loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərkib eyni, qiymət fərqli: – apteklərdəki qiymət fərqinin sirri

Tərkib eyni, qiymət fərqli: – apteklərdəki qiymət fərqinin sirriVahid qiymət siyasəti sahibkarın deyil, daha çox əhalinin maraqlarına uyğun olsa da, bu həyata keçmədi

Bir neçə il öncə Azərbaycanda bütün apteklərdə eyni adlı dərmanların vahid qiymətə satılması ilə bağlı qərar müəyyən qarışıqlığa səbəb oldu. Bəzi apteklərdən dərmanlar yığışdırıldı, gizlədildi və beləcə vahid qiymət siyasəti də “suya düşmüş” oldu.

Bu gün isə eyni adlı və tərkibli dərmanlar apteklərdə müxtəlif qiymətə satılır. Elə bu səbəbdən də həkim resept yazarkən xəstə və xəstə yaxınları bir-bir apteklər gəzməli, dərmanın qiymətləri ilə maraqlanmalı olurlar ki, bu da alıcılara vaxt itkisi ilə yanaşı, əsəb itkisinə başa gəlir. Bir neçə aptekdə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, eyni adlı dərmanlar arasındakı fərq kəskin şəkildə nəzərə çarpır. Qiymət fərqi olan dərmanlar daha çox hamilələr, uşaqlar üçün nəzərdə tutulan, həmçinin təbii otlardan hazırlanan dərmanlardır.

Məsələn, “Biogest” bir aptekdə 48, digərində 50, bəzilərində 45, depolarda isə 40 manata satılır. “Fraksiparin 0.6″ bir aptekdə 14, digərində 15, Qara Qarayev metrosu yaxınlığında isə 12 manat 93 qəpiyə satılır. ”Proloton depo”nun bir ampluası “Həzi Aslanov” metro stansiyası yaxınlığındakı apteklərdə 7-8 manat arasında, “Neftçilər” yaxınlığındakı aptekdə isə 6 manat 90 qəpiyə satılır. Aptek satıcılarından eyni adlı və tərkibli dərmanların niyə fərqli qiymətə satıldığını soruşduqda onlar MDB ölkələrindən gətirilən dərmanların başqa, xaricdən gətirilənlərin isə tamamilə başqa qiymətə satıldığını bildirdilər. Hətta eyni tərkibli dərmanlar var ki, məhz gətirildiyi ölkəyə görə bəzən bir birindən 5-10 dəfə baha qiymət fərqi ilə satılır. Alıcıların isə bəziləri ucuz satılan dərmanlara qaçsa da, bunun tam əksi olaraq bahalı dərmanın daha keyfiyyətli olduğunu deyənlər və buna üstünlük verənlər də var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeydiyyatdan keçən və apteklərdə satılan dərmanların hər birinin keyfiyyətinin yoxlanıldığını, ancaq qiymətlərin təyin edilməsinin Səhiyyə Nazirliyinin səlahiyyətində olmadığını dedi.

Tibb elmləri doktoru, professor Adil Qeybulla apteklərdə qiymətləri tənzimləməyin bazarla bağlı olduğunu dedi: “Apteklər dərmanların satışı ilə məşğul olan bir kommersiya müəssisələridir. Tarif Şurası bir ara buna müdaxilə etdi. Ancaq gördünüz ki, bu müdaxilənin bir əhəmiyyəti olmadı. Bəzi dərmanlar yoxa çıxdı, bəziləri bir müddət olmadı, bəzilərinin də qiymətləri dəyişdi və sairə. Ayrı-ayrı apteklərdə dərmanların fərqli qiymətə olması çox təbii bir prosesdir. Bu, aptekin böyüklüyündən, mərkəzdə yerləşməsindən, icarə haqqından da asılıdır. Sovet dövrü deyil ki, bütün dərmanların qiymətində ümumiləşdirmə olsun. Aptek depodan gedib dərman götürür və üzərinə 18 faiz qoyub satışa buraxır. Apteklər dərmanlara istənilən qiyməti qoymaqda müstəqildir. Əslində Azərbaycana gələn dərman vasitələrinin qiymətləri haqqında biz o qədər düşünməməliyik. İcbari tibbi sığorta və bura daxil olan vacib dərmanlar haqqında düşünməliyik. Bu məsələ həll olunsa, insanlar bu qədər əziyyət çəkməzlər.

Antibiotiklərin müəyyən sırası, iltihab əleyhinə maddələrin, hormonal preparatların və sairə çox saylı dərmanların nümayəndələrinin dövlət sığorta paketinə daxil edilməsi o deməkdir ki, bunlar pulsuz olaraq xəstələrə verilməlidir. Belə olan təqdirdə isə xəstə artıq düşünmür ki, hansı aptekdə qiymət necədir. Təbii ki, eyni zamanda daha keyfiyyətli və bahalı antibiotiklər və digər dərmanlar da ola bilər və insanlar istədiyi halda onlardan istifadə edə bilər. Bu baxımdan dərmanların qiymətinin unikal satışı dünyanın heç yerində yoxdur. Siz Almaniyaya da getsəniz görəcəksiniz ki, müxtəlif yerlərdə qiymətlərdə fərqlər var”.

Onu da qeyd edək ki, son zamanlarda apteklərin şüşələrində “pulsuz göz müayinəsi” yazısına da rast gəlirik. “Həzi Aslanov” metro stansiyası yaxınlığında bu cür xidmət təklif edən apteklərdən birinə yaxınlaşdıq. İçəri daxil olduqda pulsuz göz müayinəsi edib gözümüzə uyğun eynəyi yazdıqlarını bildirdilər. Göz müayinəsi edəcək şəxsin göz həkimi olub-olmadığını soruşduqda, o, bu sahənin mütəxəssisi olduğunu desə də, bunu təsdiq edəcək diplom və ya sertifikat göstərə bilmədi. Digər aptekdə isə satıcı göz müayinəsinin həyata keçdiyini, ancaq bunu edən şəxsin həkim yox, sadəcə olaraq, bu işdən başı çıxan birinin olduğunu dedi.

Xatırladaq ki, göz insan həyatı üçün ən önəmli orqandır və gözlə oyun olmaz. Buna görə də mütəxəssislər əhaliyə bu cür göz müayinəsi təklif edən apteklərə gözlərini müayinə etdirərkən diqqətli olmağı tələb edir. Bu cür xidmət təklif edən şəxsdən bu sahəyə dair biliyini təsdiq edəcək diplom və ya sertifikat tələb edilməsinin vacib olduğunu bildirən mütəxəssislər mümkün olmadıqca bu cür insanların təyin etdikləri optik eynəklərdən istifadə etməməyi, yalnız professional göz həkimi müayinəsindən sonra hər hansı bir addım atmağı tövsiyə edir.
“Yeni Müsavat”

Поделиться ссылкой:
Bölmə: Analitika | 01 mart 2018 16:14 | Baxış sayı: 470





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: