BolgeXeber.Com » Sosial » İntiharların dəhşətli statistikası

İntiharların dəhşətli statistikası

2-02-2018, 08:48
Oxunub: 3 108 İntiharların dəhşətli statistikasıÖtən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib ki, onların da 495 nəfəri intihar hadisəsi ilə bağlıdır

Bu barədə birliyin direktoru Ədalət Həsənov mətbuata açıqlamasında bildirib.

2016-cı ildə isə bu rəqəm 327 idi. Rəsmi məlumata görə həmin ildə 327 intihar-tamamlanmış suisid, 470 tamamlanmamış susid qeydə alınıb.

Ən çox intihar hadisəsi isə 2015-ci ildə olub. Həmin ildə 525 nəfər özünə qəsd edib.

Qeyd edək ki, əhalisi hazırda 10 milyona yaxın olan bir ölkədə bu rəqəm dəhşətlidir desək, yanılmarıq. Araşdırmalar onu göstərir ki, bu ilin yanvar ayında baş verən intihar hadisələrinin sayında xeyli artım var. Təkcə yanvarın 23 və 24-də 8 intihar hadisəsi olub. İntihar edənlər isə əsasən özünü asaraq və ya kimyəvi məhlul içərək özünə qəsd edib.


Ümumiyyətlə son vaxtlar az qala hər gün 2-3 intihar, özünə qəsd etmə xəbəri ilə rastlaşırıq. Bu cür xəbərlər artıq adi hala çevrilib. Ekspertlər qeyd edir ki, əslində getdikcə artan intihar hadisələrinin gerçək statistikası daha yüksəkdir. Hər ayda 30-40, hətta 50-yə yaxın intiharın baş verməsi ilə bağlı iddialar var. İntihar hallarının kişilərdə qadınlara nisbətən daha çox rast gəlindiyi bildirilir.

Bəs görəsən son vaxtlar az qala adi qəbul etdiyimiz özünə qəsd hadisələrinin artmasına səbəb nədir?

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə son 45 ildə intiharların sayı 60 faiz artıb. İntiharların statistikası isə demək olar ki, həm inkişaf etmiş, həm də kiçik dövlətlərdə eynidir. Məlumata görə təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatır və bunun da öz səbəbləri var. Bura bioloji, psixoloji, sosial faktorlar daxil olduğu kimi, genetik meyarlar da daxildir.

Ölkəmizdə intiharların sayının kritik həddə çatmasının səbəbinə gəldikdə isə, ekspertlər qeyd edir ki, Azərbaycanda daha çox maddi imkansızlıqdan özünə qəsdlər olur, intihar edənlərin əksəriyyəti əhalinin yoxsul təbəqəsinə aiddir. Ən təəssüf edici hal isə odur ki, son vaxtlarda daha çox gənc anaların, ataların özünə qəsd etməsinin şahidi oluruq.

Yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsi xəbəri isə bütün ölkəni sarsıtmışdı. Çünki intiharın səbəbi ailədaxili münaqişə və yaxud zorakılıqla bağlı deyildi. S.Kərimova məhz 280 manat işıq pulu borcuna görə özünə qəsd etmişdi.

Картинки по запросу Yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı

Mövzu ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmova “Yeni Müsavat”a danışıb: “Doğrudur, intiharların sayı çoxdur. Lakin bu artım digər, hətta inkişaf etmiş ölkələrdə də var. İntihar az müşahidə olunan yer daha çox inkişaf etməkdə olan ölkələrdir. Bu cür ölkələrdə daha çox epidemiyalardan inşalar dünyasını dəyişir.

Statistika da onu göstərir ki, intiharlar inkişaf etmiş ölkələrdə daha çoxdur. Ən yaxşı inkişaf ölkələrdə bu problem artan tendensiyda davam edir. Əgər bir zamanlar intiharların sayının artmasında səbəb kimi genetik, sosioloji, psixoloji faktorlar göstərilirdisə, bu gün də həmin faktorlar yerində qalır. Lakin əvvəllər əsasən, 30-40 yaşdan yuxarı insanlar arasında intiharlar baş verirdisə, bu gün yeniyetmə və uşaq intiharlarını da müşahidə edirik. Bu gün intiharların səbəblərinə yeni, informasiya amili də daxil olub. İfrat informasiya insanın ruh halının dəyişməsinə səbəb olur.
Çox yaxşı olardı ki, intihar statistikası ilə bağlı mütəxəssislər araşdırma aparsın. Müəyyən olunmalıdır ki, intiharların əsas səbəbi psixoloji amillər, yoxsa ailədaxili münaqişələr və sairədir.

Bəzən görürük ki, bədbəxt hadisə də intihar olayı kimi təqdim olunur. Və yaxud hansısa intihar hadisəsi statistikada göstərilmir, hadisənin hansısa xəstəlik ucbatında baş verdiyi bildirilir.

Bütün hallarda maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də valideynlər yeniyetmə övladlarına qarşı diqqətli olmalıdır. Araşdırma onun göstərir ki, intihar edən şəxslərin əksəriyyəti təkrar intihara cəhd edənlərdir. Buna görə də birinci mərhələdə bu cür insanlara psixoloji dəstək mütləq lazımdır”.