BolgeXeber.Com » Xəbərlər » “Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borculdur” - deputat

“Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borculdur” - deputat

22-12-2017, 14:28
Oxunub: 2 408 “Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borculdur” - deputatBudəfəki müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbasdır

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.

Modern.az saytının “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.

Budəfəki müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbasdır.

“Həmişə Fərhad Bədəlbəyli ilə görüşməyə can atırdım”

Deputat bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında maraqlı məqamlar qaldığını bildirib.

“Məşhurlarla keçirdiyim görüşlərin ən yadda qalanlarından biri tanınmış pianoçu, xalq artisti Fərhad Bədəlbəyli ilə olub. O, qeyri-adi pianoçudur. Fərhad Bədəlbəyli böyük sənətkardır. Mən də həmişə can atırdım ki, onunla görüşüm”.

“Fərhad Bədəlbəyliyə sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir”

“Onunla ilk görüşümüz bir neçə il bundan əvvəl baş tutdu. Biz ilk dəfə tədbirdə bir araya gəldik. O da məni tanıyırdı. Amma münasibətimiz yox idi. Daha sonra onunla görüşüb, çörək kəsdik. O gündən bu günə də dostumdur. Mənim yaddaşımda onunla bağlı çox maraqlı şeylər var. Fərhad Bədəlbəyli Şuşa şəhərindəndir. Amma mən ona sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir. Ağcabədidə onların nəslinin adına kənd var.Mən onu inandırdım ki, Ağcabədidəndir. Onunla birlikdə Ağcabədiyə gedik. Oralarla onu tanış etdim. Söhbətimiz tutdu və dost olduq”.

“Siyavuş Kərimi və Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borculdur”

A.Abbas deyib ki, Fərhad Bədəlbəyli ona xaş qonaqlığı borculudur, amma vermir.

“Həm Fərhad Bədəlbəyli, həm də Siyavuş Kərimi mənə xaş qonaqlığı borcludur. Bir dəfə mən onları xaşa aparmışdım. Getdik xaş yedik. Daha sonra mənə dedilər ki, Mərdəkan tərəfdə yaxşı xaş verirlər. Gedib orada da yeyərik. Amma hələ də yeyirik, yenə də... Bu hadisə keçən il baş verib. Fərhad müəllimlə 3 gün bundan əvvəl də bir yerdə olmuşuq. Polad Bülbüloğlu və mən Fərhadın kabinetində bir stəkan çay içdik. Üç qarabağlı xeyli dərdləşdik. Biz görüşlərimiz zamanı ədəbiyyatdan, Qarabağın tarixindən, bəylərimizdən, xanlarımızdan danışırıq. Fərhad Bədəlbəyli ilə yaxın dostuq. Mənim ailəvi ən yaxın dostum isə Rəşad Məciddir”.

“Uşaqlar dedi ki, papa gopa basır”

Deputat türk dünyasının məşhur siması Barış Manço ilə də görüşdən xatirə danışıb:

“Bir gün dostlardan biri mənə zəng etdi ki, Barış Manço Bakıya gəlib, onun qonağıdır. Mən də durub getdim həmin dostumun kabinetinə. Kabinetdə bir az söhbətləşdik. Mənim Barışla söhbətim tutdu. Sonra isə çörək yeməyə getdik. Həmin gün evə bir az gec gəlmişdim. Evdə məndən soruşdular ki, haradaydın? Dedim ki, Barış Manço ilə çörək yeyirdim. Oğlanlarım dedi ki, “papa gopa basır”. Nə qədər elədim uşaqları inandıra bilmədim. Aradan bir müddət keçdi və yenə Barış Manço Bayıya gəldi. Həmin dostum mənə zəng elədi ki, bəs Barış bəy gəlib: “Həm də deyir ki, Aqil bəyi tap, birlikdə çörək yeyək”. Restoranda stolun üstünə yemək düzüləndə dedim ki, bir fotoqraf tapın. Fotoqraf gəldi. Ona dedim ki, mənim Barış bəylə çoxlu şəkilimi çək. Axşam yenə evə gələndə soruşdular ki, “haradaydın, evə belə gec gəlmisən?”. Dedim ki, Barış Mançoyla çörək yeyirdim. Uşaqlar bu dəfə də dedilər ki, “papa yenə gopa basır”. Cibimdən şəkilləri çıxartdım göstərdim ki, alın, baxın. Ondan sonra inandılar ki, həqiqətən Barış Manço ilə görüşmüşəm”.