BolgeXeber.Com » Xəbərlər » "Bank makleri"nin fırıldağı: Süpürgəçiyə 10 min atdı - MƏHKƏMƏ İŞİ

"Bank makleri"nin fırıldağı: Süpürgəçiyə 10 min atdı - MƏHKƏMƏ İŞİ

25-12-2017, 14:27
Oxunub: 2 815 "Bank makleri"nin fırıldağı: Süpürgəçiyə 10 min atdı - MƏHKƏMƏ İŞİBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb

"Ölkə.Az" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktınının yekun hissəsini elan edib.

Q. Qəhrəmanov isə ittihama münasibət bildirən zaman özünü təqsirli bilmədiyini deyib.

İclasda zərərçəkmiş şəxslər də ifadə veriblər.
Sədaqət Abbasov ifadəsində deyib ki, qızına ev almaq üçün bankdan pul götürmək fikrinə düşüb:

"Qəzənfər də özünü bizə "bank makleri" kimi təqdim etdi, dedi ki, mən bu işlə məşğul oluram, bankdan sizin adınıza 50 min manat məbləğində pul götürə bilərəm. Mən də süpürgəçi işlədiyim üçün, maaşım bankdan kredit götürməyə imkan vermirdi. Buna görə də Qəzənfərlə razılaşdım. Amma o, bu işin müqabilində guya bizə saxta arayış verərək, "Muğanbank"dan 50 min manat pul alıb bizə verəcəkdi. Ancaq bu pulun 10 min manatını əvvəlcədən istədi. Mən də razılaşıb pulu verdim. Ancaq sonradan nə krediti ala bildik, nə də Qəzənfər pulumuzu qaytardı".

İttiham görə, Q. Qəhrəmanov özünü "bank makleri" kimi təqdim edərək, ayrı-ayrı vətəndaşların adına "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edərək, onları aldadıb. Bu yolla o, zərərçəkmişlərə 12 min manatdan çox ziyan vurub.