BolgeXeber.Com » Analitika » Azərbaycanlılar qarı niyə sevmir?

Azərbaycanlılar qarı niyə sevmir?

12-01-2018, 10:31
Oxunub: 4 735 Azərbaycanlılar qarı niyə sevmir?Qar yağmamasının fəsadları və...

Artıq qış mövsümünün ikinci ayını yaşayırıq. Adətən şaxtalı keçən qış mövsümü bu il demək olar ki, xoş hava ilə müşayiət olunur. Doğrudur, ara-sıra bəzi rayon və şəhərdə sulu qar və qar yağır. Lakin ümumilikdə hələ ki ölkəmizə, xüsusən də Bakı və Abşeron yarımadasına gözlənilən qar yağıntısı düşməyib.

Ümumiyyətlə, el arasında qar ruzi-bərəkət rəmzi hesab olunur. Qədim zamanlardan qarın torpağa, əkinçiliyə, bir sözlə, kənd təsərrüfatı sahəsinə böyük xeyri olması ilə bağlı fikirlər var. Ekspertlər də qeyd edir ki, qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür. Həmçinin qar yorğan kimi bitkiləri, xüsusilə taxıl, tərəvəz-bostan bitkilərini öz əsarəti altına alır və onu soyuqdan, şaxtadan qoruyur. Payızlıq taxıl bitkilərindən xüsusilə arpa və buğdaya gübrə verilir. Quraqlıq hallarda bu gübrə torpağa yaxşı hopmur, lakin qar yağıb torpaqda nəmlik yarandıqda həmin gübrələr torpağın komplekslərinə qarışır və bitki üçün mənimsənilən hala düşür.

Danılmaz faktdır ki, azərbaycanlıların böyük əksəriyyəti qarın yağmasını o qədər də arzulamır, qarı ölkəmizə “yaraşdırmırlar”. Beləliklə, suallar doğur, azərbaycanlılar niyə qarı sevmir? Ümumiyyətlə, qar yağmamasının kənd təsərrüfatı üçün hansı fəsadları ola bilər?

Natiq Cəfərli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, bu mövsüm bir çox regionlarda qar yağdı. Sadəcə, biz bunu Baki və Abşeron yarımadasında görmürük. Həm Bakı, həm də Abşeron yarımadası kənd təsərrüfatı zonası deyil. Amma regionlarda da qarın yağmaması müəyyən fəsadlar yarada bilər. Çünki qar örtüyünün olması torpağın həm dincəlməsinə, həm də məhsuldarlığının artması üçün kifayət qədər xeyirli olan təbiət hadisəsidir. Qarın olması torpağın keyfiyyətinin artırılmasına, həm də gələcəkdə yaz əkini başlayarkən sahələrdən daha effektiv istifadə edilməsinə imkan verir. Xüsusən də Aran bölgələrində təbiətin xoş keçməsi, yağışların olmaması yaz səpini zamanı məhsuldarlığın azalmasına təsir edən faktor ola bilir. Əgər bu mövsümdə qarın olmaması ehtimalı yaranarsa, Kənd Təsərrüfatı Nazirliyi indidən hazırlıq planları həyata keçirməlidir. Yəni torpağı gücləndirmək, məhsuldarlığı artırmaq üçün daha çox müasir keyfiyyətli, effekt verən gübrələrin alınmasına çalışmalıdır”. Azərbaycanlıların qarı sevməməsi məsələsinə gəldikdə isə iqtisadçı Bakıya və Abşerona qar yaraşdırmadığını bildirdi: “Yəni istənilən halda azacıq soyuqlar düşəndə, qar yağanda nəqliyyat iflic olur, bölgələrdə qaz və işıqla bağlı problemlər yaşanır. Buna görə də azərbaycanlılar qarı sevmir. Düşünmürəm ki, azərbaycanlıların qara qarşı ”allergiyası" var".

Psixoloq Elnur Rüstəmov isə mövzuya bu cür şərh bildirdi:


“Azərbaycan soyuq ölkə deyil. Burada ilin çox hissəsi günəş olur, dəniz var və sairə. Bu baxımdan bizim insanlar soyuğa o qədər də davamlı deyillər. Ona görə də bizim insanlar qarı sevmir. Həmçinin məlum olduğu kimi, qar yağan zaman özü ilə bərabər sosial problemlər gətirir. Məsələn, şagirdlər dərsə, böyüklərin bəziləri işə gedə bilmir, bir çox sahələr iflic vəziyyətinə düşür, yəni narahatçılıqlara səbəb olur. Bu da insanlarda bir qədər diskomfort yaradır. Əgər şimal ölkələrində dünyaya göz açsaydıq, qar bizim üçün adi olardı. Amma qarı az görmüşük. Məsələn, orta və yaşlı nəsildən qarın nə zaman çox yağdığını soruşsaz, onlar sizə ili və tarixi dəqiq deyəcəklər. Çünki bunlar istisna təşkil edir”.