BolgeXeber.Com » Analitika » Təhsil eksperti qiymətləndirmə konsepsiyasını sərt tənqid etdi

Təhsil eksperti qiymətləndirmə konsepsiyasını sərt tənqid etdi

30-01-2018, 13:18
Oxunub: 4 163 Təhsil eksperti qiymətləndirmə konsepsiyasını sərt tənqid etdiAçığını desəm, mən təhsil sahəsində tez-tez aparılan dəyişikliklərin və yeniliklərin o qədər də tərəfdarı deyiləm

Bəzən yeri gəldi-gəlmədi edilən dəyişikliklər təhsilin bir sistem olaraq oturuşmasında, nəzərdə tutulan hədəflərə vaxtında və lazımi səviyyədə çatılmasına ciddi maneələr yaradır, əgər belə demək mümkündürsə, əməlli-başlı əngələ çevrilir, prosesin ahəngini pozur, gedişini ləngidir.
Lakin bu sözləri təklif olunan son dəyişikliklər barədə əsla demək olmaz. Çünki summativlərlə bağlı, mən deyərdim bütövlükdə qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı məsələ sıradan bir məsələ olmayıb, zərurətdən irəli gələn və həllini gözləyən vacib məsələdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, kurrikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi.

Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə – kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə, məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil.
Bəri başdan deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum oldu, çünki reallığa deyil, daha çox maliyyə ambisiyalarına söykənirdi. Sən demə, əvvəlki qiymətləndirmə müəllimin subyektiv mülahizəsinə əsaslanırmış və bu sistem şagirdlərdə təlimə marağı, məsuliyyət hissini azaldırmış. Buna görə də qiymətləndirmə sistemində zəruri dəyışikliklər edilməlidir. Nə idi bu dəyişikliklər?

“Şagird biliklərinin qiymətləndirilməsi” anlayışını “şagird nailiyyətlərinin qiymətləndirilməsi” ifadəsi ilə əvəz etməklə, deyəsən qiymətləndirmə sistemində köklü islahatlar apardığımızı zənn etdik. Buna, sanki özümüz inanırmış kimi, digərlərini də inandırmağa çalışdıq. Fikirləşmədik ki, bəlkə də şagirdlərimizin böyük əksəriyyətinin təhsilə qarşı olan-qalan marağında, müəyyən məsuliyyət hissi daşımasında başlıca amillərdən biri və yəqin ki, birincisı məhz gündəlik qiymətləndirmə olub. Biz, rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə ilə əvəz etməklə, aralıq sinifdən-sinfə keçirmə imtahanlarını ləğv etməklə, nəyə nail olduq? Bunun fərqinə varan, geniş təhlilini aparan, müsbətini, mənfisini ortalığa qoyan oldumu? Şagirdə nə öyrətmişiksə, onu da tələb etməliyik. Öyrətdiklərimizlə tələb etdiklərimiz isə ekvivalent təşkil etmədi. İlk olaraq öyrətmənin, mənimsətmənin mexanizmlərini təkmiləşdirməliydik, sonra isə qiymətləndirmənin.

Təsəvvür edin ki, təkcə elə milli qiymətləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir: “diaqnostik“, “formativ “, “summativ”. Hələ bu summativlərin “makro” və “mikro” adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar. Daha sonra kurrikulum üzrə qiymətləndirmə, yekun qiymətləndirmə, bir səviyyədə müəllimlər və məktəb rəhbərliyi tərəfindən, başqa mərhələdə mərkəzləşdirilmiş qaydada və s. formada… Makulatura yığnağı…

90- cı illərdə adi beşballıq şkala üzrə qiymətləndirmə şəraitindən 9 ballıq qiymətləndirməyə keçib, milyonları havaya sovurmaqdan başqa nəyə nail olduq? Tez-tez məktəblərdə valideynlərdən və şagirdlərdən pul yığılmasının qarşısının necə alınmasından danışırıq. Əgər bir məktəbdə deyək ki, 1500-1700 şagird təhsil alırsa, məktəb üzrə 70-80 sinif komplektləşdirilibsə, bunlardan 50-60 sinfin şagirdləri kurrikulum tədris sistemi ilə təhsil alırsa, hər sinifdə 20-25 şagird varsa, summativləri keçirmək üçün nə qədər çap materialı və bunların çapı üçün nə qədər maddi vəsait tələb olunur? Görəsən heç maraqlanan olubmu ki, müəllimlər və məktəb rəhbərləri vəziyyətdən çıxış yolu tapmaq üçün hansı yollara və vasitələrə əl atırlar?

2008-ci ildən tətbiq olunmağa başlayan kurrikulum növbəti tədris ilində başa çatır. Elə Təhsil Nazirliyinin və DİM-in rəhbərliyi də son müsahibə və çıxışlarında yeni tədris sistemi ilə oxuyan məzunlarımızın biliklərinin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə dəfələrlə toxunmuş, mövcud qiymətləndirmənin doğru olmadığını vurğulamışlar. Bu mənada hesab etmək olar ki, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimizi lazımsız stressdən, fiziki və mənəvi gərginlikdən azad edəcəkdir. Mən bu summativlərin yarada biləcək fəsadlarına diqqəti hələ bu sənədlər ilkin müzakirə mərhələsində olanda bildirmişdim. Təəssüf ki, o vaxt nəzərə alan olmadı və nə az-nə çox, 10 il həmin yükü daşımalı olduq.

Bir məqamı da unutmayaq ki, məktəbin vəzifəsi təkcə öz yetirmələrini hansısa bir konkret bilik məcmusu ilə silahlandırmaq deyil, onların fiziki sağlamlığının, asudə vaxtlarının səmərəli təşkilinin, azad fikirli, müstəqil düşüncəli, başqa sözlə, hərtərəfli və ahəngdar inkişaf etmiş vətəndaş kimi böyümələrinin də qayğısına qalmaqdır. Belə bir deyim var. “Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq”.

Əvvəlki illərdən fərqli olaraq, Təhsil Nazirliyinin bu kimi vacib və əhəmiyyətli məsələləri ictimai müzakirəyə çıxarması yalnız təqdirəlayiqdir. Ümid etmək olar ki, geniş müzakirələr və dinləmələr yolu ilə, ictimai rəyi nəzərə almaqla müvafiq qərar qəbul ediləcək ki, bu da qiymətləndirmə sahəsində təkrar olaraq əlavə dəyışikliklər aparılması ehtimalını minimuma endirəcək…

Nadir İsrafilov, təhsil eksperti
Bolgexeber.com