həm də YAP üzvüsünüz, eləmi?

- Bəli, 1995-ci il mayın 10-dan YAP-ın üzvüyəm.

- Bəs oğlunuz necə?

- O, uşaqdır, hələ 21 yaşı var.

- Üstəlik, siz Şeyxin qohumusunuz...

- Kiminlə qohum, ya dost olmağımın mənim üçün əhəmiyyəti yoxdur. Mən bilirəm ki, mənə qarşı bu tələləri təşkil edən, kombinasiyaları quranlar kimdir. Kim də yox e, kimlər... Bunlar 1995-ci ilin 7 sentyabr seçkilərindən gələn məsələlərdir.

- Deyirsiniz qohumluğun önəmi yoxdur. Bəs Şeyx həzrətləri sizə telefon açıb “keçmiş olsun” dedimi? Yaxud görüşüb-danışdınızmı bu barədə?

- İnan Allaha, mən heç kəsə ağız açmamışam. Yalnız onu eləmişəm ki, bəzi dostlarıma zəng edib demişəm ki, belə məsələlər var...Vəssalam, şüttamam. İstəyir lap mənim oğluma 10 il versinlər, bir adama ağız açmamışam, heç ağız açan da deyiləm. Allah var. Qurban bayramı günündə gəlib bunu evindən apardılar. İttiham elədilər ki, sən hakimiyyət nümayəndəsinə, “Asərsu”nun işçisinə qarşı xuliqanlıq edibsən. Hansı ki, zərərçəkən çilingərdir. Belə çıxır ki, Azərbaycandakı çilingərlər də hakimiyyət nümayəndəsidir. Sizə bir söz deyim, bizim uşağa ki, 315-ci maddəni veriblər ha, 2000-ci ildə mənim özümü də həmin maddə ilə ittiham ediblər. Bir şeyi düşünürəm ki, deyəsən, gələcəkdə mənim oğlum da deputat olacaq (Gülür). Çünki dediyim kimi, mən 315-ci maddə ilə deputat olmuşam. Olan hadisəni deyirəm. Allah ulu öndər Heydər Əliyev rəhmət eləsin. O vaxt biri prokurorluğa məndən şikayət eləmişdi ki, bəs Hacı Qalib 8 nəfəri öldürüb. 3 aydan sonra rəhmətlik maraqlanıb ki, bu Hacı Qalibin işi nə oldu? Bu, rəhmətlik Cəlal Əliyevin mənə dedikləridir... Soruşur ki, Hacı Qalibi niyə tutmusunuz? Ona deyirlər ki, bir milisə sillə vurub. 315-ci maddəni verəndə gərək zərərçəkən dövlət nümayəndəsi olsun axı. Rəhmətlik Heydər Əliyev də deyib ki, ayə, vağzalda gündə 30 dənə milisi döyürlər, bir nəfəri tutmursunuz, necə olur Hacı Qalibi tutursunuz? Elə həmin gün mənim dalımca Şüvəlan türməsinə maşın gəldi, məhkəməyə apardılar, bir saatın içində açıb buraxdılar ki, “Gəl, çıx bayıra!” Ulu öndərin mənə etdiyi yaxşılığı deyirəm. 315-ci maddə mənim üçün belə düşərli oldu. Sonra da Allah cənab prezidentə cansağlığı versin, onun vaxtında deputat seçildim. Elə yadıma düşmüşkən, bir məsələni də danışım. Ulu öndərimiz vaxtilə Çoban Xanışla görüşüb onunla söhbətləşəndə mən düşünürdüm ki, niyə o boyda rəhbər sadə bir insana bu qədər diqqət ayırır? Sonra başa düşdüm ki, cənab prezident bununla o bölgənin məmurlarına xəbərdarlıq edir. Yəni düz işləyin, yoxsa yerlərdə nə baş verirsə, Çoban Xanış mənimlə görüşəndə bütün bunlarla bağlı mənə deyəcək. Özü də bu, ən ağır vaxtlarda olurdu. O vaxt bilinmirdi ki, kim kimin adamı, kim kimin dostudur. İndi Allah cənab prezident İlham Əliyevə cansağlığı versin, sakitlik, əmin-amanlıqdır.

“Oğlum deyir “Ata, kişinin başına iş gələr, mənə ürək-dirək verir”
- Hacı, həbsinizi xatırlatdınız. O zaman nə qədər həbsdə yatdınız?

- 3 ay bir yatmışam, 7 ay yarım da bir. Düşünürəm ki, deyəsən, 315-ci maddə bizim ailəyə düşür (ürəkdən gülür).

- Görürəm ki, sizin əhvalınız yerindədir. Amma yəqin ki, oğlunuzun həbsinə görə anası daha çox narahatdır. Sizi günahlandırmır ki?

- Bir söz deyim sənə, türməni kişilər üçün tikiblər də. İndi bu uşaq səhv eləyib, nə olubsa, olub. Elə şey var ki, adam gülməkdən özünü saxlaya bilmir. Evdəkinin ağzı nədir ki, bir kəlmə danışsın (gülür). Bunlar hamısı boş şeylərdir. Özü də oğlum olduğuna görə demirəm, onun tərbiyəsi elədir ki, mənim ondan heç bir nigarançılığım yoxdur. Mən elə tərbiyə verməmişəm ki, ondan nigaran qalım. Nə siqaret çəkəndir, nə nəşə çəkəndir, nə pis işlərlə məşğul olandır. Belə şeylərdən uzaq adamdır.

- Həbsdə olduğu müddətdə oğlunuzla görüşmüşünüz?

- Yox. Amma mənə zəng edir.

- Nə deyir?

- Deyir, ata, kişinin başına iş gələr. Ən maraqlısı odur ki, o, mənə ürək-dirək verir. Dedim, ay oğul, niyə narahat oluram ki? Get, başını sal aşağı, olub, olub da. Artıq dördüncü aydır Kürdaxanıdadır. Bundan sonra hara göndərəcəklər, bilmirəm. Ona ümumi rejim veriblər. Mənə o qədər zəng edirlər ki. Hətta dost-tanış deyir sənin 5-10 min pulun yoxdur ki, oğlunu buraxdırasan? Dedim, gedin, öz işinizlə məşğul olun, bu, sifarişli şeydir. Burada maraqlı məsələ bilirsən nədir? Cənab prezident humanist qərarlar verir, çox çalışır ki, həbsxanalar dolmasın. Məsələ belədir ki, bir gənc oğlan həbsə düşəndən sonra - mən iki dəfə ora düşmüşəm də, bilirəm - ən azı həbsxanada olan qayda-qanunları öyrənir, cinayət aləminin nə olduğunu bilir. Məsələn, oğlum mənə zəng edib deyəndə ki, ata, “”perejivat" eləmə, belə-elə... Bərk əsəbiləşdim ki, ayə, köpək oğlu, sən cəmi 3 aydır ora gedibsən, artıq mənimlə “vorobskoy” qayda-qanunlarla danışırsan, mənə ürək-dirək verirsən? (gülür).

- Hacı, bu dediklərini də yazacağam...

- (Gülür.) Yaz. Özü də sənin bir işindən xoşum gəlir ki, mənim sözlərimi olduğu kimi yazırsan. Mən elə danışıram ki, sadə adamlar da nə dediyimi aydın başa düşür. Bir şeyi də deyim ki, oğlum Bakı Kooperasiya İnstitutunun 4-cü kursunda oxuyur. Özü də gündüz.

- Ordan nə deyirlər?

- Yəqin həbsə gedəndən sonra institutdan da çıxararlar. Güclə bunun boynuna qoyurlar ki, sən xuliqansan, “banditsən”.

“Bərk əsəbiləşdim ki, ”ayə, köpək oğlu, mənimlə “vorobskoy” qayda-qanunlarla danışırsan?"
- Hacı, ola bilərmi ki, bağışlanması üçün prezidentə müraciət edəsiniz?

- Bilirsən nə təhərdir? Allah prezidentin canını sağ eləsin, balalarını saxlasın! Onun o qədər işgücü var... Mən televizora baxıram, görüşlərini, danışıqlarını izləyirəm. Elə bu gün də Heydər Əliyev Mərkəzində tədbir var idi. İndi prezident durub Hacı Qalibin işi ilə məşğul olsun? Bunu gözləmək mənim tərəfimdən yüngüllük olar.

- Ancaq demədiniz ki, Şeyx sizə zəng edib, ya yox?

- Onun da o qədər iş-gücü var, başı qarışıqdır. O da mənim xasiyyətimi bilir ki, bu işə görə ona zəng edən deyiləm.