loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dünyanın qəribə Yeni il ənənələri

Dünyanın qəribə Yeni il ənənələriDanimarkada stolun üzərinə çıxaraq tullanırlar, Bolqarıstanda işıqları söndürüb öpüşürlər...

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Artıq 2017-ci ili yola salıb 2018-ci ili - sarı it ilini qarşılamağa hazırlaşırıq. Yeni ilin gəlişini demək olar ki, bütün dünya bayram kimi qeyd edir. Müxtəlif adət-ənənələrlə qeyd edilən bu bayramın üç atributu isə dəyişilməz olaraq qalır - Yolka, Şaxta baba və Qar qız.

Paytaxt Bakının da müxtəlif yerlərində artıq şam ağacları bəzədilib. Ölkəmizdə bu bayram elə də zəngin ənənələrlə malik deyil. Şam ağacı bəzədilir, 31 dekabr axşamı süfrə qurulur, Şaxta baba və Qar qız dəvət olunur. Şaxta baba və Qar qızın gəlişinə isə uşaqlar sevinir.

Bir çox ölkələrdə Yeni ildə böyüklər də bir-birinə hədiyyə alsalar da, Azərbaycanda bu ənənə yoxdur, yaxud çox cüzi bir faizi əhatə edir. Azərbaycanda Yeni il axşamı hamı evdə olmağa, təzə ilə keçməmiş yatmamağa salışır. İnanca görə, Yeni il gecəsi evdə olmasan həmin ili evdə ola bilməyəcəksən. Saat 12-ni vuranda təzə ilə yataraq daxil olsan, həmin ili yataraq keçirəcəyin iddia olunur. Bayram süfrəsinin də bol çeşidli olmasına əhəmiyyət verilməsinə səbəb süfrənin il boyu ruzi-bərəkətli olması istəyinə bağlıdır.

Azərbaycandan fərqli olaraq digər ölkələrdə Yeni il daha fərqli qarşılanır. Elə ölkələr var ki, orada Şaxta baba, elə yerlər də var ki, orada uşaqların Şaxta nənəsi olur. Şaxta babanın adı Noel ata, Şaxta nənənin adı isə Befandır. Ölkəmizdə Yeni il axşamı hamı evində işıqları yandırırsa, Bolqarıstanda bunun əksi olaraq saat 12-ni vuranda evin işıqları söndürülür. Üç dəqiqə davam edən qaranlıqda hamı bir-birini öpməlidir. Bolqarıstanda Yeni il axşamı uşaqlara ala bəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Deyirlər ki, Yeni il axşamı kim çox uşaq sevindirsə, cari ildə onun o qədər fərəhli günləri olacaq. Yunanıstanın bəzi əyalətlərində Yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir.

Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür. Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın necə olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar.

Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək. İtaliyada il təhvil olanda küçələrdə adamlar çox ehtiyatlı davranmalıdırlar. Çünki italyanlar Yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə pəncərələrdən küçəyə tullayırlar. Macarıstanda isə yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli surətdə elan edir ki, köhnə ili “dəfn” eləyib yenisini qarşıladığımız üçün hamı yeyib- içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar Yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Onlar inanır ki, guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.

Ekvador sakinlərinin isə Yeni il ənənələri olduqca maraqlı və fərqlidir. Burada kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə, gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır. Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Onlar bununla köhnə ildən təzə ilə tullanmağı imitasiya edirlər. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa, gələn il onun üçün düşərli və uğurlu olur. Braziliyada Yeni il şənlikləri olduqca romantik keçirilir. Bayram günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar. Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır. Qonşu Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə, süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə, donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir. Çilidə inanclara görə, evi içəridən çölə süpürsəniz keçən ilin bütün pis hadisələrini çölə atmış olursunuz.

Ümumilikdə isə bu bayramın yaranmasının 25 əsrlik tarixi olduğu deyilir. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə bayram kimi qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə bu ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edib. Şam ağaclarının bəzədilməsi ənənəsini isə xristian dini ilə əlaqələndirsələr də, bunun tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil.

Günel MANAFLI
Bölmə: Dünya | 26 dekabr 2017 12:11 | Baxış sayı: 96





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: