BolgeXeber.Com » Gündəm » Prezident: "Gələcək neft və qazdan ibarət deyil"

Prezident: "Gələcək neft və qazdan ibarət deyil"

24-01-2018, 10:51
Oxunub: 3 210 Prezident: "Gələcək neft və qazdan ibarət deyil"Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcək. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq

Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında aparıcının suallarını cavablandırarkən deyib.

“İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, “hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə bizim ehtiyatlarımızı artıracaq. Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcək”.

“Bununla yanaşı, biz anlamalıyıq ki, neft-qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir.

Enerji layihələrinə gəldikdə, onlar bizim üçün və region üçün əhəmiyyətlidir. Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişib. Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”, - deyə İlham Əliyev əlavə edib.

Prezident bildirib ki, eyni sözləri Azərbaycanın nəqliyyat layihələrimiz haqqında da söyləmək olar:

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var.

Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcək. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq”.