BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

5-01-2018, 18:52
Oxunub: 1 942 Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilibBu gün Baş Prokurorluqda 2017-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Bolgexeber.com-un Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən qərarların qəbul edilməsi, regionda sabitliyə, xalqlarımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcək Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanmaqla “Əsrin Müqaviləsi”nin müddətinin uzadılması, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, paytaxt Bakının və respublikamızın digər guşələrinin ideal məkan sayılaraq mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, dünya miqyaslı idman yarışlarına - “Formula - 1 Azərbaycan Qran-Prisi”, “IV İslam Həmrəyliyi Oyunları”na ev sahibliyi etməsi və bütövlükdə mövcud ictimai-siyasi sabitliyin qorunması, əhalinin güzəranının yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi kimi mühüm hadisələrlə yadda qalıb.

Müşavirədə ötən ildə ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisənin - Azərbaycan mədəniyyətinin təbliği, xalqlar arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, milli irsin, milli özünüdərkin və azərbaycançılıq ideyalarının qorunması istiqamətində əvəzsiz töhfələr verən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatı xüsusi vurğulanıb.

Qeyd olunub ki, 2017-ci ildə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı xalqımızın və dövlətimizin tarixində baş vermiş çox əlamətdar hadisələrdən biri olmaqla öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin işğal olunmuş torpaqlara qayıtma əzmini daha da artırıb.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2017-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib.

Müşavirədə prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2017-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Xüsusi vurğulanıb ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.
Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun qəbulu ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələrin vaxtında və səmərəli icrasının təmin olunması, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2017-ci ilin iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə ətraflı məlumat veriblər.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Baş Prokurorluğun aidiyyəti struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Eyni zamanda, 2017-ci il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Prokurorluğunun kollektivi 2018-ci ildə də öz səlahiyyət hədləri daxilində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək.