BolgeXeber.Com » Gündəm » Ziya Məmmədovun müşaviri böyük pulları kimə verib - qalmaqallı iddialar

Ziya Məmmədovun müşaviri böyük pulları kimə verib - qalmaqallı iddialar

2-02-2018, 10:36
Oxunub: 2 927 Ziya Məmmədovun müşaviri böyük pulları kimə verib - qalmaqallı iddialarHakim Əmir Bayramovun qərəzli mövqeyi ilə xərclənən pullar arasında əlaqə varmı?

Fevralın 2-də Bakı Apelyasiya Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin həbs etdirdiyi qohumu Rövşən Əhmədovun işi üzrə proses davam etdiriləcək. Prosesdə Rövşən Əhmədovun barəsində olan hökmdən zərərçəkmiş şəxslərin verdiyi apelyasiya şikayəti və prokurorun verdiyi apelyasiya protesti üzrə baxılır. Hakim Əmir Bayramovun sədrlik etdiyi ötən iclasda R.Əhmədovun vəkili Türkel Süleymanlı çıxış edib və müvəkkilinin barəsində olan həbs qərarından Ali Məhkəməyə şikayət etdiyini deyib. Həmin şikayətə fevralın 2-də baxılacaq.

Çingiz Baxşıyevin böyük pulları kimlərə çatıb?

Gələn məlumatlar onu deməyə əsas verir ki, Çingiz Baxşıyev yaxın qohumu olan Rövşən Əhmədovu həbsə aldırmaqda israrlıdır. Ziya Məmmədovun sabiq müşaviri bu işdən ötəri böyük pullar xərclədiyini və bundan sonra da xərcləyəcəyini gizlətmir. Belə iddialar var ki, sabiq müşavir bu günə qədər öz qohumunun həbsi üçün müxtəlif ünvanlara xeyli məbləğlər çatdırıb. İstəyi də budur ki, Rövşən Əhmədov azı 10 illik həbs cəzasına məhkum edilsin, Rövşən Əhmədov susun, bildiklərini heç harda deməsin. Bunu da gizlətmir, açıq deyir. Onun xərclədiyi məbləğlərin Bakı Apelyasiya Məhkəməsində kimlərəsə, xüsusən hakim Əmir Bayramova çatması haqda səhih məlumatlar yoxdur.

Şahidlər yalançı deyil ki?


Ümumilikdə isə Rövşən Əhmədovun yaxınları hakimin qərəzli mövqedə olmasını, sanki ittiham tərəfindən çıxış etdiyini bildirirlər. Deyirlər ki, işdə Rövşən Əhmədovun günahını sübut edən dəlil, fakt yoxdur. Bütün ittiham Çingiz Baxşıyevin mülahizələrinə və yalançı şahidlərin ifadələrinə əsaslanır. Şahidlər məsələsinə gəlincə, bir məqama da diqqət edək: - 3 il əvvəl Çingiz Baxşıyev Rövşən Əhmədovun barəsində Daxili İşlər Naziriliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi vermişdi. Ərizədə Rövşən Əhmədovun onun əmlakını oğurladığını yazmışdı. Uzun araşdırmalardan sonra iş məhkəməyə göndərilmişdi və Rövşən Əhmədova bəraət verilmişdi. Yəni məhkəmədə üzə çıxmışdı ki, Rövşən Əhmədovun həbsi üçün əsas yoxdur. Çingiz Baxşıyevin ərizəsində qızıl oğurluğu ilə bağlı yazdıqları yalandan başqa bir şey deyil. Rövşən Əhmədov bəraət alandan sonra Çingiz Baxşıyev daha bir ərizə yazdı və özünə şahidlər də tapdı. Maraqlı məqam da budur ki, bu gün ortalığa çıxarılan şahidlər həmin vaxt niyə istintaqdan gizlədilib? Həmin şahidlər ibtidai istintaqa, sonradan məhkəməyə niyə təqdim olunmayıblar? Çingiz Baxşıyevin ərizəsinə əlavə etdiyi şahidlər yalançı şahidlər deyillər ki?

Hakimin xəstəxanada olan Rövşən Əhmədov haqda həbsli axtarış qərarı hansı maraqlara söykənir?

Hakimin Rövşən Əhmədovla bağlı addımları da ədalət məhkəməsi adına yaraşmır, qərəzli olmasını söyləmək üçün çox ciddi əsaslar var.


Yanvarın 8-də təcili yardımla xəstəxanaya çatdırılan Rövşən Əhmədovun xəstəxanada müalicə olunması haqda arayış hakim Əmir Bayramova təqdim olunub. Əmir Bayramov arayışı alıb və 3 saat sonra olduqca məntiqsiz, Çingiz Baxşıyevin maraqları ilə üst-üstə düşən bir qərar verib - Rövşən Əhmədovun xəstəxanada müalicə olunduğunu bilə-bilə barəsində həbsli axtarış qərarı çıxarıb! Həmin qərar dərhal icraya yönləndirilib və Ruhi-Əsəb Xəstəxanasında müalicə olunan Rövşən Əhmədov zorla təcridxanaya aparılıb. Əmir Bayramovun bu qərarı hansı qanuna, hansı məntiqdən çıxış edərək verdiyi sual doğurur. Onun iş üzrə hakimlik edib ədalətli qərar verəcəyini şübhə altına alır.

Narkotik ticarəti və “qara pullar” haqda sirləri bilməyin bəlası

Bundan başqa, Rövşən Əhmədov sonunda bəraət aldığı məhkəmədə açıqlamışdı ki, həbsi Çingiz Baxşıyevin narkotik ticarəti və ölkədən “qara pullar"ın çıxarılması haqda məlumatlı olmasına görə baş verib. Çingiz Baxşıyev onu həbs etdirməklə bu məlumatların ictimailəşdirilməsinin qarşısının almaq istəyib.

Rövşən Əhmədov Çingiz Baxşıyevin qızıllarını oğurlamadığını, başına gətirilən müsibətlərin nazir müşavirinin “qara işləri” haqda danışmaması üçün edildiyini bəyan etmişdi. Rövşən Əhmədovun bildikləri çoxdur, onu həbs etdirməklə Ç.Baxşıyev sirlərinin üzə çıxmasının qarşısını almağa çalışır. 800 manat maaş alan Ç.Baxşıyevin təkcə Bakı şəhərində dəyəri 100 milyon dollarla ölçülən əmlakları var.

Yada salaq ki, Rövşən Əhmədov ona elan edilmiş ittihamları qəbul etmir və şərləndiyini bəyan edib.