BolgeXeber.Com » Sosial » Borclu hansı halda ölkədən çıxa bilməz?

Borclu hansı halda ölkədən çıxa bilməz?

25-01-2018, 17:23
Oxunub: 2 906 Borclu hansı halda ölkədən çıxa bilməz?Əkrəm Həsənov: “Məhkəmə qərarı verilərkən icra məmuru vətəndaşın məhz üzürsüz səbəbdən o borcu ödəməməsi faktını müəyyən etmir”

Ötən il 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə deyilib.

Bəs görəsən, insanların ölkədən çıxışının məhdudlaşdırılması onların konstitusion hüquqlarına ziddirmi? Hansı hallarda bu qərar tətbiq oluna bilər? Bu sahədə Azərbaycan qanunvericiliyi və xarici təcrübə necədir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, yalnız məhkəmə qərarı ilə vətəndaşın bu və ya digər hüququ məhdudlaşdırıla bilər: “Hər bir halda burada fərq qoymaq lazımdır ki, kimə nəyə görə qadağa qoyulub. Konstitusiyaya görə, məhkəmə qərarı ilə vətəndaşın ölkədən çıxışı, ümumiyyətlə, hər cür azadlığı məhdudlaşdırıla bilər. Ancaq bu yalnız məhkəmənin qərarı ilə olmalıdır. Əgər məhkəmə qərarı varsa, burada heç bir halda qanun və ya konstitusiya pozuntusu yoxdur. Sadəcə, bizdə bəzən o hallar da olur ki, ölkədən çıxışa qadağa qoyulması qərarını məhkəmədən kənar verirlər. Düzdür, belə hallar çox deyil. Misal üçün, Beynəlxalq Banka borcu olanların ölkədən çıxışının məhdudlaşdırılması heç bir məhkəmə qərarı olmadan həyata keçirilir. Sadəcə, hüquq-mühafizə orqanları tərəfindən Dövlət Sərhəd Xidmətinə göstəriş verilir və vətəndaş ölkədən çıxa bilmir. Əlbəttə ki, bu qanunsuzdur, nəinki beynəlxalq konvensiyalara, eləcə də Azərbaycan Konstitusiyasına və daxili qanunlarımıza ziddir. Əgər ölkədən çıxışı məhdudlaşdırılan borcluların arasında belə şəxslər də varsa, bu əlbəttə ki, düzgün deyil. Ancaq mən ehtimal edirəm ki, 14 min nəfərin arasında belə şəxslər olsun. Çünki heç bir dövlət qurumu bunu rəsmi şəkildə etiraf etmir”.

Ə. Həsənov onu da vurğuladı ki, borcluların ölkədən çıxışına məhkəmə qaydasında qadağa qoyulmasında da problemlər var: “Birincisi, kredit borcu olanlardır. Vətəndaşın borcu banka da ola bilər, digər vətəndaşa da ola bilər. Hər bir halda həmin borc məhkəmə qaydasında təsdiqlənməlidir. Əgər vətəndaşın banka borcu varsa, bank onu məhkəməyə verir, udur, bütün instansiyaları keçir. Məhkəmənin də qanuni qüvvəyə minmiş qərarı çıxarılır ki, borc ödənilməlidir. Bundan sonra vətəndaş üzürsüz səbəbdən o borcu ödəmirsə, icra məmuru yenidən məhkəməyə müraciət edir. O zaman məhkəmə qərar verir ki, bu vətəndaşın ölkədən çıxışına qadağa qoyulsun. Ancaq praktikada icra məmuru vətəndaşın məhz üzürsüz səbəbdən o borcu ödəməməsi faktını müəyyən etmir. Bu çox qanunsuz bir haldır. İcra məmuru sübut etməlidir ki, vətəndaşın pulu var, ancaq ödəmir. Ancaq təəssüf ki, Azərbaycan praktikasında bu belə deyil. Vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı qərarların əksəriyyəti bu şəkildə qəbul olunur və bu qərarlar qanunsuzdur. Sadəcə, bizim vətəndaşlarımız əksər hallarda bunu mübahisələndirmirlər”.

Hüquqşünas vergi borclarına görə vətəndaşın ölkədən çıxışına qadağa qoyulması prosesində də qanunvericilikdə problemlər olduğunu dilə gətirdi: “Vergi borclarına görə tətbiq olunan məhdudiyyətlərlə bağlı qanunvericiliyimizin özündə problem var. Mülki Prosessual Məcəllədə nəzərdə tutulub ki, əgər vətəndaşın vergi borcu varsa, vergi orqanı məhkəməyə müraciət edir. Məhkəmə də 10 gün ərzində bu vətəndaşın ölkədən çıxışına qadağa haqqında qərar verir. O qərar da dərhal qüvvəyə minir. Mən burada diqqəti bir fərqə yönəltmək istəyirəm. Vətəndaşın banka və ya digər vətəndaşa borcu varsa, qarşı tərəf onu məhkəməyə verməlidir, sübut etməlidir, udmalıdır, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Yalnız bundan sonra vətəndaş borcu üzürsüz səbəbdən ödəmirsə, icra məmuru bir də məhkəməyə müraciət edir və ölkədən çıxışa qadağa qoyur. Ancaq vergidə belə deyil. Vergi orqanı, sadəcə, görür ki, borc var, dərhal məhkəməyə verir. Məhkəmə orqanı da 10 gün ərzində ölkədən çıxışa qadağa qoyur. Vergi borcu hələ sübuta yetirilməyib, sadəcə, vergi orqanı belə düşünür. Bir çox hallarda vergi orqanları ümumiyyətə borcu düzgün hesablamırlar, elə olur ki, real borc olmadığı halda vətəndaşın ölkədən çıxışına qadağa qoyurlar. Bir çox hallarda vətəndaşa bu qadağa ilə bağlı məlumat da verilmir, o, yalnız hava limanında ölkədən çıxışının məhdudlaşdırıldığını öyrənir. Bu da məhkəmənin vəzifəsidir ki, vətəndaşı dəvət edib məlumat verməlidir. Bizim məhkəmələrimiz isə çox təəssüf ki, çox vaxt bu barədə vətəndaşa məlumat vermirlər. Konstitusiyamızın 29-cu maddəsinə görə, Azərbaycanda mülkiyyətin 3 növü var. Bunlar dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət növləridir. Konstitusiyada deyilir ki, bu 3 mülkiyyət növü bərabərdir, heç birinə üstünlük verilmir. Lakin biz görürük ki, dövlət mülkiyyətinə üstünlük verilir. Əgər vətəndaşın dövlətə vergi borcu varsa, dövlət heç nə sübut etmədən məhkəmə qaydasında onun ölkədən çıxışına qadağa qoyur. Ancaq vətəndaşın borcu banka və ya digər şəxsədirsə, bu halda qanun deyir ki, məhkəməyə ver, sübut elə… Elə hallar da var ki, məhkəmə gedə-gedə borclular ölkədən çıxırlar. Bu halda mülkiyyət növləri arasında fərq qoyulur və konstitusiya kobud şəkildə pozulur. Bizim Mülki Prosessual Məcəllədəki vergi borcu olanların ölkədən çıxışına qadağa qoyulması konstitusiyaya ziddir”.

Hüquqşünas vurğuladı ki, vergi borcu ilə bağlı müvafiq qərar verilərkən vətəndaşın borcu üzürlü, yoxsa üzürsüz səbəbdən ödəməsi də nəzərə alınmır: “Konstitusiyada deyilir ki, dövlətin ali məqsədi vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi və ləyaqətli həyat səviyyəsinin təminatıdır. Dövlət orqanları üçün də ilk növbədə bu, rəhbər tutulmalıdır. Hər borcu olanın ölkədən çıxışı məhdudlaşdırılmamalıdır, burada istisnalar da olmalıdır. Bəlkə vətəndaşın övladı və ya həyat yoldaşı xəstədir, onu ölkə xaricinə müalicə üçün aparmalıdır. Bu halda şəxsin ölkədən çıxışının qadağan olunması nə dərəcədə doğrudur? Təəssüf ki, bizdə bu cür hallar nəzərə alınmır”.