BolgeXeber.Com » Şou-Biznes » Sənətçilərimiz Yeni ili necə və harada keçirəcəklər?

Sənətçilərimiz Yeni ili necə və harada keçirəcəklər?

27-12-2012, 09:55
Oxunub: 5 419 Müğənni və aktyorların müxtəlif planları və arzuları var

Sənətçilər Yeni il hazırlıqları görürlər. Onların harada və necə şənlik keçirəcəkləri maraqlıdır. Ona görə də, müğənnilərin yeni il hazırlıqları ilə bağlı maraqlı məlumatları diqqətinizə çatdırırq.
Xalq artisti Səkinə İsmayılova: “Yeni ili ailəmlə birlikdə evdə keçirəcəyəm. Xalqımıza ulu muğamlarımız qədər uzun ömür, bol-bol ruzi, bərəkət, həyat dolu sevincli günlər arzu edirəm. Bir olaq, birliyimizi qoruyaq”.
Xalq artisti Zemfira Nərimanova: “Yeni il mənim çox sevdiyim bayramlardan biridir. Sözün düzü, hələ bayramı harada keçirəcəyimi dəqiqləşdirməmişəm. Yəqin ki, ya qonaq gedəcəyəm, ya da qonaq qəbul edəcəyəm. 2, 3 təklif gəlib, onları nəzərdən keçirib bir qərara gələcəyəm. İncəsənət Universitetində dərs deyirəm, tələbələrimin imtahanları olmasaydı, xarici ölkəyə getmək fikrim var idi”.
Əməkdar artist Sənubər İskəndərli: “Mənim üçün həmişə Yeni ili harada yox, kiminlə qarşılayacağım daha maraqlı olub. Ona görə də harada qarşılayacağımı qərarlaşdırmasam da, doğmalarımla birgə olacağımı bilirəm. Mən hamınıza bu yeni ildə sevdiklərinizlə, doğmalarınızla birgə olmağı, könlünüzün xoş, süfrənizin ruzili olmağını arzu edirəm”.
Əməkdar artist Nuriyyə Hüseynova: “Mən də hamı kimi deməzdim, ümumiyyətlə, mən fərqli bir insanam, heç kimin etdiyini təkrarlamaq istəmirəm, özümə məxsusluğu çox sevirəm. Həmişə fərq yaratmağa çalışıram və Yeni ili də, təbii ki, ailəmlə birgə keçirməyə qərar vermişəm. Amma bir də görürsüz ki, sən istəyən kimi olmur, yeni ildə harasa bir tədbirə, konsertə və yaxud da səfərə də gedə bilərik. Bu bizim öz əlimizdə deyil. Mən ailəmi, dostlarımı çox sevirəm, onların əhatəsində Yeni ili qarşılamaq çox gözəldir. Bu il uğurlarım çox oldu, konsertlər, xarici səfərlər, oğlumun toyu və nəvəm dünyaya gəldi. Yeni ilin qədəmləri uğurlu olsun, xalqımıza,vətənimizə, uğurlar əmin-amanlıq bol ruzi və bir də sağlamlıq gətirsin. Ondan da bir pay mənim ailəmə düşsün. Sənətimdə yeni-yeni layihələrim var, onların həyata keçməsi üçün öz üzərimdə çalışıram. Çünki bu sənət çalışmağı sevir. Mən də bu yolda bütün sənət dostlarımla birgə özümə də uğurlar arzulayıram. Yeni iliniz mübarək olsun, əziz dostlarım”.
Əməkdar artist Naibə Allahverdiyeva: “Vallah, sözün düzü, Yeni il mənim üçün qeyri-adi bir gün deyil. Əvvəllər bu bayramı çox təmtəraqla keçirirdik, o zamanlar çox maraqlı idi. İndi elə bilirsən ki, insanların da həvəsi azalıb. Bəlkə də, xarici ölkədə keçirmək istəyərdim. Yəqin ki, evdə olacağam”.
Modelyer Fəxriyyə Xələfova: “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi bayramı hər kəs üçün ikiqat bayramdır. Mənim üçün isə üç qat əlamətdar tarixdir. Ona görə ki, 31 dekabr həm də mənim ad günümdür. Bu səbəbdən də adət olaraq bayram axşamını ailə üzvlərimlə birlikdə qarşılayıram. Ondan sonra isə hər hansısa bir bayram tədbirinə qatılıram. Buna misal olaraq, keçən il Tarkanın konsertinə dəvət almışdım. Bu il Facebook sosial şəbəkəsi vasitəsilə də artıq bir neçə əyləncə mərkəzlərində keçirilən bayram şənliklərinə dəvət aldığımı gördüm. Bu il seçim daha çoxdur. Bu təklifləri nəzərdən keçirərək bayrama 2-3 gün qalmış öz seçimimi edəcəm”.
Aktrisa Nəsibə Eldarova: “İstərdim ki, 1 saatlıq da olsa, uşağlıq dövrümə qayıdım. Bəzəkli yeni il ağacına, əlvan oyuncağlara uşaq kimi sevinim. Amma bu mümkün olmadığından Yeni ili çox adi şəraitdə, ailəmlə bir masa arxasında keçirəcəyəm. Onların sevdiyi yeməklərdən bişirəcəyəm və yəqin ki, həmişəki kimi yorulacağam, il təhvil olan kimi yatacağam (gülür). Axı başqalarından fərqli olaraq aktyorlar bayramlarda da işləyirlər. Hamını bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik edirəm”.
Əməkdar artist Mələk Abbaszadə: “Sizə deyim ki, mən əylənməyi və dincəlməyi əvvəlcədən planlaşdırmağı sevmirəm. Plan qurmaq mənim üçün daha çox iş cədvəlinə bağlıdır, ona görə də Yeni ili harada keçirəcəyimi daha heç düşünmədim desəm, yəqin inanmazsınız. Amma bu, artıq 3-ci ildir ki, Yeni ili xaricdə qarşılamaq istəyim baş tutmur. Bu ili də rəfiqələrimlə ilk dəfə ailələrimizdən ayrı Nyu-Yorkda qarşılamaq istəyimiz baş tutmadı. Amma onu deyə bilərəm ki, mənim üçün Yeni ili qarşılamaq istəyi 2 seçimdən ibarətdir. Ya dünyanın gözəl şəhərlərindən birinin mərkəz nöqtəsində heç tanımadığım çoxlu, gur və şən insanlar arasında, başımın üstündə ulduzlar və ətrafımda parlaq qar olmaq şərti ilə. Ya da ki, öz şəhərimizdə xudmani və şirin bir yerdə sevdiklərimin və əylənməyi bacaran dostlarımın içində”.
Əməkdar artist Mətanət Atakişiyeva: “Belə deyirlər ki, Yeni ili necə qarşılasan, bütün ilin elə keçər. Yeni ili ailəmlə bir yerdə dadlı yeməklərlə, şirnilərlə bəzədilmiş süfrə arxasında şən, oynaq musiqilərimizi dinləyib, gözəl əhval-ruhiyyədə keçirəcəyəm. Hamıya uğurlar, xoşbəxtlik azrulayıram”.
Əməkdar artist Gülər Nəbiyeva: “Yeni ildə hər il olduğu kimi teatrımızda balaca tamaşaçılarımızın bayram tamaşasında iştirak edib, onları sevindirməyə çalışacağıq. Məncə, aktyor üçün bundan gözəl bayram ola bilməz. Bu il bayram münasibəti ilə “Qar Qızı kim oğurladı?” adlı tamaşa hazırlamışıq. Xoşbəxtlikdən anamın ad günü də Yeni ilə təsadüf edir. Ona görə də bu, mənim üçün ikiqat bayramdır. Hamıya bol ruzi arzu edirəm. Qoy bu Yeni il hamıya səadət gətirsin”.
Əməkdar artist Nahidə Orucova: “Yeni ili Allah qoysa, qızım və rəfiqələrimlə bərabər keçirəcəyəm. Yeni ilan ilində mən bütün xalqımıza can sağlığı, sakit və açıq səma arzulayıram. İnşallah, gələn Yeni ili öz torpaqlarımızda keçirək. Təki əmin-amanlıq olsun. Sizi və ailənizi də təbrik edirəm”.
Aktrisa Əminə Babayeva: “Yəqin ki, bayramı nəvələrimlə və övladlarımla birgə keçirəcəyəm. Yeni ildə sənət yoldaşlarıma, yaxın dostlarıma və ürəyim həmişə onlarla döyünən tamaşaçılarıma, virtual dostlarıma, ilk növbədə, can sağlığı, ruzi-bərəkət arzulayıram. Arzu edirəm ki, bu Yeni ildə həyatlarının ən gözəl, unudulmaz anlarını yaşasınlar”.
Əməkdar artist Firuzə İbadova: “Bayramı ailəmlə birlikdə keçirəcəyəm. İnşallah, əgər bayram proqramlarında qonaq olsam, efirdə görəcəksiniz. Bütün Dünya Azərbaycanlılarını Həmrəylik və Yeni il münasibəti ilə təbrik edirəm. Allah bu Yeni ilimizi ruzili, bərəkətli etsin”.
Aktrisa Məlahət Abbasova: “Bayramı İstanbulda keçirəcəyəm. Bu il işlərim çox olduğundan uşaqlardan ayrı qaldım. Həyat yoldaşım da uzun zamandır işlərindən ötrü Qazaxıstandadır. O da ay sonu gələcək və yəqin ki, hamımız bir yerdə olacağıq”.
Aktrisa Almaz Mustafayeva: “Mən artıq övladlarıma, nəvələrimə, gəlinimə hədiyyə alıb, mağazalarda qoymuşam. İstəyirəm onlara surpriz edim. Yeni il bayramını çox sevirəm. Allahdan arzu edirəm həmişə sevdiklərimin əhatəsində olum. Tamaşaçıların Yeni ilini ürəkdən təbrik edirəm”.
Aktyor Qurban Məsimov: “Yəqin ki, bayramı ailəm ilə keçirəcəyəm. Bunu adətən yeni ilə 3 gün qalmış bilirəm (gülür). Üzümüzə gələn il müdrik ildir, hamımıza müdriklik və qarşılıqlı hörmət arzulayıram. Bütün problemlərin həll açarı bu iki anlamdadır. Bayramınız mübarək”.
Aktrisa Zümrüd Qasımova: “Yeni ili həyat yoldaşımla Uludağda keçirmək fikrimiz var. Türkiyədə, İstanbulda dostlarımız var, onlarla da olmaq istəyirik bayramda. Ən böyük arzum can sağlığıdır. Qoy hamının ətrafında yaxşı və düzgün insanlar olsun”.
Aktyor Anar Heybətov: “Ümumiyyətlə, Yeni ili həmişə evdə qeyd etməyi xoşlamışam. Subay vaxtlarımda restoranlarda aparıcı kimi işləyirdim və elə orada da Yeni ili qeyd edirdim. Artıq ailə qurandan 8 ildir ki, evdə keçirirəm. Bir də ailəvi dostlarımız vardır ki, çox vaxt gecə saat 12-dən sonra bayramımızı təbrik etmək üçün bir-birimizin evində oluruq. 2012 əjdaha ili mənim ilim idi, bu il mənə çox düşərli oldu, 1 qızım da dünyaya gəldi. İlk dəfədir ki, əjdaha ilindən ilan ilinə qızımla bərabər keçəcəyik, inşallah. Bütün xalqımızı Yeni il münasibəti ilə təbrik edirəm. İnşallah, 2013-də qalan bütün arzularımız həyata keçər. Allah hamının ürəyinə görə versin”.
Aktyor Ruslan Sabirli: “Yeni il ailəvi bayram olduğu üçün bu bayram günlərini yaxınlarımın, əzizlərimin əhatəsində keçirməyi düşünürəm. İl ərzində sıx çəkiliş qrafiki səbəbindən onlara lazımi diqqəti göstərə bilmədiyim üçün bayram günlərində bunu kompensasiya etməyi qərara almışam. Məhz Yeni ili isə Azərbaycandan kənarda qəlbimdə olan xanımla qarşılayacağam. Sizin vasitənizlə xalqımıza sülh, əmin-amanlıq, can sağlığı və arzularının həyata keçməsini diləyirəm. Öz yarını tapmayanlara isə Yeni ildə yarlarını tapmağı və xoşbəxtliklərinə qovuşmağı arzulayıram”.
Əməkdar artist Gülüstan Əliyeva: “Yeni ili ailəmlə birlikdə keçirəcəyəm. Bundan başqa bayram proqramlarına da dəvət almışam. Özümə arzuladıqlarımı xalqıma da arzulayıram”.
Aktyor Elxan Rza: “Yeni ilimi həmişə olduğu kimi, bu dəfə də ailəmlə birlikdə keçirmək istəyirəm. Hamıya da arzu edirəm ki, hər şeyin dəyərini bilsinlər. Hər bir kəsə öz dəyərini verməyi bacarsınlar. Sənət, Facebook dostlarımı, yaxınlarımı, əzizlərimi gözəl bayram münasibəti ilə təbrik edirəm”.
Aktrisa Hüsniyyə Əhmədova: “Yeni il ən sevdiyim bayramlardan biridir. Uşaqlıqda bu bayramın gəlişini səbirsizliklə gözləyirdim. Bayramı ailəm ilə doğma şəhərim Bakıda keçirəcəyəm”.
Müğənni Elmirə Ələkbərzadə: “Biz istəyirdik ki, Yeni ili həyat yoldaşım ilə Amerikada qarşılayaq. Sonra fikrimizi dəyişib belə qərara gəldik ki, Yeni ildə bütün ailəmiz ilə birlikdə olaq. Səhərisi gün isə dostlarla”.
Aktyor Elçin İmanov: “Çox güman ki, Yeni ili ailəmlə, oğlumla birlikdə qeyd edəcəyəm. Təbii ki, əgər iş olmasa. Çoxdandır Yeni ili ailəmlə qeyd etmirəm. O ki qaldı Şaxta Baba məsələsinə, bircə onu dəqiq bilirəm ki, Qar Qız olmayacağam (gülür)”.
Teleaparıcı Tunay Əliyeva: “Bayramı evdə atamla birlikdə keçirəcəyəm. Hər kəsə uğurlu, qəzasız-bəlasız, problemsiz, sağlam bir il arzulayıram. Dünyada müharibələrin bitməsini, insanların qanlarının boşuna axmamasını Allahdan diləyirəm! Firavan, əmin-amanlıq və sülh vəziyyətində yaşayaq. Və sonda hər zaman dediyim kimi nə olur-olsun münasibətlərinizdən istilik, dillərinizdən isə sevirəm sözü əskik olmasın”.
Diktor Nəsimi Nəbizadə: “Yeni ili Azərbaycandan kənarda keçirmək istəyirəm. Planımda Moskva və yaxud Kiyev var. Sağ olsun dostlar, dəvət ediblər. 3, 4 günlük bu şəhərlərdən birində olacağam”.
Teleaparıcı Vüsalə Tağıyeva: “Yeni ili evdə ailəmizlə birlikdə keçirəcəyik. Ola bilsin ki, Gəncəyə xalalarımın yanına da gedək. Bütün dostlarımı, tamaşaçıları gözəl bayram münasibəti ilə təbrik edirəm”.
Aktrisa Ülviyyə Əliyeva: “Mən Yeni ili hər il olduğu kimi Tünzalə ilə bərabər restoranlardan birinin səhnəsində keçirəcəyəm”.