BolgeXeber.Com » Gündəm » “Leş mafiyası” yenə iş başında-FOTO

“Leş mafiyası” yenə iş başında-FOTO

25-01-2018, 10:54
Oxunub: 2 990 “Leş mafiyası” yenə iş başında-FOTO1 ton xəstə at əti satanlar tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, baş idarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur. Həmçinin istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Saxlanılan şəxslər Qusar, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyiblər. Saxlanılan şəxslərin yaşadıqları evlərin həyətyanı sahələrinə keçirilən baxış zamanı oradan atların kəsilmiş və iz itirmək məqsədilə torpağa basdırılmış hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar da aşkar olunub. Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

“Leş mafiyası” yenə iş başında-FOTO


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, rəhbərlik etdiyi qurum 20 ilə yaxındır ki, murdar heyvan ətlərini regionlardan yığıb Bakıya gətirən, həmin ətləri hara gəldi satan bir şəbəkəni ifşa etmək istəyir:“”Leş mafiya”sının vizit kartları, ünvanları belə bizdə var. Geniş şəbəkədir və 20 ilə yaxındır ki, fəaliyyətdədir. Murdar heyvan ətlərinin ticarəti ilə məşğuldurlar. 5 ildir ki, at-eşşək ətlərinin satışını da təşkil ediblər. Bu şəbəkə öz işindədir. Bunun çox ciddi səbəbləri var. Dövlət orqanlarının bu məsələyə münasibəti fərqlidir. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Komitəsi belə ətləri müəyyən edəndə satanları 200 manat cərimə edir və deyir ki, gedin satın. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi ötən ilin ortalarında telekanallardan birində çıxış etdi, dedi ki, hər əti – at-eşşək ətini satmaq olar, bir şərt var ki, üzərində hansı heyvanın əti olması yazılmalıdır. Belə bir mövqe bazara at-eşşək ətini çıxarılmasının qarşısını almır, əksinə, belə ətlərin piştaxtalara daha artıq daşınmasına şərait yaradır. Azərbaycanda belə ətlərin istehlakı ənənəsi yoxdur, üstəlik, satılan ətlər murdar olmuş heyvanların ətləridir”.

“Leş mafiyası” yenə iş başında-FOTO
E.Hüseynov deyir ki, hazırda at-eşşək əti satanlara qarşı ən uğurlu işi BMCMİ aparır: “Murdar ətləri satanlara qarşı kəsərli tədbirlər görürlər, müsadirə edilən ətləri ekspertizaya göndərirlər. Murdar ət ticarətçilərini təcrid edirlər, məhkəməyə verirlər, cərimə edirlər. Bu qurumdan başqa murdar ət ticarətçilərinə qarşı effektiv iş görən yoxdur. Təklif edirəm ki, qida təhlükəsizliyi sahəsində məsələlər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tapşırılsın”.

AİB sədri ötən ilin fevralında yaradılan Qida Təhlükəsizliyi Agentliyindən gözləntiləri haqda bunları deyib: “Bu gün (dünən-red.) onlarla əlaqə saxladım. Telefonları işləmir, bir balaca uşaq cavab verir. Saytları açılmır. Bundan əvvəl agentliyə dəfələrlə məktub yazıb təkliflərimi vermişəm. Bu sahədə durumu yaxşılaşdırmaq üçün təmənnasız köməyimi təklif etmişəm. Heç bir reaksiya verilməyib. Dəfələrlə demişəm, əgər bu qurum da qohum-qardaş üçün iş yerinə çeviriləcəksə, onlardan heç nə gözləməyək”.

E.Hüseynov deyir ki, murdar ət satışının qarşısının alınmamasının səbəbi tələb yaradanların müəyyən olunmamasıdır: “Yəni tonlarla murdar ət müəyyən olunur. Amma həmin ətin sahiblərindən soruşan yoxdur ki, sən bu murdar əti hara, kimə aparırdın. Ətin tələbkarı, sifarişçisinə qədər gedib çıxmırlar. Çıxırlarsa da, həmin şəxsləri ortaya çıxarmırlar. 5 il əvvəl Bakıda həmin ətləri satanları, alanları ifşa etmək üçün bazara getdim. Müəyyən etdim və dövlət orqanlarını bir yerə yığıb həmin əraziyə getmələrini təşkil etmək istədim. Biri dedi ki, ora getməyə icazəmiz yoxdur, o biri iş saatının bitdiyini bəhanə elədi, getmədilər. Düşünürəm ki, murdar ət ticarətinin qarşısını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi ala bilər və bu məsələ həmin idarəyə həvalə olunmalıdır”.

E.Hüseynov Qida Təhlükəsizliyi Agentliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi ilə birləşdirilməsi, birgə faəliyyət göstərməsinin səmərə verəcəyini düşünür.

AİB sədri metro stansiyalarının çıxışında satılan növbənöv kolbasa məhsullarının murdar ətlərdən istehsal edildiyini istisna etmir: “Tonlarla at-eşşək əti bəs hara gedir? Uşaq bağçalarına, xəstəxanalara belə təhlükəli ətlər gedib çıxa bilir. Çünki heç bir nəzarət yoxdur”.
“Yeni Müsavat”
“Leş mafiyası” yenə iş başında-FOTO