BolgeXeber.Com » İqtisadiyyat » Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirilib (FOTO)

Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirilib (FOTO)

27-02-2018, 16:20
Oxunub: 3 553 Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirilib (FOTO)Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, özəl sektorun genişləndirilməsi, yeni müəssisələrin yaradılması iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə bu istiqamətlərin reallaşdırılması məqsədilə həyata keçirilən özəlləşmə prosesi isə mühüm əhəmiyyətə malikdir. Özəlləşmə ilə bağlı tətbiq edilən “Elektron hərrac” xidməti sifarişlərin elektron qaydada verilməsi prosesini olduqca sürətləndirib və investor marağını artırıb. Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir.
Belə müsbət nəticələr Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 fevral tarixində keçirilən növbəti hərracda da müşahidə edilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi hərracda investor kütləsini artırmaqla rəqabət yaradıb. Bəzi əmlakların özəlləşdirilməsi zamanı hərraclarda rəqabətin müşahidə olunması buna əyani sübutdur. Budəfəki hərracda Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracı üzrə təkliflər ard-arda səsləndirilib. Əmlaka 3 nəfər sifariş verib. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 20 dəqiqə rəqabətli hərrac aparılıb. İnvestorlar arasında sağlam çəkişmə əmlakın qiymətini 3 dəfəyədək artırıb. Belə ki, ilkin start qiyməti 250 min manata olan adı çəkilən obyektə ən son 631 min manat təklif edilib.
Qeyri-yaşayış sahələrinin hərracında müşahidə edilən tendensiya nəqliyyat vasitəsinin özəlləşdirilməsində də özünü göstərib. Belə ki, 2 nəfərin sifariş verdiyi VAZ-2106 markalı avtomobilin ilkin start qiyməti 1200 manatdan 1300 manatadək yüksəlib. Bu nəqliyyat vasitəsinin hərracına qoşulan şəxslərdən biri onlayn olaraq qatılıb.
Qeyd edilməlidir ki, budəfəki hərracda özəlləşən 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i iyarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakı, Şirvan və İmişlidə yerləşir. Bakının Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı iaşə obyekti xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 214 kv.m, torpaq sahəsi isə 250 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa İmişli rayonunda yerləşən qeyri-yaşayış binası da sahibi üçün əlverişli əmlakdır.
Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir.
Özəlləşdirilən nəqliyyat vasitələrinin də markaları müxtəlifidir. Avtomobillərin buraxılış tarixləri isə 1989-2005-ci illəri əhatə edir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Dövlət əmlaklarının özəlləşdirilməsi ilə dövlət büdcəsinin üzərinə düşən yük və əlavə dövlət xərcləri azalır. Həmin müəssisələrə böyük həcmli investisiyaların qoyulmasına zəmin yaranır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulmasına və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verir. Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.
Qeyd edilməlidirki, özəlləşmə prosesində 8 elektron xidmətin tətbiqi əmlak sahibi olmaq istəyən vətəndaşları, investorları özünə cəlb edir. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.
Bolgexeber.com
Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirilib (FOTO)
Növbəti hərracda 10 dövlət əmlakı və avtomobillər özəlləşdirilib (FOTO)